Azərbaycan-İran sərhədində atışma: “6 silahlı şəxs sərhədi pozmaq istəyib”

Ostair, Yardımlı Fotonun müəllifi dsx.gov.az
Image caption Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində İrandan keçən 6 silahlı şəxs sərhədçilərə "atəş açıb"

Çərşənbə axşamına keçən gecə Azərbaycan-İran sərhəddində atışma olub, "bir nəfər ölüb", Dövlət Sərhəd Xidməti bildirib.

Qurumun son günlərdə paylaşdığı məlumatlara əsasən, bu, son iki gündə İranla sərhəddə ikinci hadisədir.

Qurumun açıqlamasına görə, Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan keçən altı silahlı şəxs "dayan" əmrinə və xəbərdarlıq atəşinə məhəl qoymayıb və sərhədçilərə atəş açıblar.

DSX atışma nəticəsində sərhədi qanunsuz keçmək istəyənlərdən birinin öldüyünü bildirib.

"Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçmışlar", məlumatda deyilir.

DSX bildirir ki, hadisə yerindən 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Dövlət Sərhəd Xidməti bundan əvvəl bildirib ki, ötən bazar günü Fizuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəddinin pozulmasına cəhd olmuşdu.

DSX-nin yaydığı məlumata görə, sərhəddi qanunsuz keçmək istəyənlər sərhədçilərə silah açmış, nəticədə bir Azərbaycan sərhədçisi həlak olmuşdu.

Bu barədə daha geniş