Vəkillər Kollegiyası onun xərclərini sorğulayan vəkili cəzalandırırmı?

Adil İsmayılov, Anar bağırov, Vəkillər Kollegiyası Fotonun müəllifi Azertag, Adil Ismayılov

İnsan haqları işlərinə çıxan vəkil Adil İsmayılov izahat yazmaq üçün Vəkillər Kollegiyasına çağrılıb, amma o bundan imtina edib.

BBC News Azərbaycancaya açıqlamasında Adil İsmayılov barəsində şikayət olduğunu söyləyib. Cənab İsmayılovun sözlərinə görə, iki həmkarı onu Vəkillər Kollegiyasının rəhbərliyi haqqında sosial şəbəkədə "böhtan xarakterli məlumatlar yaymaqda" ittiham edir: "Onlar iddia edirlər ki, onların şərəf və ləyaqətinə toxunmuşam",- Adil İsmayılov bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC News Azərbaycancaya deyib ki, onlar tənqidin, şikayətin tərəfdarıdırlar, "amma təhqir etmək, kiməsə böhtan atmaq, kimisə cinayətdə ittiham etmək yolverilməzdir".

Vəkillər Kollegiyası və Adil İsmayılov arasında narazılıq onun quruma Facebook sosial şəbəkəsində müraciətindən sonra yaranıb, vəkil İsmayılov deyib.

O istəyib ki, Vəkillər Kollegiyası istifadə etdiyi binaya icarə üçün ödənilən məbləğ, həmin binanın kimə məxsus olması və yığılan üzvlük haqlarının xərclənməsilə bağlı məlumat alsın: "Bu sualları vermək mənim hüququmdur, cavab vermək onların borcudur, vəzifəsidir. Çünki mən Vəkillər Kollegiyasının üzvüyəm və həm də bu qurumun təsisçilərindən biriyəm",- cənab İsmayılov bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Adil İsmayılovla yaranmış bu narazılığı "öz aralarında həll etmək" istəyir. "Bu məsələnin radio stansiyalara nə aidiyyatı var" deyə Anar Bağırov BBC News Azərbaycancaya açıqlamasında vəkilliyin "maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlərin vəkillərə aid" odluğunu vurğulayıb.

O deyib ki, Vəkillər Kollegiyası ictimai təşkilat, ictimai birlik deyil: "Çoxları bunu səhv salır, bizim fəaliyyətimiz ayrıca qanunla tənzimlənir. Biz peşə birliyiyik və statusumuz tam fərqlidir. Bu gün VK könüllülük əsasında üzvlər qəbul etmir, xüsusi qəbul proseduru var. İctimai birliklər üzvlərini intizam məsuliyyətinə cəlb eləmir, amma bizdə bu səlahiyyət də var",- Anar Bağırov əlavə edib.

"Nəyə görə?"

Vəkil İsmayılovun sözlərinə görə, o, VK-na həm üzvlük haqqı, həm də bundan əlavə, müdafiə etdiyi işlərdən aldığı qonorardan hər ay iki faiz qurumun sığorta fonduna vəsait ödəyir.

Adil İsmayılov deyib ki, aylıq üzvlük haqları minimum əmək haqqına bağlandığından minimum əmək haqqı artdıqca vəkillərin də üzvlük haqqı artır: "Son artımdan sonra üzvlük haqqı 52 manatdan 72 manata qədər artıb".

Fotonun müəllifi Adil İsmayılov

Adil İsmayılov vəkillərə daha bir ödəniş təyin olunduğunu söyləyib: "İşə çıxanda hər bir vəkil order alır. Hər vəkil iştirak etdiyi hər bir işdən order üçün on manat əlavə marka pulu ödəməlidir. Orta hesabla, hər vəkil ayda üç işə çıxır və deməli, hər ay 30 manat marka pulu ödəyir. Bu da o deməkdir ki, 1500 vəkildən hər ay quruma təxminən 45 min manat vəsait gedir. Hətta elə vəkillər var ki, ayda yeddi-səkkiz və daha çox işə çıxır".

O əlavə edib ki, prezident sərəncamı ilə 2018-ci ildə vəkilliyin inkişafı üçün 1 milyon manat ayrılıb.

"Mən bir vətəndaş kimi, vəkil kimi bu vəsaitin hara xərcləndiyini bilmək istəyirəm" deyən Adil İsmayılov iki həmkarının onun barəsində şikayət etməsini də elə buna bağlayır. Bunu özünə "təzyiq" sayan vəkilin sözlərinə görə, nə olur-olsun, suallarına cavab almaqda israrlıdır.

Fotonun müəllifi barassociation.az

Sədr Bağırov bildirib ki, VK-ı qanunla nəzərdə tutulmuş qaydada, VK-nın nizamnaməsinə əsasən müvafiq qaydada hesabatlar verir.

"Nəyə görə VK maliyyə hesabatını dərc etməlidir? Belə bir qayda var?"- Anar Bağırov sual edib.

Buna kimindir?

Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasının kimə məxsus olması barədə suala cavabda isə sədr bildirib ki, bina özəl qurumdan icarəyə götürülüb.

"Vəkillərə aid olmayan şəxlərdən icarəyə götürülüb. Nə mən, nə də başqa vəkillərə aidiyyatı olan şəxslərdən icarəyə götürülüb. Elə bir məsələdir ki, bu, kommersiya məsələsidir və mülkiyyətçinin adını yaymağa borclu deyilik. Bu, düzgün deyil".

O, məsləhət görüb ki, bu məsələdə "maraqlı olanlar Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətindən binanın mülkiyyətçisini" öyrənə bilərlər.

Vəkillər Kollegiyasında Adil İsmayılovla bağlı şikayətə gəlincə, Anar Bağırov deyib ki, onlar tənqidin, şikayətin tərəfdarıdırlar, "amma təhqir etmək, kiməsə böhtan atmaq, kimisə cinayətdə ittiham etmək yolverilməzdir".

O əlavə edib ki, konkret şikayət motivinə gəlincə, bunu həmin vəkillərdən soruşmaq lazımdır.

Bu barədə daha geniş