Bakıya endirilən təyyarənin sərnişinləri "sabah Moskvaya yola düşəcək"

təyyarə Fotonun müəllifi Getty/SOPA Images

Partlayıcı qurğu olması şübhəsi ilə Bakıya təcili eniş etmiş təyyarə "martın 12-si səhər saatlarında Moskvaya yola düşəcək".

AZAL-ın yaydığı məlumatda həmçinin deyilir ki, Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək.

"Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən "Uralskiye Avialinii" aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir", məlumatda deyilir.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC News Azərbaycancaya deyib ki, "təyyarədəki bütün sərnişinlər təxliyyə olunub və hazırda terminaldadırlar".

Ural Hava yollarının kapitanı təyyarədə bomba olmasından şübhələndiyi üçün təyyarəni Bakıya endirib.

Bəhreyndən Moskvaya uçan Airbus A 321 təyyarəsi bazar ertəsi günü günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Sərnişinlərin təcili təxliyəsinə qərar verilib, Bakı hava limanının mətbuat xidmətindən bildirilib.

Bu barədə daha geniş