AZAL qəzaya düşmüş Boeing 737 MAX-8 təyyarə modelindən 10 ədəd alıb

Boeing 737 Max-8 Fotonun müəllifi Boeing

"Bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcək".

Azərbaycan Hava Yollarının məlumatına görə, bunu şirkətin prezidenti Cahangir Əsgərov deyib.

Məlumatda deyilir ki, "Boeing 737 MAX-8 təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır".

"Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilmişdir - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası - laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır", - Cahangir Əsgərov qeyd edib.

Cənab Əsgərov əlavə edib ki, "yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar Azərbaycana çatdırılma zamanı tamamilə aradan qaldırılacaq".

Boeing 737 Max

Boeing 737 Max təyyarələri şirkətin 737 seriyasının ən uğurlu təyyarələridir. Bu seriyaya Max 7, 8, 9 və 10 modelləri aiddir.

Yanvar ayının sonunda Boeing şirkəti sifariş olunmuş 5011 Max 8 model təyyarələrinin 350-ni artıq sifarişçilərə çatdırıb. Max 9 modelinin bir sıra təyyarəsi də artıq uçuşları yerinə yetirməkdədir.

Max 7 və 10 modelləri isə hələlik sifarişçilərə çatdırılmayıb və çatdırılmanın yaxın bir neçə ildə olacağı gözlənilir.

Son 5 ayda iki qəza

Bazar günü Efiopiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə təyyarədə olan 149 sərnişin və 8 nəfər uçuş heyətinin üzvü ölüb, hava yolları şirkəti bildirib.

Bundan sonra Çin, Cənubi Koreya, Malayziya bu model təyyarənin uçuşuna qadağa qoymuş, digər bir neçə ölkələr isə istehsalçı şirkətdən təhlükəsizlik qaydalarına yenidən baxılmasını tələb etmişdi.

Sinqapur və Avstraliya da Boeing 737 Max təyyarəsinin öz ölkələrinə və ölkələrindən uçmasına müvəqqəti qadağa qoyub.

Britaniya da çərşənbə günü öz hava məkanında bu təyyarələrə qadağa qoyub.

Boeing 737 Max təyyarəsinin insan ölümünə səbəb olduğu son beş ayda ikinci qəzasıdır.

Oktyabr ayında İndoneziya hava şirkətinə məxsus bu təyyarə modelinin qəzaya uğraması nəticəsində 189 insan həlak olub.

Bu barədə daha geniş