Meydan TV-nin direktoru Emin Milli əfv sərəncamına görə İlham Əliyevi təbrik edib

"siyasi məhbus" hesab edilənlər

Sosial şəbəkələrdə prezident İlham Əliyevin şənbə günü imzaladığı əfv sərəncamına görə dövlət başçısını təbrik edənlər də var, bu əfvin Azərbaycanda "siyasi məhbus" problemini bitirmədiyini söyləyənlər də.

Əfv sərəncamı ilə 14 il idi ki, həbdə olan keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, "heykəl məhbusları" kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov, 2013-cü ildə keçirilmiş "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadə də azadlığa çıxıb.

Azərbaycan hökuməti "siyasi məhbus" məsələsinə görə həm yerli, həm də beynəlxalq təşkilatların tənqidləri ilə üzləşib. Ölkə rəsmiləri bu ittihamları qəbul etmir və Azərbaycanda heç bir vətəndaşın siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Bəs bu əfv sərəncamını sosial media istifadəçiləri necə qarşılayıb?

Meydan TV-nin direktoru Emin Milli əfv sərəncamına görə İlham Əliyevi "təbrik edib".

O Facebook statusunda qeyd edib ki, hər zaman "tənqid edən vətəndaş" olsa da, bu gün prezidentə təşəkkür etmək istəyir və düşünür ki, bu əfv sərəncamında ictimai fikrin böyük rolu olub.

"Azərbaycanda 127 siyasi məhbus var. Onların günahsız həbsə atıldığı istər ölkə ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə bəllidir. Hesab edirəm ki, bu gün onların bir qisminin azad edilməsi zəifliyin deyil, məhz real siyasi gücün və özünəəminliyin nümayişidir".

Emin Milli əlavə edib ki, Azərbaycana qayıtmaq və İlham Əliyevdən müsahibə almaq arzusundadır.

Bəziləri hazırda Berlində yaşayan və siyasi səbəblərdən Azərbaycana gələ bilməyən Emin Millini bu bəyanatına görə tənqid etsə də, digərləri alqışlayıb.

Millət vəkili Məlahət İbrahimqızı yazıb ki, "İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı insan hüquq və azadlıqları sahəsində dövlət siyasətinin humanist prinsiplərindəndir".

Hüquq müdafiəçisi Rəsul Cəfərov bu sərəncamı hakimiyyətin son illər ərzində atdığı "nadir düzgün addımlardan biri" kimi qiymətləndirir.

O əlavə edib ki, "siyasi iradə olduğu təqdirdə siyasi məhbus problemini birdəfəlik çözmək mümkündür".

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Azərtac-a verdiyi müsahibəsində əfv sərəncamını qiymətləndirərək qeyd edib ki, bu, Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi"

Araşdırmaçı jurnalist Xədicə İsmayılın fikrincə, "onların əksəriyyəti bircə gün də həbsdə olmamalı idi. İtirilən illər və ayların da hesabı sorulacaq. Amma biz sevinirik".

"Əgər siyasi məhbusları azad etmə siyasəti davam edəcəksə, hökuməti irəli addım atmağa güc və iradə tapdığı üçün təbrik edirəm. Bu, geri çəkilmə deyil, irəli addımdır", - o qeyd edib.

Hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov "Siyahı tutanların siyahısını bəzəmək üçün kimsə qaldı?" deyə sual edib.

Bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbus" kimi tanıdığı şəxslər də əfv olunub. Keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP üzvü Murad Ədilov, ictimai fəal Elgiz Qəhrəman da əfv siyahısına düşüb.

Ömürlük həbs cəzası almış 3 məhbusun cəzası dəyişdirilərək onların həbs müddəti 20-25 ilə kimi endirilib.

Əfv sərəncamı 400-dən çox məhbusa şamil edilib.

Sonunc əfv sərəncamı ötən il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bağlı verilmişdi. O zaman 634 məhbus əfv edilmişdi. Bəzi yerli hüquq müdafiəçiləri onlardan yalnız 12-sinin "siyasi məhbus" olduğunu bildirmişdi.

Bu barədə daha geniş