Əfvlə azadlığa çıxmış Gözəl Bayramlı: "Öz mətinliyimi qorudum"

Video açılmırsa, burada izləyin.

Bazar günü prezident İlham Əliyevin şənbə günü imzaladığı əfv sərəncamının icrasına başlanıb.

İki il həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa buraxılmasında "əməyi olan hər kəsə" təşəkkür edib.

Həbsindən qabaq hakimiyyəti sərt tənqidinə görə xəbərdarlıq aldığını deyən Gözəl Bayramlı iki il ailəsindən, yaxınlarından uzaq qalmasının, cəmiyyətdən təcrid edilməsinin "xoş bir hal" olmadığını deyib.

"Amma bir daha əmin oldum ki, insan mübarizənin bütün mərhələlərində öz mətinliyini, öz cəsarətini qoruyub saxlamalıdır. Mən də digər siyasi məhbuslar kimi mətinliyimi qorudum və elə bu saatlardan da öz siyasi fəaliyyətimə qayıdacam".

O, BBC News Azərbaycancaya açıqlamasında deyib ki, siyasi fəaliyyətinə daha bir istiqamət əlavə olunub. "Həbsdə çoxlu qadınlar var, mən onların azadlığa buraxılması üçün də çalışacam", Gözəl Bayramlı bildirib.

Azad edilənlər arasında keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı, "heykəl məhbusları" kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov, 2013-cü ildə keçirilmiş "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadənin də adı var.

Bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbus" kimi tanıdığı şəxslər də əfv olunub.

Keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP üzvü Murad Ədilov, ictimai fəal Elgiz Qəhrəman da əfv siyahısına düşüb.

Ömürlük həbs cəzası almış 3 məhbusun cəzası dəyişdirilərək onların həbs müddəti 20-25 ilə kimi endirilib.

Bəzi yerli hüquq müdafiəçiləri bildiriblər ki, təxminən 50 "siyasi məhbus" əfv edilib.

Əfv sərəncamı ümumilikdə 400-dən çox məhbusa şamil edilib.

Sonuncu əfv sərəncamı ötən il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bağlı verilmişdi. O zaman 634 məhbus əfv edilmişdi.

Bəzi yerli hüquq müdafiəçiləri onlardan yalnız 12-sinin "siyasi məhbus" olduğunu bildirmişdi.

Azərbaycan hökuməti "siyasi məhbus" məsələsinə görə, həm yerli, həm də beynəlxalq təşkilatların tənqidləri ilə üzləşib. Ölkə rəsmiləri bu ittihamları qəbul etmir və Azərbaycanda heç bir vətəndaşın siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Bu barədə daha geniş