İlkin Rüstəmzadə: "Gözləmirdim, mənə qarşı müəyyən münasibət var idi"

Video açılmırsa, burada izləyin.

Əfv fərmanı ilə azadlığa çıxmış N!DA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə BBC News Azərbaycancaya bildirib ki, azadlığa çıxacağını gözləməyib.

"Mənə qarşı müəyyən bir münasibət var idi" deyən Rüstəmzadə bunun səbəbini bilmədiyini qeyd edib.

"Bu barədə hakimiyyət daha geniş məlumata malikdir ki, niyə məhz mən".

O müsahibəsində həmçinin həbsxanada "informasiya blokadasında olduğunu" qeyd edib.

İlkin Rüstəmzadə bundan əvvəl də məhbəsdə pis rəftara məruz qaldığını deyib. Penitensiar xidmət ona qarşı "qərəzin" olmadığını bildirib.

Prezident İlham Əliyev şənbə günü əfv sərəncamı imzalayıb və "siyasi məhbus" kimi tanınan onlarla şəxs azadlığa çıxıb.

Millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya bildirib ki, prezident İlham Əliyev üçün "kiminsə siyasi mənsubiyyəti, kiminsə hansısa siyahıda olub-olmaması" əhəmiyyət daşımayıb və törətdiyi əməldən peşmançılıq çəkən, cəmiyyət üçün artıq təhlükəli olmayan məhbuslar əfv komissiyasının süzgəcindən keçərək azadlığa buraxılıblar.

NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb.

Beynəlxalq insan haqları təşkilatları onun həbsini siyasi motivli hesab etsə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş