Vəkillər Kollegiyasına alternativ qurum yaradıla bilərmi?

FƏRHAD MEHDİYEV Fotonun müəllifi FƏRHAD MEHDİYEV

Azərbaycanda bir neçə vəkillər kollegiyası və ya regional vəkillər kollegiyası yaradıla bilər, Azərbaycanda vəkillər belə hesab edir.

İkinci belə bir quruma ehtiyac olması barədə arqumentlər, hökumət tənqidçilərinin işlərini aparan vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırılmasından sonra səslənir.

2018-ci ildə Vəkillər Kollegiyasından uzaqlaşdırılan İradə Cavadova hesab edir ki, alternativ vəkillər kollegiyalarının yaradılması rəqabətə səbəb ola bilər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə deyir ki, "alternativ vəkillər kollegiyasına heç bir ehtiyac yoxdur".

Alternativ kollegiyalara niyə ehtiyac var?

Azərbaycanda 2017-ci ilədək nümayəndəlik institutunun üzvləri mülki və inzibati işlərdə vətəndaşları təmsil edə bilirdi. Lakin nümayəndəlik institutunun həmin ilki ləğvindən sonra, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar məhkəmə təmsilçiliyindən məhrum oldular.

Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyini həyata keçirə, hüquqi məsələlərdə şifai və yazılı məsləhətlər, izahat və arayışlar verə, ərizə, şikayət və digər hüquqi sənədlərin tərtibində kömək edə, fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərə bilərlər.

Dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev hesab ki, "vəkili kollegiyadan uzaqlaşdırmaq çox ağır cəzadır" və "uzaqlaşdırma metodu bir növ başqalarına nümunə kimi istifadə olunur".

Onun sözlərinə görə, alternativ və ya regional kollegiyaların yaradılması bu kimi məsələlərin həllinə kömək edə bilər.

Cənab Mehdiyev əlavə edir ki, Vəkillər Kollegiyasından uzaqlaşdırılan vəkillərin demək olar ki, hamısı Avropa Məhkəməsinə müraciət edir, amma müraciətə baxış vaxtı uzun çəkdiyi üçün bu neçə illər ərzində vəkillərin peşə fəaliyyəti dayandırılır, sosial həyatı dağılır.

"Faktiki olaraq bu insanları "sosial ölümə" tərk edirlər və bununla da digər vəkillərin də gözü qorxudulur ki, baxın, siz əgər belə şey etsəniz, sizi də eyni tale gözləyir. Bütün bunlar SSRİ idarəçilik sistemini xatırladır, yəni, heç kim şikayətlənməsin, problemi dilə gətirməsin", - o qeyd edir.

2018-ci ildə Vəkillər Kollegiyasından uzaqlaşdırılan İradə Cavadova düşünür ki, alternativ vəkillər kollegiyalarının yaradılması ilə təzyiqlər də azala bilər.

"Əgər alternativ vəkillər kollegiyaları yaradılarsa, burada həm rəqabət olar, həm yaxşı işləyərlər, həm də basqı azalar. Əgər bir kollegiya varsa, vəkil məcburdur ki, o kollegiyanın üzvü olsun və peşəsini davam etsin. Bir çoxları işini itirməmək üçün səsini çıxara bilmir, ürəyində digərilərilə razıdır, amma danışa bilmir. Bu hallar olmasın deyə bir neçə kollegiya və ya regional kollegiyalar yaradıla bilər".

"Bir vəkil görsə ki, digər vəkillər kollegiyasının sədri və ya rəyasət heyəti basqı göstərmir, təsir etmir, vəkilin arxasında durur, istəyəcəksə, ərizəsini yazıb çıxacaq, digər kollegiyaya keçəcək. Və yaxud məsələn, əgər bir kollegiyada üzvlük haqqı 60 manatdırsa, bəlkə digəri onu 40 manat edəcək?"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov hesab edir ki, "alternativ vəkillər kollegiyasına heç bir ehtiyac yoxdur".

Onun sözlərinə görə, ikinci bir qurumun yaradılması Azərbaycanda vəkilliyi zəiflədə bilər.

"Bunun nə hüququ əsası var, nə də vəkilliyin inkişafına xidmət edir. Təcrübə göstərir ki, bu kimi hallar olan ölkələrdə vəkillər yenidən birləşib bir assosiasiya yaradır", - cənab Bağırov əlavə edir.

Fotonun müəllifi Azertag

Vəkillər kollegiyadan niyə uzalaşdırılır?

Son illərdə bir neçə tanınmış vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev, İradə Cavadova da var.

Bu vəkillər daha çox siyasi baxışlarına görə təqib olunduqlarını deyən şəxsləri müdafiə edən vəkillər hesab olunurlar və onlar hesab edirlər ki, müvəkkillərin üzləşdiyi qanun pozuntularını ictimailəşdirdikləri üçün "cəzalandırılıblar".

Peşəkar karyerasında ən çox "siyasi məhbus" adlandırılan şəxslərin müdafiəsinə görə tanınan vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 2017-ci ildə qurumdan uzaqlaşdırılıb.

Qərara səbəb Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun vəkil barədə sentyabr ayında ünvanlandırdığı şikayəti olub, Yalçın İmanov BBC Azərbaycancaya bildirib.

Oqtay Məmmədovun şikayətinə səbəb Yalçın İmanovun müdafiə etdiyi "Nardaran məhbusu" Abbas Hüseynov barədə işgəncə iddiasıdır.

Yalçın İmanov həm də araşdırmaçı jurnalist Xədicə İsmayılın vəkili olub.

Vəkillər Kollegiyasına üzvlükləri 2018-ci ildə bir illik dayandırılan vəkillər isə Əsabəli Mustafayev və Nemət Kərimli olub.

Əsabəli Mustafayev qaçaqmalçılıq ittihamı ilə üç il həbs cəzası almış AXCP sədrinin müavini Gözəl Bayramlının, Nemət Kərimli isə dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə ittiham edilərək 6 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Muxtarlının vəkilidir.

Vəkillər deyir ki, ötən ilin oktyabrında baş prokurorun birinci müavini Rüstəm Usubov dörd vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib və onlar barədə Kollegiyanın qərarı məhz bu müraciətlə bağlıdır.

Müraciətdə Rüstəm Usubov vəkilləri istintaq sirlərini yaymaqda və məsələləri siyasiləşdirməkdə ittiham edib, vəkillər deyir.

Vəkillər Kollegiyası isə bildirir ki, verilmiş qərarda "heç bir qərəz" yoxdur və kollegiyada "bütün məsələlərə obyektiv baxılır".

"Son illərdə vəkillər ancaq üzvlük haqqını ödəmədiklərinə görə və ya ciddi pozuntulara yol verdiyinə görə kollegiyadan çıxarılıb. Ciddi pozuntulara yol verən vəkillər isə bütün dünyada kollegiyadan uzaqlaşdırılır", kollegiyanın sədri Anar Bağırov BBC News Azərbaycancaya deyib.

İnsan haqları işlərinə çıxan vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının xərclərini sorğuladıqdan sonra izahat yazmaq üçün kollegiyaya çağrılıb.

BBC News Azərbaycancaya açıqlamasında Adil İsmayılov qeyd edib ki, iki həmkarı onu Vəkillər Kollegiyasının rəhbərliyi haqqında sosial şəbəkədə "böhtan xarakterli məlumatlar yaymaqda" ittiham edir.

"Onlar iddia edirlər ki, onların şərəf və ləyaqətinə toxunmuşam",- Adil İsmayılov bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov BBC News Azərbaycancaya deyib ki, Adil İsmayılovla yaranmış bu narazılığı "öz aralarında həll etmək" istəyir.

Fotonun müəllifi FƏRHAD MEHDİYEV

Yeni kollegiya necə işləyə bilər?

BBC News Azərbaycancaya danışan dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev hesab edir ki, ölkədə birdən çox vəkillər kollegiyasının olması fikri müsbət haldır, amma bunun üçün qanunlar dəyişdirilməlidir.

Onun sözlərinə görə, ölkədə bir neçə vəkillər kollegiyasının olması Avropa praktikasında mövcuddur və bunlar adətən regional vəkillər kollegiyaları olur.

"Türkiyədə hər regionun öz vəkillər kollegiyası var, məsələn, Antalya, Gaziantep və s. Bir də bütün vəkillər kollegiyalarının birləşdiyi konfederasiya var".

Cənab Mehdiyev deyir ki, hər bir ərazi vahidinin özünün vəkillər kollegiyasının olması mümkündür və bu, heç bir qarışıqlığa səbəb olmayacaq. Çünki həmin ərazi vahidində qeydiyyatda olanlar o kollegiyaya qoşula biləcəklər.

"Bir neçə kiçik ərazi vahidlərini birləşdirmək də olar. Məsələn, qaydalar qoymaq olar ki, kollegiyalar əhalisi 500 mindən çox olan ərazilərdə yaradılsın. Ölkə üzrə təxminən 20 vəkillər kollegiyası ola bilər. Bakıdakı Vəkillər Kollegiyası isə dəyişdirilib Bakı Şəhər Vəkillər Kollegiyası ola bilər".

Fərhad Mehdiyev düşünür ki, hazırda fəaliyyət göstərən Vəkillər Kollegiyası "qanun üzərində faktiki olaraq azaddır, əslində isə de-fakto azad deyil", buna görə də alternativ kollegiyalar yaratmaqla yanaşı mövcud kollegiyanın idarəçiliyinə demokratikləşmə gətirmək lazımdır.

O təklif edir ki, idarəçilikdə müstəqilliyi təmin etmək üçün rəyasət heyəti və sədr birbaşa vəkillər tərəfindən seçilsin, bütün vəkillər öz namizədliyini verə bilsin və təkrar seçkilər ləğv olunsun. Təkliflərdən biri də odur ki, vəzifədə qalma müddətinə məhdudiyyət qoyulsun.

Fərhad Mehdiyev 2008-ci ildən Abşeron rayon hüquq məsləhətxanasının üzvü olub. Onun sözlərinə görə, hüquqşünaslıqla yanaşı müəllimliklə də məşğul olub və buna görə 2012-ci ildə öz istəyi ilə üzvlükdən çıxıb.

2016-cı ildə üzvlüyə bərpa olunduqdan bir həftə sonra çıxarılıb və 2018-ci ildə bununla bağlı Avropa Məhkəməsinə müraciət edib. Hazırda işə baxılır.

Image caption İradə Cavadova

2018-c ildə Vəkillər Kollegiyasından uzaqlaşdırılan İradə Cavadova hesab edir ki, alternativ vəkillər kollegiyası məsələsi qanunvericilikdə hələ ki, öz əksini tapmayıb, amma buna müəyyən dəyişiklik etmək olar.

"Hesab edirəm ki, belə bir dəyişiklik etmək olardı ki, kollegiyanın üzvləri məsələn, 1500, 1800 və ya 2000-ə çatdırıldıqda artıq digər alternativ kollegiyanın yaradılması mümkün ola bilər".

O, yaradıla biləcək kollegiyanın adının "Müstəqil Vəkillər Kollegiyası" olmasını təklif edir və düşünür ki, bu kollegiya "müstəqil vəkilləri özündə birləşdirə bilər".

İradə Cavadova müqavilə bağlamadan vəkillik xidməti göstərməkdə ittiham olunaraq Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Fotonun müəllifi Azertag
Image caption Vəkillər Kollegiyasının sədri Anar Bağırov

"İki parlament yaradaq, iki eyni nazirlik yaradaq..."

BBC News Azərbaycancaya danışan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sözlərinə görə, bütün beynəlxalq hesabatlarda bir vəkillər kollegiyasının olması üstün tutulur.

"Bu gün beynəlxalq aləmdə, vəkilliklə bağlı beynəlxalq hesabatlarda, Azərbaycana aid hissədə də, həmçinin Avropa Şurası və Avropa Birliyinin bir neçə il əvvəl tərtib etdiyi Şərq Tərəfdaşlığı ölkələrində vəkilliyin inkişafı ilə bağlı hesabatında da göstərilir ki, hazırda hər bir ölkədə vəkilləri birləşdirən vahid peşə birliyinin olması vacibdir və buna ehtiyac var.

Hətta Ukraynada bir neçə kollegiya vardı və Avropa ekspertlərinin buna qarşı çıxış etməsindən sonra Ukraynada vahid vəkillər kollegiyası yaradıldı. Yəni yanaşma odur ki, bütün ölkələrdə bir vəkillər kollegiyası ola bilər".

Cənab Bağırov alternativ vəkillər kollegiyalarının yaradılmasını alternativ dövlət qurumlarının yaradılması ilə müqayisə edib.

"Bu ona bənzəyir ki, iki parlament yaradaq, iki eyni məsələ ilə məşğul olan nazirlik yaradaq və yaxud iki auditorlar palatası yaradılsın. Bu harada görülüb axı? Türkiyədə 125 min vəkil var, amma bir vəkillər kollegiyası var. "

Anar Bağırov qeyd edib ki, təkcə Naxçıvanda ayrı vəkillər kollegiyası var, amma o da Bakıdakı vəkillər kollegiyasının tərkibindədir və ona tabedir.

Anar Bağırov deyir ki, "Azərbaycan yeganə ölkədir ki, vəkillər təqib olunmur. Başqa ölkələrdə isə onların fəaliyyətinə o qədər müdaxilə olunur ki, heç deyiləsi deyil".

O deyir ki, hazırda kollegiyanın 1500-dən çox üzvü var və bu say yetərli olmasa da, müsbət artım tendensiyası var.

Bu barədə daha geniş