OPEC+Bakı görüşündən nə gözləməli?

neft Fotonun müəllifi Getty Images

Ötən həftə OPEC təşkilatının Nazirlər Komistəsinin (OPEC+ formatında) Bakıda keçirilən son toplantısını bu ilin aprel ayında Vyanada keçiriləcək toplantıya hazırlıq kimi də qəbul etmək olar.

Apreldə Vyanada keçiriləcək OPEC+ iclasında təşkilata üzv ölkələrin neft hasilatının həcminə dair müqavilənin taleyi haqda yekun qərar veriləcəyi gözlənilir.

Bir neçə il öncə dünya neft bazarında başlayan böhran dünyanın əsas neft ixracatçısı olan ölkələrdə iqtisadi geriləmə və defisitlə müşahidə olundu.

Neft bazarında dərinləşən böhranın qarşısını almaq məqsədilə OPEC üzvü olan ölkələr və qeyri-üzv ölkələr (Rusiya, Azərbaycan da daxil olmaqla) arasında əldə edilən razılaşmaya əsasən, neft hasilatı 1,2 milyon barel azaldılmalı idi. Qeyri-üzv ölkələr isə hasilatı 400 min barel, Azərbaycan tərəfi, müqavilə şərtinə əsasən, 776 min barel azaltmalı idi.

İlk razılaşma əldə edilsə də, sonradan tətbiq olunan kvota ilə bağlı üzv ölkələr arasında vahid konsensusun olmaması, habelə hasilat həcminin azaldılmasının neftin qiymətinin daimi yüksəlişinə güclü təsir göstərməməsi müqavilənin səmərəliliyi ilə bağlı yeni suallar doğurmağa başladı.

Bununla yanaşı, beynəlxalq siyasi arenada sürətlə baş verən dəyişikliklər də OPEC+ formatında iştirak edən ölkələrə çətinlik yaradır. Belə ki, hasilat həcmi ilə bağlı müqavilənin imzalanmasından sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları təsdiqləyən sənəd imzaladı.

Fotonun müəllifi Getty Images
Image caption Arxiv: Neft ixracat edən ölkələrin OPEC təşkilatının Vyanada 2018-ci ildə keçirdiyi toplantı

Yeni sanksiyaların əsas tələblərindən biri də dünya ölkələrinin İranla enerji sahəsindəki bütün əməkdaşlığına xitam verilməsidir. Əməkdaşlığın sona çatdırılması üçün verilən möhlət isə cari ilin may ayında başa çatacaq. Bu faktor da öz növbəsində neft hasilatının həcmi ilə bağlı müqavilənin uzadılıb-uzadılmaması haqqında üzv ölkələr arasında müzakirələrə səbəb olub.

Digər tərəfdən əsas neft ixracatçılarından biri olan Venesuelaya qarşı da növbəti ayda sanksiyalar paketi qəbul ediləcək. Bu da dünya neft bazarında təklifin nə qədər azalıb və ya artacağı sualını da gündəmə gətirib. Mövcud müqavilənin vaxtının uzadılması o halda mümkün ola bilər ki, rəsmi Vaşinqton İran və Venesuela ilə əməkdaşlıq edən ölkələrə təzyiq siyasətini dayandırsın.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qeyd edib ki, Vyanada keçiriləcək OPEC və OPEC+ nazirlər görüşü zamanı bir sıra ölkələr neft hasilatının azalması üzrə kvotanın təkrar baxılmasını təklif edə bilərlər. Azərbaycan OPEC+ razılaşmasının yerinə yetirilməsində lap əvvəldən, 2016-ci ildən bəri fəal iştirak edib.

Hazırda dünya bazarında neftin qiyməti 67 ABŞ dolları həcmindədir. Hazırki dövrdə bu rəqəm normal hesab edilə bilər. Rusiya və Azərbaycan kimi ölkələr indiki şərtlər altında öz milli rezervlərini artırmağa müvəffəq olsalar da bu hələ neftin qiymətinin sabitləşdiyi demək deyil.

Sadəcə olaraq, indiki şərtlər altında neft hasilatı həm neft istehsalçısı, həm də istehlakçı ölkələrə, o cümlədən müstəqil oyunçu olan ABŞ-a sərf edir.

Bu barədə daha geniş