İcra başçısı yanan ticarət mərkəzinin sahibkarları ilə görüşüb

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Fotonun müəllifi nizami-ih.gov.az
Image caption Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov

Çərşənbə günü Diqlas ticarət mərkəzində çalışan sahibkarlar Nizami Rayon İcra Hakimiyyətinə gediblər.

Şikayətçiləri Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qəbul edib.

Şikayətçilər deyir ki, onları icra hakimiyyətinə buraxmaq istəməyiblər, bir qədər gözlədikdən sonra isə qəbul ediblər.

Şikayətçilərin kompensasiya verilməsi ilə bağlı suallarına cavabında icra başçısı deyib ki, bu və digər məsələlərlə bağlı araşdırma getməlidir və bunun üçün vaxt verilməlidir.

"Sizin hüquqlarınız dövlət tərəfindən qorunacaq. Yüz faiz bilin ki, sizi haqlı müdafiə edəcəyik", - o bildirib.

İcra başçısı əlavə edib ki, "bu məsələ boş buraxılmayacaq" və bütün qurumlar məsələni birlikdə araşdırır.

Şikayətçilər iddia edir ki, onlar icarə haqqı və mallara ödənilən pullardan əlavə ticarət mərkəzinin sahibinə "şapka" veriblər və bu pulun da ödənilməsini istəyirlər.

Arif Qasımov söyləyib ki, "bir icra başçısı kimi zəmanət verirəm ki, istintaq tam düzgün aparılacaq".

Şikayətçi: "Şirkətlər bazarı sığorta etmir"

Şikayətçilərdən biri deyir ki, əvvəl işlədiyi bazarda malları yanandan sonra Diqlas ticarət mərkəzində işləməyə başlayanda bütün sığorta şirkətlərinə müraciət edib ki, malları sığortalansın. Şirkətlər isə deyib ki, "bazarı sığorta etdirmirik, sizin nə VÖEN, nə də qeydiyyatınız var, ona görə də malları sığortalaya bilmərik".

İcra başçısı buna cavab olaraq deyib ki, bütün bunlar istintaqda nəzərə alınacaq və "kimin haqlı, kimin haqsız olması bildiriləcək".

Səkkiz ildir Diqlasda işlədiyini deyən sahibkarın sözlərinə görə, bu müddət ərzində 100 min manatdan çox kirayə haqqı ödəyib. O deyir ki, "ticarət mərkəzi yenidən tikilib verilsə də, bu, ən azı səkkiz ay çəkəcək, bu müddət ərzində isə onlar ac qalacaqlar".

Sahibkarlar təkləb edir ki, illərdir verdikləri icarə haqlarından onlara kompensasiya verilsin.

"Hanı dövlət?"

"Nə vaxta kimi səbr edək?" Qadın sahibkarlardan biri icra başçısının "səbr edin" sözünə hiddətlənərək deyir.

"Dünəndən küçələrdəyik, hanı dövlət? Başqa ölkələrdə deputatlar, rəsmilər gəlirlər, bizdə niyə gəlmirlər? Bizi heç Diqlas ticarət mərkəzinin başçısı ilə görüşdürmürlər. Nazirin bir villasını satsa hamıya kompensasiya verilər. Biz o vaxta qədər gözləyəcəyik ki, prezident desin ki, sat evini, sat villanı bu camaatın kompensasiyasını ver".

Sahibkar deyir ki, onların iş yeri yox, "evləri, uşaqlarının gələcəyi" yanıb.

İcra başçısı şikayətə cavab olaraq deyib ki, dövlət nümayəndəsi kimi vətəndaşların yanındadır və istintaq zamanı "kimin-kimə nə verdiyi" qeyd olunacaq, icra hakimiyyəti isə buna nəzarət edəcək.

Qarabağ veteranı: "Qarantiya verən varmı ki, pullar veriləcək?"

Qarabağ müharibəsi veteranı olan sahibkar söyləyir ki, 8 il orada işlədiyi hər şeyi itirib.

"Mən də ona güvənmişdim ki, ora heç kim heç nə edə bilməz. Üç yaşlı uşağım xəbərləri görüb deyir ki, ata yanıb, ata yanıb. Qarantiya verən varmı ki, pullar veriləcək?"

Arif Qasımov deyir ki, "araşdırma gedən zaman sizin bir quruşunuza imkan vermərik ki, tapdalansın. Mən gedib onu məcbur edə bilmərəm ki, gətirsin sizə filan qədər pul versin. Hər şeyi araşdırmaq lazımdır".

İcra başçısı arzu edən sahibkarları başqa mərkəzlərə yerləşdirməyə köməklik edəcəklərini deyib, sahibkarlar isə bununla razılaşmır. Onlar deyir ki, "mal almağa pulları yoxdur".

Şikayətçilərdən tələb edib ki, ticarət mərkəzinin sahibkarları şikayətçi sahibkarlarla icra hakimiyyətinin başçısı ilə bərabər görüşsün, "əgər günahkardırsa cəzalandırırılsın, ya da millətin pulunu versin".

_____________________________________________________________________

Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində dünən səhər saatlarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Nazirlik bildirib ki, yanğını söndürməyə 3-cü helikopter də cəlb olunub və yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BBC News Azərbaycancaya deyib ki, yanğınla bağlı ancaq yanğınsöndürənlər xəsarət alıb.

"Ticarət mərkəzinə mülki adamları buraxmırdılar, ona görə onlardan xəsarət alan olmayıb. Yanğınsöndürənlərdən 6 nəfər yüngül xəsarət alıb, onlara da Sabunçu xəstəxanasında yardım göstərilib və buraxılıb".

Təxminən 1000 kv metr ərazidə yerləşən 4 mərtəbəli "Diqlas" ticarət mərkəzində yüzlərlə mağaza olub.

Yanğını söndürməyə Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti də cəlb olunub.

Yanğın səhər saatlarında başlayıb, axşam saatlarınadək davam edib.

Ticarət mərkəzinin sahibi "Report"un hadisə yerində olan əməkdaşına bildirib ki, yanğın yaxınlıqdakı dönərxanadan başlayıb.

Dönərxanada partlayışdan sonra başlayan yanğın əvvəlcə ticarət mərkəzindəki paltar mağazalarına keçib, sonra isə alov binanı bürüyüb.

Fotonun müəllifi ONA

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gedib.

O deyib ki, "Yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib. Əks halda, hadisənin qarşısını almaq çox çətin olardı. Çünki ticarət mərkəzinin binasının bayır hissəsi alkopon materiallarla üzlənib. Bunlar isə yanan maddələrdir", - Azərtac yazır.

Nazir yanğının səviyyəsini "ciddi" qiymətləndirib.

Yanğın baş verən əraziyə "kifayət qədər" polis qüvvələri cəlb edilib və ərazi "tam mühafizə olunub", daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov Report agentliyinə bildirib.

Fotonun müəllifi Report.az
Fotonun müəllifi Report.az

Bu barədə daha geniş