"50 min manatlıq malım yandı içəridə" - Diqlas ticarət mərkəzində mağaza sahibi

Diqlas ticarət mərkəzində yanğın Fotonun müəllifi Report.az

Bakıdakı Diqlas ticarət mərkəzində mağazası olan, adının çəkilməsini istəməyən sahibkar BBC News Azərbaycancaya içəridə mallarının yanması barədə danışıb.

"50 min manatlıq malım yandı içəridə" deyən mağaza sahibinin sözlərinə görə, 10 ildir "Diqlas"da mağaza işlədir və mallarının sığortası yoxdur.

"Bu barədə heç vaxt düşünməmişik. Başa salan da olmayıb ki, yanıb eləsə zərərimiz ödənməyəcək".

Sahibkar deyir ki, iş saatı səhər saat 10 radələrində başlayır. İşə gələndə isə binada yanğın olduğunu görüblər. "Hələ ki, bilmirik yanğının səbəbi nədir", o deyir.

Müsahibimiz deyir ki, hər mağazada azı 2-3 nəfər işləyirdi: "Ticarət mərkəzində hər şey: pal-paltar, ayaqqabı, tikinti materiallaı satırlırdı. Səhərdən burdayıq, heç bilmirik ki, necə olacaq", sahibkar əlavə edib.

Təxminən 1000 kv metr ərazidə yerləşən 4 mərtəbəli "Diqlas" ticarət mərkəzində yüzlərlə mağaza olub.

Bakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində çərşənbə axşamı günü səhər saatlarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğını söndürməyə 3-cü helikopter də cəlb olunub və yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınsöndürənlər ticarət mərkəzindəki yanğını söndürməyə cəhd göstərirlər.

Ticarət mərkəzinin sahibi "Report"un hadisə yerində olan əməkdaşına bildirib ki, yanğın yaxınlıqdakı dönərxanadan başlayıb.

Dönərxanada partlayışdan sonra başlayan yanğın əvvəlcə ticarət mərkəzindəki paltar mağazalarına keçib, sonra isə alov binanı bürüyüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğının səviyyəsini "ciddi" qiymətləndirib.

Fotonun müəllifi Report

Əlaqəli mövzular

Bu barədə daha geniş