"Diqlas" yanğını: Sahibkarlar mallarını niyə sığorta etdirmir?

Diqlas ticarət mərkəzi Fotonun müəllifi Report

Bakıdakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından sonra sosial şəbəkələrdə ayaqları bükülərək polislərin qolları arasına düşmüş bir gəncin şəkli paylaşılır. Şərh yazanlar "nə etsin, çörəyi yandı" deyə reaksiya veriblər.

"50 minlik malım yandı içəridə", deyə "Diqlas"da mağaza icarədarı olan bir sahibkarın səsi bizimlə danışarkən titrəyir.

4 mərtəbəli, 1000-ə yaxın mağazanın yerləşdiyi "Diqlas"dakı yanğın sığorta məsələsini yenidən gündəmə gətirdi. Əslində, "Binə" və "Sədərək" ticarət mərkəzində vaxtaşırı baş verən yanğınlardan sonra 100 minlik, 200 minlik malı yanan ticarətçilərin əlacsızlığı ticarətdə malların sığortalanması məsələsini heç arxa plana da atmayıb.

"Bizi başa salan olmadı"

Amma yanan "50 minlik malı"nın sığortası olmadığını deyən sahibkar BBC News Azərbaycancaya sığorta haqqında məlumatsızlığını bildirir: ""Bu barədə heç vaxt düşünməmişik. Başa salan da olmayıb ki, yanıb eləsə, zərərimiz ödənməyəcək".

"Diqlas"da mağaza işlədən Rəhbər Əkbərzadənin özünün 14-15 min manatlıq, qardaşının 20-22 min manatlıq malı yanıb: "Səhlənkarlıq elədik, mallarımızı sığorta elətdirmədik", o deyir.

"İndi sığorta barədə düşünərdim"

Rəhbər Əkbərzadə "Diqlas"la icarə müqaviləsi imzalayanda ticarət mərkəzinin yanğından mühafizə imkanları haqqında soruşmayıb. "Düzü, heç bu haqda maraqlanmamışdıq".

Uzun illərdir ticarətdə olan Rəhbər Əkbərzadənin günün bir günü belə bir zərərlə üzləşə biləcəyi ağlına da gəlməyib: "İndi yer tapmazdan öncə, sığorta barədə düşünərdim".

Fotonun müəllifi Report.az
Image caption "Diqlas" ticarət mərkəzinin yanan binası

Bəs sahibkarlara, xüsusilə kiçik və orta sahibkarlara öz mallarını sığortalatmağa nə mane olur?

"Malları sığortalamaq könüllüdür"

"Qanunvericilik əmlakların sığortasını məcburi etdirir, artıq sahibkarlıqla məşğul olan obyektlər icbari sığortaya cəlb olunub", sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyir.

O, BBC News Azərbaycancaya müsahibəsində vurğulayır ki, Fövqəladə Halllar Nazirliyi irili-xırdalı bütün ticarət obyektlərindən sığorta şəhadətnaməsi tələb edir: "Amma bu, həmin ticarət obyektində olan mallara aid deyil".

Sığorta eksperti deyir ki, sahibkarların öz mallarını sığortalaması könüllü xarakter daşıyır: "Biz illərlə təbliğat, maarifləndirmə işi aparırıq, amma çoxları deyir, "bizə heç nə olmaz". İndi aprel ayı yaxınlaşır, Kürdə daşqınlar ola bilər, ətrafa ziyan dəyəcək, yenə də sığorta yada düşəcək, ... yenə də "bu dəfə sığorta elətdirək" deyəcəklər və yenə də bu söhbət növbəti zərərə qədər unudulacaq".

Sığorta üçün tələblər

Ekspertlə söhbətdən aydın olur ki, təkcə malı sığortalamaq istəyi azdır, sığorta tələblərinə də cavab vermək lazımdır.

Sığorta şirkəti öncə ticarət obyektinin yerləşdiyi məkanın risklilik səviyyəsini qiymətləndirəcək. "Bəzi iri ticarət mərkəzlərində yanğın riski həddindən artıq yüksəkdir, orda təhlükəsizlik tədbirləri görülməyib. Gedirsən dükana, görürsən ki, sahibkar içərini əldəqayırma qızdırıcı ilə isidir, digəri kustar yolla elektrik xətti çəkib gətirib. Üstəlik, o yerlərdəki yanğın statistikasını da götürsək, əlbəttə ki, belə yerlərə heç bir sığorta şirkəti girməz", Xəyal Məmmədxanlı deyir.

Müasir ticarət mərkəzlərində isə başqa əmma var: malların rəsmi qeydiyyatı. Müsahibimiz deyir ki, bir çox ticarətçi satdığı malı rəsmiləşdirmir və ona görə də ortada rəsmi dövriyyə yoxdur.

"Məsələn, 40 minlik malını sığorta elətdirmisən, amma hadisə baş verən vaxt içəridə malın az ya çox olduğunu sığorta şirkətinə necə sübut edəcəksən?" ekspert əlavə edir.

Onun sözlərinə görə, Bakının mərkəzində ayrıca obyekti və texniki təhlükəsizlik şərtlərini qarşılayan, o cümlədən, malının rəsmi qeydiyyatını aparan tək-tük sahibkar həm əmlakını, həm də mallarını sığortalayır.

Xəyal Məmmədxanlı ümid edir ki, bu, kütləviləşəcək, sahibkarlar gözlənilməz hadisələrdə beləcə zərərlə üzləşəndə dizləri iki bükülməyəcək, "sığortam var" deyib həyatlarına rahat davam edə biləcəklər.

Hələlik isə, ticarət mərkəzlərində mağaza icarə edən, sığorta barədə maarifləndirilməyən bir çox sahibkar fəaliyyətə sığortasız davam edir və yanğın hallarında mallarını itirməyə məhkum olurlar.

Bu barədə daha geniş