İlqar Məmmədovun ilk səfəri "Azərbaycan bölgələrindən birinə" olacaq

Ilqar Məmmədova qoyulmuş məhdudiyyətlər götürülüb Fotonun müəllifi AVROPA ŞURASI

ReAL Partiyasının sədri İlqar Məmmədovun ölkədən çıxmasına qoyulan məhdudiyyət aradan qaldırılıb - şərti cəza ləğv olunub və o artıq Bakıdan kənara çıxa bilər.

Keçmiş prezidentliyə namizəd İlqar Məmmədov 2013-cü ildə həbs olunduqdan sonra ötən ilin sonlarında şərti azadlığa buraxılıb.

Cənab Məmmədovun vəkili Fuad Ağayev BBC News Azərbaycancaya bildirib ki, çərşənbə günü Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədovun barədəsində təyin etdiyi cəzanı dəyişib.

"İlqar Məmmədovun cəzası onun cəzasını çəkdiyi 5 il 6 ay 9 günə uyğunlaşdırılıb və həmin müddət çəkilmiş hesab edilib. İlqar Məmmədovla bağlı bütün məhdudiyyətlər, o cümlədən, ölkədən çıxış qadağası da aradan qaldırılıb", - o söyləyib.

İlqar Məmmədov BBC News Azərbaycancaya deyib ki, şərti cəzasının ləğvi qərarının "həm mənfi, həm də müsbət tərəfləri var".

Onun sözlərinə görə, qərarın mənfi tərəflərindən biri odur ki, ona "2024-cü ilin avqustuna qədər hər hansı seçkiyə qatılmaq qadağandır".

Qərarın müsbət tərəflərindən danışan İlqar Məmmədov deyib ki, "daha qaçmadığını sübut etmək üçün hər on gündən bir gedib qeydiyyat imzası atmalı olmayacaq. Bundan başqa, ölkə daxilində və xaricə səfər edə biləcək".

İlqar Məmmədov əlavə edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) onun işi ilə bağlı iki qərarı hələ də icra edilməyib və o, bundan sonra bu qərarların tam yerinə yetirilməsi istiqamətində hüquqi addımlar atacaq.

İlk səfər hara olacaq?

İlqar Məmmədov ilk səfərinin Azərbaycanın bölgələrindən birinə olacağını güman edir.

"Qoyulan məhdudiyyətlərə görə, Bakıdan çıxa bilmirdim. Partiyanın siyasi ehtiyaclarını nəzərə alıb, partiyanın qərarı ilə ölkə daxilində harasa səfər edərəm. Xarici hələ deyə bilmərəm. Baxır hardan dəvət gələcək, o dəvətləri dəyərləndirib onun əsasında qərar verəcəyik".

Özünün darıxdığı bir yer varmı sualına isə, İlqar Məmmədov "azadlığım üçün darıxmışdım" cavabını verib.

İlqar Məmmədov necə həbs edilib?

Cənab Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.

İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.

2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

İlqar Məmmədov ona qarşı iddiaları rədd edir.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə iki hökm açıqlayıb.

2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.

Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları Azərbaycan hakimiyyətini cənab Məmmədovu azad etməyə çağırıb.

Bu barədə daha geniş