İlham Əliyev zərərçəkmiş sahibkarlara üç milyon manat ayırıb

İlham Əliyev Fotonun müəllifi Azertag

Prezident İlham Əliyev cümə günü Diqlas ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat ayrılması haqda sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, İqtisadiyyat Nazirliyi maddi yardım göstərilmək qaydalarını üç gün müddətində təqdim etməlidir.

Image caption "Diqlas" Ticarət Mərkəzi

"İlkin ödənişlər gələn həftədən veriləcək"

"İqtisadiyyat Nazirliyinin İşçi Qrupu Diqlas ticarət mərkəzində baş verən yanğında əziyyət çəkən sahibkarların qəbuluna başlayıb".

Bu barədə BBC News Azərbaycancaya İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə nazirliyin tabeliyində olan qurumların nümayəndələri iştirak edir.

Qurumdan bildirilib ki, hər sahibkar fərdi qaydada qəbul edilir və indiyədək beşə yaxın sahibkar dinlənilib.

İşçi Qrupunun görüşünə qatılan iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, zərərçəkmişlərə ödənişlər gələn həftədən veriləcək, Azərtac bildirir.

"Diqlas ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlar üçün aprelin ilk həftəsindən ilkin ödənişlər həyata keçiriləcək", - cənab Mustafayev söyləyib.

Nazir qeyd edib ki, zərər çəkən sahibkarlar üçün "Kapital Bank"da şəxsi hesablar yaradılacaq və ödənişlər kart vasitəsilə olacaq.

Sahibkarlarla görüşdə ümumilikdə 400-ə yaxın sahibkarın qəbul ediləcəyi gözlənilir.

Sahibkarların qəbulu mart ayının 31-ə qədər davam edəcək.

"Zərərçəkmiş sahibkarlara güzəştli kreditlər təklif olunur"

İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, "yanğından zərər çəkən sahibkarlar üçün uzunmüddətli güzəştli kreditlər də təklif olunur", Azərtac yazır.

"Diqlas"-da geyim mağazası işlədən zərərçəkmiş sahibkar Dilarə Heydərova BBC News Azərbaycancaya söyləyib ki, onlara güzəştli kreditlər veriləcəyi deyilib.

"Mənə kredit lazım deyil, mallarımın pulunu ödəsinlər, bəs edər. Bəlkə başqalarına lazımdır", - o deyib.

Ticarət mərkəzində gəlinlik mağazası işlədən Vüsal Qarayev deyir ki, "güzəştli kreditlər onlara sərf etmir".

"Mən nəyimi qoyub güzəştli kredit götürəcəm ki? Onsuz da evim də, maşınım da kreditdədir. Bankdan krediti nə ilə götürəcəm?", - o söyləyib.

"Dörd-beş ay icarə haqqı alınmayacaq"

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Bakıda yerləşən ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilir, bir sıra ticarət mərkəzlərində boş qalmış satış yerləri zərərçəkmişlərə təqdim olunur , Azərtac bildirir.

"Artıq bəzi konkret təkliflər var. Zərərçəkənlərdən ilk 4-5 ay ərzində ticarət mərkəzlərində icarə haqqı alınmadan şərait yaradılacaq. Sonra isə digər yerlərə nisbətən 20 faiz ucuz olmaqla icarəyə veriləcək. Biz sahibkarlara bu paketi təqdim edirik", - nazir söyləyib.

Nə baş verib?

Çərşənbə axşamı günü Bakının Nizami Rayonu ərazisində yerləşən Diqlas ticarət mərkəzində yanğın olub.

Təxminən 1000 kv metr ərazidə yerləşən 4 mərtəbəli Diqlas ticarət mərkəzində yüzlərlə mağaza olub.

Yanğını söndürməyə 3 helikopter və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti də cəlb olunub.

Hadisə yerinə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğının səviyyəsini "ciddi" qiymətləndirib.

Prezident İlham Əliyev cümə axşamı Diqlas ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə "operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini" vurğulayıb.

O, həmçinin yanğınla bağlı komissiya yaradılması haqda sərəncam verib.

Cümə axşamı sahibkarlarla görüşdə iştirak edən Prezident Administrasiyasının şöbə müdirinin müavini Hüseyn Mövsümov deyib ki, "sahibkarlara dəymiş bütün zərər dövlət tərəfindən ödənəcək".

Həmçinin bax:

Bu barədə daha geniş