Atası: "Bayramın göyərmələri azalıb, qulağının arxasında, dizində qalır"

Bayram Məmmədov Keçmiş siyasi məhbus Fotonun müəllifi Məhərrəm Zeynalov

"Bayramın göyərmələri azalıb, qulağının arxasında, dizində qalır".

Bayram Məmmədovun atası Fərman Məmmədov BBC News Azərbaycancaya bildirib ki, oğlu ilə bazar ertəsi günü görüşüb və əlavə edib ki, "mətbuatda yayılan xəbərlər doğrudur" .

Son günlər Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin imzaladığı əfv fərmanından sonra azadlığa çıxan, siyasi məhbus kimi tanınan Bayram Məmmədova işgəncə verildiyi ilə bağlı xəbərlər yayılmışdı.

Bayram Məmmədovun hüquqlarını müdafiə edənlərdən biri, siyasi fəal Samir Əsədli BBC News Azərbaycancaya deyib ki, "onda olan məlumata görə Bayram Məmmədovun səhhəti pisdir".

"Bayramın olduğu təcridxanadan çıxan və adının açıqlanmasını istəməyən şəxs bildirib ki, onun vəziyyəti yaxşı deyil. Başından çoxlu zərbələr alıb, başı gicələnir və hər axşam qusur", - Samir Əsədli bildirib.

"Ekspertiza keçirilməyib"

Fərman Məmmədovun sözlərinə görə, Bayramın travmalarının haradan yaranması barədə ekspertiza keçirilməyib.

"Biz narahatıq, deyirik ki, həkim müayinəsi olsun. İndi göyərmələri azalıb, bir qulağının arxasında qalıb, bir də diz tərəflərində. Mən şüşə arxasından görüşürəm deyə yerləri dəqiq bilmirəm".

O əlavə edib ki, "Bayram Ombudsman Aparatının nümayəndələri ilə görüşərkən onlara bütün travma və zədələrini göstərib, onlar da deyib ki, məruzə edəcəyik".

Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib ki, onda Bayram Məmmədovun səhhəti ilə bağlı məlumat yoxdur.

Mehman Sadıqov deyib ki, "məhkumların müalicəsi və müayinəsini cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında çalışan həkimlər həyata keçirirlər və onlar da Pentiensiar Xidmətə tabe deyillər".

Penitensiar Xidmət rəsmisi bildirib ki, "biz heç vaxt məhkumun harada saxlanılması, hansısa yerə köçürülməsi ilə bağlı açıqlama vermirik, çünki qanun bunu qadağan edir".

İşgəncə iddialarında nə deyilirdi?

Bayram Məmmədov ötən həftəsonu polisə müqavimətdə ittiham olunaraq saxlanılıb və ona 30 gün müddətinə həbs verilib.

Həbsindən sonra onunla görüşən vəkili Elçin Sadıqov Bayram Məmmədova saxlanılan zaman işgəncə verilməsini əks etdirən yazılı sənədi nümayiş etdirib, yerli mediada paylaşılan məlumatlarda deyilir.

Ağ vərəq üzərində yer alan təsvirdə Bayram Məmmədovun bədəninin hansı nahiyyələrindən zədə alması göstərilib və bu sənədin üzərində Bayram Məmmədovun imzası əks olunub.

Ombudsman Aparatı işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi qurumun nümayəndələri cümə günü təcridxanada Bayram Məmmədovla görüşüb və onu dinləyib.

"Bayram Məmmədovun telefon danışığı, vəkili ilə görüşü məsələsi, ailə üzvləri ilə görüşü məsələsi bizim tərəfimizdən təmin olunub. Bizim onunla söhbətimiz zamanı o qusması haqqında məlumat verməyib. Söhbət konfidensial olub", - Rəşid Rumzadə belə deyib.

Rəsmi əlavə edib ki, Bayram Məmmədov Ombudsman aparatının nümayəndələrindən "vəkilinin aidiyyatı qurumlara artıq müraciət ünvanladığını və onlardanda buna dəstək vermələrini xahiş edib".

Cənab Rumzadə onu da vurğulayıb ki, Bayram Məmmədovla görüşün nəticələri ilə bağlı müvafiq qaydada müraciətlər olunub.

Bu barədə daha geniş