İntihar etdiyi deyilən Elina Hacıyevanın anası: "Bu işdə əli olan hər kəsdən şikayət etmişik"

məktəbdə zorakılıq Fotonun müəllifi Məhərrəm Zeynalov

Bakıda intihar etdiyi deyilən 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, onlar qızlarının ölümündə günahkar olan hər kəsin cəzalandırılmasını istəyirlər.

"Məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət etmişik", o deyir.

Baş Prokurorluq faktla bağlı Cinayət Məcəlləsinin "özünü intihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd edib.

Təhsil Nazirliyi bildirib ki, 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova bazar ertəsi günü işdən kənarlaşdırılıb.

"Məktəbin direktoru cəzasını tam çəkməyənə qədər əl çəkməyəcəyik. Biz istəmirik ki, qanımız yerdə qalsın", - Sevil Hüseynova deyib.

Bundan əvvəl mətbuatda, direktor Sevinc Abbasovaya məxsus olduğu iddia olunan səs yazısı yayılmışdı. Həmin şəxs vəfat edən şagirdin valideynləri haqda təhqiramiz ifadələr işlədərək valideynlərinin uşağa yetərli diqqəti ayırmadığını iddia edirdi.

Elina Hacıyevanın anası Sevil Hüseynova bildirib ki, sözügedən səs yazısı ilə bağlı da aidiyyatı qurumlara şikayətlər veriləcək.

Image caption Bakıda intihar etdiyi deyilən 8-ci sinif şagirdinin ölümü ilə bağlı 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova işdən kənarlaşdırılıb.

"Kameradan hər şeyi görürük"

Elinanın anası Sevil Hüseynova deyir ki, məktəb yoldaşlarının Elinaya qarşı münasibəti haqda dəfələrlə məktəb direktoruna müraciət edib, amma hansısa tədbir görülməyib.

"Biz dəfələrlə məktəbin direktoruna demişdik ki, Elinanı incidirlər. O isə deyib ki, hər şey yaxşıdır, hər şey nəzarət altındadır, bizdə hər yerdə kamera var, çox da fikir verməyin. Biz kameradan hər şeyi görürük".

Anası deyir ki, qızı əvvəllər 49 nömrəli məktəbdə oxuyub, həmin məktəbi isə 49 və 203 nömrəli olmaqla Azərbaycan və rus bölmələri üzrə iki ayrı məktəbə bölüblər. O məktəb uzaq olduğuna görə isə, Elinanı 162 saylı məltəbə köçürmək məcburiyyətində qalıblar.

"Elinanın əvvəlki məktəbdə heç bir problemi yox idi. O, təbiətcə sakit və saf qız idi, heç kimlə dalaşmazdı. O qədər sadə qız idi ki, kimsə ona qışqıranda deyərdi ki, gəl dostluq edək, mən axı səni bağışlamışam".

Sevil Hüseynova deyir ki, qızı məktəb davamiyyətini pozmurdu və çox nadir hallarda ola bilərdi ki, dərsə getməsin.

Onun sözlərinə görə, qızının hansısa psixoloji və ya əsəb problemi yox idi.

"Məktəbin psixoloqu Elina ilə cəmi bircə dəfə söhbət aparmışdı və bu da onun saçının rənginə görə idi, vəssalam", - o əlavə edib.

Fotonun müəllifi BAKİMEKTEBLERİ.EDU.AZ
Image caption 162 nömrəli məktəb

"Görüntülər silinib"

Anası deyib ki, məktəbin kameralarından qızının görüntülərinə baxıb, amma əvvəlki görüntüləri ona göstərməyiblər.

"Son anların görüntüsünə baxdım. Əvvəlki görüntüləri istədim, dedilər ki, yoxdur, silinib".

Sevil Hüseynova sinif rəhbərinin qızına qarşı münasibətindən razı deyildi. Onun sözlərinə görə, Elinaya qarşı bir növ ayrı-seçkilik var idi.

"Sinif rəhbəri ona çox təzyiq edirdi. Dəfələrlə onunla danışmışıq. Sinifdə bütün qızlar 4-5 qolbaq taxırdılarsa, Elina bir sadə saat taxan kimi onu danlayırdı, əlindən alırdı", deyə o iddia edib.

Anası deyir ki, mətbuatda Elinada dərman olması haqda yayılan məlumatlar yalandır və çantasında tapılan köhnə "ketotifen" qutusunda yara bantları var idi.

"Valideynləri Elinanın yanına buraxmadılar, direktoru buraxdılar"

Sevil Hüseynova deyir ki, xəstəxanda onları qızlarının yanına buraxmayıblar, əvəzində isə direktoru buraxıblar.

"Nə məni, nə atasını Elinanın yanına buraxmadılar, bizə dedilər ki, sağlamdır, bir-iki sınığı var, düşün aşağı gözləyin. Palataya keçirəndə görərsiniz. Sonra gördük ki, məktəbin direktoru, direktorun yoldaşı və bir valideyni onun yanına buraxıblar. Ondan sonra dava-dalaşla güc-bəla ilə yanına keçə bildik.

Biz bilmək istəyirik direktor nə üçün Elinanın yanına girirdi, niyə direktor bizsiz ora girib, nə ixtiyarla valideyni buraxmayıblar, onları buraxıblar, direktorun həkimlə nə əlaqəsi var idi. Bütün bunları istintaq araşdıracaq", - o deyib.

Sevil Hüseynova hesab edir ki, onlara qızının səhhəti ilə bağlı düzgün məlumat verilməyib.

"Bizə dedilər ki, Elinanı uziyə salmışıq, bir-iki sınığı var. İki həkim hərəsi başqa-başqa şeylər deyirdi. Həkimin biri dedi gedin o biri həkimin yanına, o biri dedi onun sınığı yoxdur, əməliyyatlıq deyil, niyə mənim yanıma gəlmisiniz".

"Gecədən rəhmətə gedib"

Sevil Hüseynova deyir ki, onlara qızlarının öldüyünü deməyiblər, onlar "özləri görüb".

"Bizə xəstəxanadan zəng etdilər ki, gəlin, uşağın vəziyyəti kritikdir. Xəstəxanaya gedəndə dedilər gedin başqa korpusa, biz oradan qayıdanda dedilər artıq uşaq rəhmətə gedib. Orada işləyən tibb bacıları bizə dedi ki, uşaq gecədən rəhmətə gedib, həkimlər yalandan belə ediblər".

Sevil Hüseynova deyir ki, qızı bir müddət əvvəl intihara cəhd edib, amma onu rəfiqəsi saxlayıb.

"Rəfiqəsinə ürəyini boşaltmışdı ki, onu döyürlər, xahiş etmişdi ki, heç kimə demə. Biz ancaq bu gün bildik ki, belə şey olub, yoxsa məsələnin bu vəziyyətə gəlməyinə imkan verməzdik. Onlar bilməyiblər ki, iş bu hala gəlib çıxacaq".

Anası deyir ki, xəstəxanadan cəsədi alarkən ora toplaşan adamlar həmin məktəbdə bundan əvvəl iki intiharın olduğunu deyib, onların tanıdığı valideynlərin isə heç biri bu barədə məlumatlı olmayıb.

162 nömrəli məktəbdən bununla bağlı şərh almaq mümkün olmayıb.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya bildirib ki, "onlarda belə faktlar yoxdur və hansısa məktəbdə artan ölüm halları qeydə alınmayıb".

Cənab Valehov söyləyib ki, məsələ ilə bağlı ətraflı araşdırma gedir və bütün məsələlər öyrənilir.

Bu barədə daha geniş