Elina Hacıyevanın ölümünə görə direktor barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçilib

Sevinc Abbasova 162 Fotonun müəllifi bakimektebleri.edu.az

Aprelin 4-də Bakıdakı 162 saylı orta məktəbdə intihar etmiş məktəbli Elina Hacıyevanın ölümü ilə bağlı həmin məktəbin keçmiş direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, Baş Prokurorluq bildirib.

Sevinc Abbasova Cinayət Məcəlləsinin təhlükədə qoyma və səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddələri ilə ittiham olunur.

Bazar ertəsi təqsirləndirilən Sevinc Abbasova barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.

Məktəblinin intiharından sonra təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəbin direktoru, müavini və psixoloq işdən çıxarılıb, məktəblinin sinif rəhbərinin barəsində isə intizam işləri aparılır.

Direktora irəli sürülmüş ittihamlar öz təsdiqini tapsa, birinci maddəyə görə onu üç yüz manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. İkinci maddəyə görə isə Sevinc Abbasova beş ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Sevinc Abbasovanın ona qarşı irəli sürülən ittihamlara münasibəti məlum deyil.

Bu barədə daha geniş