İntihar etmiş Elina Hacıyevanın ölümünə görə 3 nəfər işdən çıxarıldı

Elina Hacıyeva, anım mərasimi Fotonun müəllifi azvision.az
Image caption Aprelin 12-də şagirdin yaxınları, müəllim və şagirdlər Elina Hacıyevanın oxuduğu məktəbin qarşısında onu anıblar

Bakıda intihar etmiş 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı direktor və direktor müavininin əmək müqavilələrinə xitam verilib, məktəb psixoloqu işdən kənarlaşdırılıb, Təhsil Nazirliyi bildirib.

Təhsil naziri Ceyhun Bayramov Bakıda jurnalistlərə bildirib ki, sinif rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi qərara alınıb.

Onların cinayət məsuliyyətinə cəlb edilib-edilməməsinə gəldikdə isə, Baş Prokurorluq BBC News Azərbaycancaya hadisə ilə bağlı hələ istintaqın getdiyini bildirib.

Baş Prokurorluq bildirib ki, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başladılıb.

Qurum, şagirdin təhsil aldığı məktəb və sinif rəhbərliyi, habelə digər şahidlərin dindirildiyini bildirib.

Təhsil Nazirliyi bildirib ki, aprelin 8-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova işdən kənarlaşdırılıb.

Təhsil Nazirliyi araşdırmasında hansı nəticələrə gəlib?

Fotonun müəllifi edu.gov.az
Image caption Nazir Bayramov 162 nömrəli məktəbə "təcrübəli psixoloqun təyin edilməsi qərarının verdildiyini" deyib.

Təhsil Nazirliyi bildirib ki, məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və məktəbin psixoloqu Könül Ağayevanın əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.

Nazirliyin apardığı xidməti araşdırma aşkarlayıb ki, Elina Hacıyeva və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.

Bundan başqa, təlim-tərbiyə prosesində şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən, davranışına təsir etməsi nəzərə alınmadığı deyilir.

Nazirlik həmçinin hadisə baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmadığını qeyd edib.

Qurum məktəb rəhbərliyini hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini təmin etmədiyini də qeyd edib.

Nazir Bayramov həmçinin 162 nömrəli məktəbə "təcrübəli psixoloqun təyin edilməsi qərarının verdildiyini" deyib.

Bundan başqa nazir 30 gün ərzində məktəblərdə mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması üçün rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərindən hesabat istəyib.

Bu barədə daha geniş