AXCP sədr müavi Fuad Qəhrəmanlının qızına hücum edən şəxsə 15 sutka verilib

Zümrüd Yağmur Fotonun müəllifi Məhərrəm Zeynalov

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.Y.-ya hücum edən şəxsə 15 sutka iş verilib.

Tural Qarayev inzibati qaydada cəzalandırılıb, bu barədə S.Y. sosial şəbəkə hesabında qeyd edib.

"Sadəcə 15 sutka verildi. Azərbaycanda hüquq və məhkəmə orqanları hər zamankı kimi öz işini "gördü"", S.Y. şərh yazıb.

Bundan əvvəl DİN-in mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə BBC News Azərbaycancaya bildirmişdi ki, Tural Qarayev İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə günahlandırılır.

Bakı sakini 14 yaşlı S.Y. çərşənbə günü küçədə hücuma məruz qalıb. Onun anası Zümrüd Yağmur hücumun əks olunduğu video görüntüləri sosial media hesabında yayıb və ailə hadisə ilə bağlı polisə müraciət edib.

Fotonun müəllifi Zümrüd yağmur
Image caption Zümrüd Yağmur

"Oğlan qızımı izləyib, o, hazırlıq kursundan çıxarkən onu təhqir edib, burnuna və başına zərbələr endirib. Ona deyib ki, Mehriban Əliyevadan üzr istə. Qızım bu zaman imkan tapıb onu videoya çəkib və sonradan bilmişik ki, bu, Tural adlı şəxsdir",- Zümrüd Yağmur BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, əvvəllər nə qızı, nə də özü o adamı tanıyıblar.

Zümrüd Yağmur düşünür ki, bu planlaşdırılmış addımdır, çünki "oğlan qızını axşam saatlarında həftədə cəmi iki dəfə getdiyi hazırlıq kursundan çıxarkən ona hücum edib".

BBC News Azərbaycancaya danışan S.Y bildirib ki, bir neçə gün əvvəl də təqib olunub, amma əvvəl onu təqib edən şəxslərlə indi hücum edən şəxs eyni adam deyil.

Azyaşlının anası Zümrüd Yağmur bildirib ki, "özünü yaxşı hiss etmədiyindən qızını bu gün dərsə göndərməyib".

Ailə hücumdan sonra həm də həkimə müraciət edib və 1 saylı Klinik Tibbi Mərkəzdən tibbi arayış alıblar.

Zümrüd Yağmur hesab edir ki, onun qızına edilən hücumlar siyasi təzyiq vasitəsidir.

"Qızıma hücum edən Tural Qarayev dünən Facebookda canlı yayım edərək deyib ki, Fuad Qəhrəmanlı müxalifət üzvüdür və satqındır. Ona görə də onun övladı da cəzalanmalıdır",- o sözlərinə əlavə edib.

Zümrüd Yağmurun fikrincə, qızı bu günlərdə məktəbdə inthar edən Elina Hacıyevanın xatirəsini anmaq üçün tədbir təşkil etdiyinə görə də hədəfə götürülə bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş