İstanbulu bir dağ kəndinə dəyişən ailə

Video açılmırsa, burada izləyin.

Egey dənizinin yaxınlığında yerləşən dağ kəndində bir ailə yaşayır. Doğru ailəsi İstanbuldakı 20 illik həyatını arxada qoyaraq, bu ucqar kəndə köçüb.

İş adamı və iqtisadçı Yılmaz Doğru kəndə köçmək və gəlirli işini tərk etmək qərarını verəndə çox tərəddüd etməyib. "Şəhərdə qarışıq həyat yaşayırsan. İşdən evə, evdən işə. Evdən işə, işdən evə gedirsən. Bir az seçim məsələsidir, şəhəri sevənləri tənqid eləmirəm, amma mənim ayağım torpağa dəymədisə, çiçəyin-böcəyin içində olmadımsa, insanın əlinin dəymədiyi yerlərdə olmasa rahat olmuram", o danışır.

"Deyəndə kəndə köçək, buna qərarlı olduğuna inanmadım, həvəsdi, ötüb-keçər deyə düşündüm, bir az dirəndim" - Yılmaz Doğrunun xanımı Nuray Doğru söhbətə qarışır, - amma Yılmaz məni yola gətirdi".

Image caption Doğru ailəsi hava xoş olanda qayıqda dəniz gəzintisi fürsətini əldən buraxmır

...Bir yaz səhəridir. Dağlardan gələn sərinlik dəniz qoxusuna qarışıb. Qağayıların iti gözləri dənizdə balıq görüb: qanad çalıb suya baş vururlar. Sahilə yaxın yerdə bir neçə qayıq dalğaların qoynunda ləngər vurur. Çırmalanıb suya girən Yılmaz bəy qayığı sahilə doğru çəkir, xanımının minməsinə kömək edir. Amma səfərləri elə uzağa deyil, yaxınlıqda yaşayan, yeni tanış olduqları dostları onları səhər yeməyinə dəvət edib.

Bu kiçik dəniz gəzintisi Nuray xanımın qırışığını açıb; illər öncə ərinin qərarı ilə razılaşıb İstanbulu bu vəhşi təbiətə dəyişməyə peşiman deyil: "İstəyirəm ki, mal-qaram olsun, əkin-biçinlə məşğul olum", təbəssümlə deyir.

Doğru ailəsində heç kimin başını qaşımağa vaxtı yoxdur: ana iş-güclə əlləşir, uşaqlar məktəbə gedir, dərsləri ilə məşğul olur, ata isə gah balığa çıxır, gah evin qılrılıb-sökülənini düzəldir, gah tarlada çalışır, uşaqların dərslərinə kömək edir, gah da kitab oxuyur, iqtisadi mövzuda yazmağa başladığı kitabını tamamlamağa çalışır.

"Maaş aldığım bir işim yoxdur, amma çalışanlardan daha çox işim var", Yılmaz bəy gülümsəyir.

Bir yandan dağlarla, meşələrlərlə, digər yandan Egey dənizi ilə əhatə olunan bu ərazidə tikilmiş villaların bir çoxunun işığı yayda yanır: İstanbuldan 600, İzmirdən 170 kilometr məsafədə yerləşən bu əsrarəngiz yerlərə çoxları istirahətə gəlir.

Daimi yaşayan bir neçə ailə isə daha çox təqaüdə çıxmış yaşlılardan ibarətdir.

Image caption Nuray və Yılmaz Doğru

"Biz bu yerlərə köçəndə buralara əl dəyməmişdi. Heç bizim sitədə evlərin hamısının tikintisi başa çatmamışdı", Yılmaz Doğru danışır.

Türkiyədə tikinti şirkəti, ya da ayrı-ayrı adamlar toplaşıb torpaq sahəsi alır və orda eyni biçimli villalar və ya çoxmərtəbəli bina tikdirir. Belə yaşayış massivlərinə "sitə" (türklər bunun məhəllə anlamını verdiyini söyləyirlər) deyilir və hər sitənin də öz rəsmi adı olur.

Doğru ailəsinin yaşadığı sitə Kazıklı kəndinin ərazisində yerləşir.

Yaxınlıqda əyləncə və ticarət mərkəzləri yoxdur, sadəcə, bir neçə kilometr aralıdakı kəndin mağazasından gündəlik ehtiyacları qarşılamaq olar. Alış-veriş üçün 10 kilometrlik dağ yolunu aşıb Akbük qəsəbəsinə enmək lazımdır.

Kazıklı kəndində şagirdlər ancaq 8-ci sinifə qədər təhsil ala bilirlər. Yuxarı siniflərdə - liseylərdə təhsilini davam etdirmək üçün ən yaxın məktəblər 30-40 kilometr aralıdakı Milas və Didim şəhərlərindədir.

Amma bütün bunlar da Doğru ailəsini İstanbulda şəxsi biznesi, təhsil karyerasını atıb bu yerlərdə məskunlaşmaqdan çəkindirməyib, əksinə, sevindirib.

Onun İstanbulda mühasibatlıq firması olub: "Bizim işimiz İstanbulda tələb olunan işlərdən biri idi. Yaxşı müştərilərimiz var idi, azıydı, amma sanballı idi. O vaxtın şərtlərinə görə, yaxşı gəliri olan bir yer idi. Amma biz qoyub gəldik. Xanımım gəlmək istəmirdi, dedim ki, cəhd etməyə dəyər. İstanbuldan daha gözəldir".

Bəs uşaqların təhsili? Axı, hər kəs uşağına yaxşı təhsil vermək üçün daha əlverişli yerdə yaşamağa çalışır. Bu mənada İstanbul bir çoxlarının xəyalıdır hətta. "Daha… daha… nə gəlir insanın başına, elə bu dahalardan gəlir. Daha yaxşı təhsil, daha yaxşı yaşamaq, daha yaxşı nələrsə… dahanın sonu yoxdur" deyə Yılmaz bəy sözümü kəsir.

Image caption Hələ birinci sinifə getməyən Ege isə daha dəlisovdur, təbiətə də atası kimi bağlıdır: dağdan, dənizdən, meşədən bəhs edir

"İstanbulda da eyni təhsildir, burda da. Uşaqlar yaxınlıqdakı kəndin məktəbinə gedirlər. Onları məktəbə "servis" (məktəblilərin məktəbə gedib-gəlməsi üçün göstərilən nəqliyyat xidməti-red.) aparıb-gətirir. Burda hələ daha yaxşıdır, çünki sinifdə daha az şagird olur. Kitablar eyni, müəllimlər də eyni. Türkiyənin hər yerində eyni təhsildir", Nuray xanım deyir.

"Əsas odur ki, uşaqlarımın oynamağa vaxtları var. Şəhərlərdə uşaqlar elə bil yarış atıdır, məktəb, hazırlıq, evdə çalışmaq… Əgər bir insan kimi yetişə biləcəksə, içində cövhəri olacaqsa, istədiyi təhsili alacaq, öz yolunu çızacaq. Bağça yaşından universitetə qədər özəl təhsil üçün uşağa 2 milyon lirəyə qədər pul xərclənir.

Sonda o uşaq yaxşı təhsil alıb bir holdinqdə 4-5 min lirəlik iş tapacaq. O 2 milyonu uşağın təhsilinə xərcləyincə, buraxın uşaq doya-doya uşaqlığını yaşasın, sonra da o 2 milyonu ona verin, öz işini qursun", Yılmaz Doğru bayaq yarımçıq qalmış fikrini tamamlayır.

Image caption Hələlik ailənin köpəyi var, amma onlar mal-qara da saxlamaq istəyirlər

Nuray xanım xatırlayır ki, İstanbulda yaşayarkən uşaqları apardığı kiçik parkda gözünü dörd açmalı olurmuş: həm qələbəliyimiş, həm də yan-yörədə avtomobillər şütüyürmüş. "İstanbulda Yılmazın işi ağır idi, səhər 9-da evdən çıxırdı, bəzən axşam 12-yə qədər çalışırdı.

Uşaqlarla evdə yalnız qalırdım, parka da aparanda məcburuydum diqqətli olum ki, birdən maşın yoluna qaçarlar. Burda isə elə bir qayğımız yoxdur. Uşaqları rahatlıqla çölə-bayıra buraxıram".

Ailədə Oğuz, Özgə Minə və Ege adlı iki oğlan, bir qız böyüyür. Evin böyüyü Oğuzun 11 yaşı var, nə şəklini çəkməyə izn verir, nə də video kameraya danışır. Amma söhbətə həvəslidir, deyir, məktəbdən onları Ankaraya aparacaqlar və paytaxtda gəzəcəkləri yerləri bir-bir sadalayır.

Image caption Həvəslə kamera qarşısına keçən Özgə Minə hansısa Youtuber vloqçusunaə salam göndərir, onu yaşadığı məhəlləyə dəvət edir

Həvəslə kamera qarşısına keçən Özgə Minə hansısa Youtube vloqçusuna salam göndərir, onu yaşadığı məhəlləyə dəvət edir. Hələ birinci sinifə getməyən Ege isə daha dəlisovdur, təbiətə də atası kimi bağlıdır: dağdan, dənizdən, meşədən bəhs edir.

Bir azdan uşaqların yay tətili başlayacaq. Məktəb açılana qədər onlar səhərdən günbatana qədər dənizdə olacaqlar, velosiped sürəcəklər, yoldaşları ilə əylənəcəklər. Bütün günü çöldə-bayırda olub oynayacaqlar.

"Biz Didimdə bir sitədəki binanın birinci mərtəbəsində mənzil almışıq. Yayda uşaqlarla ora getmişdik, onlar da bina evi görməyiblər. Hovuzda üzəndə baxıblar ki, üst mərtəbələrin eyvanlarında adamlar var. Gəlib mənə deyirlər ki, ana, evimizin üst qatında kimsə var. Elə bilirlər, binanın üst qatları da bizimdir", Nuray xanım gülərək danışır.

Ailə sitədə ikimərtəbəli, üstü talvarlı villada yaşayır. Birinci mərtəbə studiyadır, ikinci mərtəbədə isə yataq otaqlar. Dar dəhlizə divar boyu kitab dolu şkaf sıxışdırılıb. Nuray xanım yer darısqallığına görə bir çox kitabdan imtina etməli olduğundan şikayətlənir. Şkafda Dostoyevskidən tutmuş Nitsşe, Sartırın kitabları, tarixə, iqtisadiyyata, fəlsəfəyə aid kitablar gözümdən qaçmır.

Talvara qalxırıq. Sitə amfiteart formasında tikildiyindən dəniz ayaqlarının altında qalır. Gözboyunca uzanan meşənin dərinliyindəki dərədə bir kənd göürünür. Dağların başı isə ağappaq buludların içində itib-batıb.

"Yayda axşamlarımız elə burda keçir. Uşaqlar yerə saldığımız xalçada uzanıb kitab oxuyurlar, oynayırlar, biz çay içirik, soba qurub çörək bişiririk", deyə Nuray xanım yay məcaralarını xatırlayır.

İndiki həyat tərzlərindən məmnun olsalar da, kəndə köçmək qərarı Nuray xanımı əvvəlcə qorxuzubmuş; necə dolanacaqlar, ailənin gəlirini necə təmin edəcəklər. Yılmaz bəyin də xüsusi bir planı yoxmuş.

"Məcaramız 2007-ci ildən başlayır. Çanaqqalaya, Yalovaya getdik, ferma qurmaq istəyirdik, heyvanla, torpaqla məşğul olacaqdıq, amma orda alınmadı, axırda bura gəldik. Bir az maddi ehtiyatımız vardı, düşünmüşdüm ki, təqaüdə çıxana qədər bizi görər", Yılmaz bəy danışır.

Onlar evlərinə yaxın ərazidə torpaq sahəsi alıblar. Niyyətləri bu tarlada ev tikib yaşamaq, həm də əkin-biçinlə məşğul olmaqdır.

Yılmaz bəy həvəslə bizə tarlasını göstərir. Böyük bir ərazidə səliqə ilə müxtəlif ağaclar əkilib. Təbii həm də zeytun. Zeytun bu yerlərin əvəzsiz ağacı sayılır, çünki zeytundan alınan yağ ailə üçün yaxşı gəlir deməkdir.

İqtisadçı peşəsini bağçılığa dəyişməkdən məmnun görünən Yılmaz bəy toprağı necə münbitləşdirməsindən ağızdolusu danışır, atılmış qidaları, təbii tullantıları yığıb gətirib basdırdığı çalaları göstərir. Orda çürüyən tullantılar sonra torpağa gübrə kimi verilir.

Image caption Yılmaz Doğru: "Təbiətdə olanda xoşbəxtlik hiss edirsən, azadlığı hiss edirsən... Sanki zaman deyilən bir şey yoxdur. Nə gələcək var, nə keçmiş. Zamansız bir yerdə dönüb-dönüb durursan"

Yılmaz bəylə dəniz sahilinə enirik. Üzünü dənizə çevirib uzaqlara baxır. Nə hiss etdiyini soruşuram.

"Təbiətdə olanda xoşbəxtlik hiss edirsən, azadlığı hiss edirsən... Sanki zaman deyilən bir şey yoxdur. Nə gələcək var, nə keçmiş. Zamansız bir yerdə dönüb-dönüb durursan.

Burda bahar fərqlidir. Əslində buranın hər mövsümü gözəldir. İstərdim həyatımın sonu bura, ya da bura kimi bir yerdə sona çatsın.

Uşaqlar əvvəl axır şəhərə qayıdacaqlar. Bəlkə hətta təhsillərinə görə biz də onlarla bərabər məcburən bir müddət şəhərdə yaşadıq, bəlkə yalnız anaları ilə getdilər, bilmirəm. Əsas qayğım o idi ki, uşaqlar təbiəti tanısınlar, təbiətlə bir bağlılıqları olsun. İndi İstanbulda kartofu ağacda, almanın yerdə bitdiyini güman edən uşaqlar var.

Təbiəti acgözlüklə tükətməmək lazımdır. Təbiətlə dil tapıb anlaşmaq lazımdır".

Bu barədə daha geniş