BBC-nin Mehriban Əliyevaya sualından sonra İçərişəhərdəki restoranın damında söküntü aparılır

İçərişəhər
Image caption İçərişəhərdə tikintisi nəzərdə tutulan restoranın damında söküntü aparılır.

İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işləri aparılır. BBC News Azərbaycancanın ərazidə olan müxbiri müşahidə edib ki, yarımçıq tikilinin bir neçə gün əvvəl betonlanmış ikinci mərtəbəsində fəhlələr hissələri sökərək aşağı atır.

Bu, 1-ci vitse-prezident Mehriban Əliyevanın keçən həftə İçərişəhər ərazisində BBC News Azərbaycanca müxbirinin sualına cavabdan sonra baş verir. Mehriban Əliyeva "İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır" demişdi.

Image caption Mehriban Əliyeva BBC News Azərbaycancaya müsahibəsində demişdi ki, "Qala divarlarını heç nə bağlamamalıdır".

BBC News Azərbaycanca müxbirləri cümə günü ərazidə olarkən tikintinin üst mərtəbəsində olan dəmir konstruksiyanın üzərinin beton örtüyü ilə bağlanıldığını görüb. Bu gün isə ərazidə olan müxbirimiz müşahidə edib ki, həmin beton örtük fəhlələr tərəfindən sökülüb yerə tökülür.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsindən bunu nə təsdiq, nə də təkzib ediblər. Ancaq Qoruq əməkdaşlarından biri müxbirimizə deyib ki, sökülən taxta restoranın yerində beton və dəmirdən restoran tikilir və onun üzərinə yemək xidməti üçün nəzərdə tutulmayan terras quraşdırılır.

Ötən həftənin cümə günü İçərişəhərdəki tikintinin qarşısında BBC News Azərbaycancaya müsahibə verən 1-ci vitse-prezident bildirib ki, "burada olan obyektlər hansı vəziyyətdə, hansı hündürlükdə idisə, eyni o şəkildə olmalıdır".

Söküntü işləri Mehriban Əliyevanın müxbirimizə müsahibəsindən dərhal sonra başlayıb.

Bir müddətdir ki, Azərbaycanda sosial şəbəkələrdə İçərişəhərdə Qala divarlarının qarşısında restoran tikintisinə etiraz edilirdi.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Azərtaca deyib ki, İdarə tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir.

Ərazi ilə tanış olduqdan sonra 1-ci vitse-prezident Mehriban Əliyeva İçərişəhərə gələrək tikintiyə baxıb və BBC News Azərbaycancanın həmin vaxt ərazidə olan müxbirinə "Qala divarlarını heç nə bağlamamalıdır" deyib. O bildirib ki, restoran əvvəl necə idisə, eləcə də qalacaq.

Əvvəllər orada taxta konstruksiyalı "Manqal" və "Sehrli təndir" restoranları fəaliyyət göstərib.

Bir müddət əvvəl həmin restoranlar sökülüb və yerində metal və beton konstruksiyalardan istifadə olunaraq yeni tikililərin inşaat işləri aparılıb.

Yay aylarında bitəcək tikinti işləri hər iki restoranın olduğu ərazini əhatə edir.

Bu barədə daha geniş