Mehriban Əliyevaya İçərişəhər barədə nə məlumat verilmişdi?

Mehriban Əliyeva
Image caption Mehriban Əliyeva BBC News Azərbaycancanın suallarını cavablandırır

Mehriban Əliyevaya sual vermis bir müxbir kimi mən Birinci vitse-prezidentin İçərişəhərdə "Qala divarları" mübahisəsi barədə yetərincə məlumatlı olmadığını müşahidə etdim.

Çünki ölkənin Birinci vitse-prezidenti "indi nə olacaq, bu söküləcək, yoxsa qalacaq, qərarınız nədir" sualına çaşqınlıqla "siz nəyi nəzərdə tutursuz" cavabını verdi.

Bu ayaqüstü müsahibə zamanı anlamadım, Mehriban Əliyeva niyə sualımı sualla qarşıladı? Məgər ikimiz də eyni məsələdən: Qala divarlarının yaxınlığında tikilən restoranın rekonskstruksiyasının ictimaiyyət arasında doğurduğu narazılıqdan danışmırıqmı?

Mən sualımın sualla niyə qarşılandığını sonra anladım: Birinci vitse-prezidentin Azərtaca verdiyi açıqlamasını oxuyandan sonra...

Hər ikimiz- Birinci vitse-prezident və BBC News Azərbaycancanın müxbiri olaraq biz Qala divarlarına bitişik tikili ətrafında narazılıq olduğunu bilirdik, amma sən demə, məlumatımız fərqli rakurslardan idi.

Azərtaca verdiyi açıqlamanı oxuyandan sonra anladım: Mehriban Əliyevada ona təqdim edilmiş məlumatlar əsasında əminlik yaranıb ki, sosial mediada olan narazılıq hansısa köhnə fotolardan doğub.

Çünki Mehriban Əliyeva tikinti işləri ilə tanış olarkən deyib: "Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər".

Image caption İçərişəhərdə əvvəl birmərtəbəli olan taxta konstruksiya sökülüb, yerində ikimərtəbəli konsturksiya quraşdırılırdı

Birinci xanım daha sonra əlavə edib: "Mən bilirdim, bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur".

Ancaq sosial mediada narazılıq 1954-cü ilə aid edilməsi söylənən fotolardan doğmamışdı, elə məhz bu tikintidən yaranmışdı. Narazılığın ümumi tezisi bu idi: "Qala divarlarının dibində kafe-restoran tikdikləri bəs deyil, üstəlik, üstünü də qaldırırlar ki, daha çox qazansınlar. Tarixi abidə onların, yəni hakimiyyətin nəyinə lazımdır?"

Bu tipli "üsyankar statusları" İşərişəhərdə nə vaxtsa aparılmış söküntüdən, dağıntıdan və ya hansısa bərpa işləri zamanı çəkilmiş fotolar da bəzəyirdi.

İçərişəhər sovet dövründə də dağıdıcı əllərin qurbanı olmuşdu, müstəqilliyin ilk illərində də… Ordakı yeni tikililər bunun bariz sübutudur.

Ancaq artıq ictimaiyyət İçərişəhərdən qara əllərin çəkilməsini, bu mədəniyyət abidəsinin qorunmasını istəyir. Qala divarlarının yanında aparılan rekonstruksiya işləri də ona görə qəzəb doğurmuşdu: "Bitmədimi?" mesajı ilə.

Elə bu arada Fransada "Notre-Dam kilsəsində yanğın baş verdi, yanğın söndürülməmiş arıtq fransız milyonçuları 850 illik tarixi abidənin yenidən bərpası üçün ianə kampaniyasına başlamışdı.

Azərbaycan ictimaiyyəti uzaq Fransada fransız zənginlərinin öz tarixi abidəsinə verdiyi qiyməti tarixi əhəmiyyətinə görə heç də "Notre-Dam" kilsəsindən geridə qalmayan İşərişəhərə münasibətlə bir tərəziyə qoymuşdu və tərəzinin gözünün fransızlardan dolayısı ağırlaşması "Qala divarı" qəzəbini getdikcə körükləyirdi.

Sirr deyil ki, hakimiyyət son vaxtlarda sosial mediada insanların kütləvi qaldırdığı, kütləvi narazı qaldığı məsələlərə həssas yanaşır. Bu, hansısa media orqanı deyil ki, hansısa qüvvəyə bağlayasan və ya jurnalisti subyektivlikdə günahlandırasan.

Sosial mediada hansısa məsələdə narazılığın arxasında duran Azərbaycan vətəndaşıdır və yüz minlərlə vətəndaşın hansısa məsələyə ayrı-ayrılıqda, amma üst-üstə düşən subyektiv rəyi nəticədə obyektiv bir baxışa çevrilir.

Fotonun müəllifi Azertac
Image caption Birinci vitse-prezident Mehriban Əliyeva İçərişəhərdə Qala divarları qarşısında aparılan tikinti işləri ilə tanış olur

Kim Qala divarları məsələsində Birinci vitse-prezidentə bu qəzəbin 1954-cü ildəki fotolardan qaynaqlandığını çatdırmışdi? Axı, bu təhrif olunmuş məlumatların nəticəsində verilən və ya veriləcək qərar da yanlış olacaqdı və qəzəbin üstünə su səpməyəcəkdi.

Bunu araşdırmaq Birinci vitse-prezidentin katibliyinin üzərinə düşür. BBC News Azərbaycanca olaraq, biz ictimaiyyəti narahat edən əsas məqamı səsləndirdik və cavab istədik.

Müşahidəmə görə, Birinci vitse-prezident onda olan məlumatla mənim səsləndirdiyim məlumat arasında ciddi fərqi dərhal sezdi, bu məsələdə ictimai mövqenin hansısa köhnə fotodan doğmadığının fərqinə vardı və ona görə öz mövqeyini səsləndirdi: "Mənim fikrimcə, İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır" deyə sualımızı cavablandırdı.

Image caption İçərişəhərdə mübahisəli tikinti sökülür

Azərtac-ın yaydığı açıqlamada Mehriban Əliyeva "bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur" söyləmişdi.

Bir gün sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi belə bir məlumat yaydı: Mehriban Əliyeva tapşırıb ki, ərazidəki konstruksiyalar birmərtəbəli olaraq quraşdırılsın.

BBC News Azərbaycancanın müxbirləri də Qala divarlarının yanında tikilən restoranın ikinci mərtəbəsinin sökülməsinin şahidi olublar.

Doğru, ikinci mərtəbənin sökülməsi də tairix abidələrin qorunmasını istəyən, tarixi mədəniyyətinə sahib çıxanların yanğısına su ələmədi: onlar turistlərin tarixi abidələrin dibində kabab yeməsini yox, ona heyranlıqla baxmasını istəyirlər.

Bunun üçün isə memarların, tarixçilərin, sənətşünasların daha geniş rəyinə ehtiyac var: İçərişəhər necə qorunmalıdır sualına cavab verən rəylərə.

Bu barədə daha geniş