Elman Rüstəmov: "Bu il inflyasiya aşağı olacaq"

Elman Rüstəmov Fotonun müəllifi AZERTAG

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib.

Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov cümə günü faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən edilib.

"İnflyasiya aşağı olacaq"

Elman Rüstəmov bildirib ki, Mərkəzi Bankın qiymət artımı ilə bağlı gözləntiləri sabit qalıb.

"Bu il inflyasiyanın aşağı olacağı gözlənilir. Bu, təxminən, 4% təşkil edəcək. Beynəlxalq Valyuta Fondu və beynəlxalq maliyyə-kredit təşkilatlarının proqnozları bizim hədəfimizin altındadır".

"Kredit faizləri"

Elman Rüstəmovun sözlərinə görə, "Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi gündəmdən çıxıb".

"Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub. Kredit faizlərinə tavan müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib-çıxara bilər", - o bildirib.

Saxta pullar

Elman Rüstəmovun dediyinə görə, Azərbaycanda hər 200 min pul nişanından biri saxtadır.

Onun sözlərinə görə, Mərkəzi bank saxta əskinazlarla mübarizə məqsədilə vaxtaşırı milli valyutanın modernləşdirilməsini həyata keçirir.

Cənab Rüstəmov əlavə edib ki, bunun üçün 200 manatlıq əskinazların hazırlanmasına ən yüksək texnologiyalar tətbiq olunub.

"Azərbaycan bankomatlarının müdafiə səviyyəsi olduqca yüksəkdir. Hazırda Azərbaycanda dövriyyədə 213 milyon ədəd pul nişanı var. Bizdə 200 min əskinaza 1 saxta pul düşür. Avropada 30 min əskinaza 1, Rusiyada isə 130 min əskinaza 1 saxta pul düşür".

Bu barədə daha geniş