Azərbaycanın "İpək Yolu" layihəsində iştirakından nə gözləməli?

İlham Əliyev, Çin, İpək Yolu Fotonun müəllifi President.az
Image caption Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev Çində II İpək Yolu Forumunda iştirak edib. Bu, İlham Əliyevin Çinə ikinci rəsmi səfəridir.

Çinin İpək Yolu layihəsi (Belt and Road İnitiative) bütün Asiya qitəsini Avropa ilə birləşdirmək məqsədi daşıyır. Bu məqsədlə artıq bir neçə il ərzində həm Cənub-Şərqi Asiya ölkələri, həm də Cənubi Qafqaz ölkələri (əsasən Azərbaycan və Gürcüstan) Çinlə ticarət yollarına aid olan bir sıra müqavilələr imzalayıb.

Bu layihələrə Trans-Xəzər Tranzit Dəhlizi, Şimal-Qərb Ticarət Dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolunu misal göstərmək olar. Ümumilikdə bu illər ərzində, İpək Yolu layihəsinə 90 milyard ABŞ dollarından çox vəsait yatırılıb.

Heç kəsə sirr deyil ki, artıq son bir neçə ildə Çin Asiyadan başqa Cənubi Qafqaz regionunda da böyük nüfuz qazanmaq məqsədi güdür. Bu kontekstdə region ölkələrindən Gürcüstan Çinin əsas ticarət partnyoru hesab edilir. Çin şirkətlərinin Gürcüstandakı dəniz limanlarına çıxışının olması, həmçinin Çinin müxtəlif tikinti şirkətlərinin ölkədə fəallığı bunu deməyə əsas verir.

Azərbaycan rəsmilərinin də son illərdə Çinə tez-tez səfərə getməsi və Çinin nümayəndə heyətlərinin Bakı toplantılarında iştirakı göstərir ki, rəsmi Bakı da Çinlə sıx əməkdaşlıqda maraqlıdır. Məhz bu baxımdan Azərbaycan özünün "tranzit ölkə" kimi vacibliyində daha çox maraqlıdır.

İpək Yolu layihəsi çərçivəsində həyata keçən ticarət dəhlizlərinin böyük hissəsi Xəzər Dənizi vasitəsilə Azərbaycana və daha sonra Gürcüstana birləşir. Bu da Azərbaycana dünya ticarət yolları şəbəkəsində mühüm rol oynamaq imkanı yaradır.

Pekində bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə keçirilən təkbətək görüşlərdən sonra Azərbaycanla Çin arasında 820 milyon ABŞ dolları dəyərində yeni ticarət müqaviləsi imzalandı.

Bu keçmiş Sovet ölkələri ilə imzalanan ən yüksək dəyərli ticarət müqavilələrindən biridir. Müqavilənin əsas detalları və onun tərkibi hələ ictimaiyyətə məlum tam olmasa da, müəyyən müddəalar artıq bəllidir. Müqaviləyə əsasən, Çin dövlət şirkətləri Quba, Göyçay və Xaçmaz rayonlarında yeni sənaye parkları inşa edəcək, Kürdəmirdə aqro-sənaye kompleksi (300 hektar) və Sumqayıt şəhərində yeni kimya-sənaye parkının inşasını həyata keçirəcək.

Müqaviləni imzalayan şirkətlərin sözlərinə görə, əsas məqsəd Azərbaycanda yüngül sənaye sahəsinin inkişafına təkan verməkdir. Həmçinin bu müqavilə ilə Azərbaycan ərazisindən keçən Çin mallarının həcmində və Azərbaycandan bu ölkəyə ixrac edilən (əsasən Azərbaycan şərabı) məhsulların həcmində artım nəzərdə tutulub. Ümumilikdə dövlət qurumlarının bəyanatına görə, Çin - Azərbaycan ticarət dövriyyəsi 2018-ci ildə 1,3 milyard dollar həcmində olub. Çindən idxal edilən malların həcmində isə 40 faiz artım var.

Şübhəsiz ki, İlham Əliyevin Çinə rəsmi səfərinin əsas məqsədlərindən biri də, rəsmi Pekinlə daha yaxın və uzunmüddətli münasibətlər quraraq əsas regional partnyora çevrilmək idi.

Azərbaycan və Çin dövlət başçılarının təkbətək görüşündə də bu fikir səsləndirildi. Rəsmi bəyanat görə, Çin həm Azərbaycanın bütün beynəlxalq təşəbbüslərini və əsas da onun ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Bu məqamda onu qeyd etmək lazımdır ki, bəyanatda açıq şəkildə Dağlıq Qarabağın hansı ölkənin tərkib hissəsi olmağı ilə bağlı spesifik müddəa yer almayıb.

Görünən odur ki, rəsmi Pekin əvvəl də olduğu kimi indi də Dağlıq Qarabağ məsələsində konkret bir ölkənin yanında yer almağı düşünmür - Çin Ermənistanla da kifayət qədər sıx əməkdaşlıq içərisindədir. Hərçənd İlham Əliyev Dağlıq Qarabağ məsələsini Pekində səfərdə olan Prezident Vladimir Putinlə təkbətək müzakirə edib. Bağlı qapı arxasında keçirilən görüşdə hər hansı nəticənin olub olmadığı hələ məlum deyil.

Ümumilikdə deyə bilərik ki, Azərbaycan Prezidentinin Çinə səfəri bu ölkə ilə sıx ticarət münasibətlərinin qurulmasına hədəflənib. Özünün "qeyri-neft sektorunun" inkişafına çalışan Azərbaycan üçün Çindən gələcək investisiyalar mühüm əhəmiyyət kəsb edir. Baxmayaraq ki, Çin şirkətləri biznes mühitinə görə daha çox Gürcüstana meyillidirlər, potensial bazar olaraq onlar Azərbaycanın da çox əhəmiyyətli olduğunu təsdiq edirlər.

Bu barədə daha geniş