Prezidentin Ehtiyat Fondu: prezidentin "cib xərci", yoxsa "ümid yeri?"

Ilham Əliyev Fotonun müəllifi President.az

İlham Əliyevin Prezidentin Ehtiyat Fondundan mart ayında Yazıçılar Birliyinə ayırdığı 800 min manata maaş artırılır, yazıçılara mükafatlar verilir.

Bu fondu bəzi iqtisadçılar "cib xərci" adlandırırlar, hakimiyyət təmsilçiləri isə bu epiteti qəbul etmirlər.

İqtisadçı Nemət Əliyev hesab edir ki, istənilən sahə ilə bağlı xərclər növbəti ilin büdcəsi hazırlananda müəyyənləşdirilə bilər.

Millət vəkili Vahid Əhmədova görə, hələ ki, bu fonda Azərbaycanın ehtiyacı var, ölkə "tam demokratikləşəndə, müəyyən problemlər həllini tapanda buna ehtiyac qalmayacaq".

Yazıçılar Birliyi prezident puluna nə edir?

"Biz maaşlardan başlayırıq. Bizim jurnal və qəzetlərdə 110-120 manat alan şəxslərin maaşını artırırıq", Prezident Fondundan 800 min manat pul ayrılmış Yazıçılar Birliyinin katibi Fikrət Qoca prezident pulunu necə bölüşdürdüklərindən danışır.

Mart ayında Prezident Fondundan müxtəlif ictimai birliklərə 2 milyon manatdan çox vəsat ayrılmışdı.

Fikrət Qoca deyir ki, yerdə qalan vəsaitə də kitablar buraxacaqlar, qurumun qurultayına dəvət edəcəkləri qonaqlar üçün xərcləyəcəklər.

Prezidentin Ehtiyat Fondundan təkcə yaradıcılıq birliklərinə maliyyə ayrılmayıb. Bu ilin əvvəlində Beyləqanda, Sumqayıtda abadlıq-quruculuq işlərinə, məktəb tikintisinə, avtoçobil yollarının təmirinə, film istehsalına 16 milyon manat ayrılıb.

"Bu, plansızlıqdır"

Amma bəzi iqtisadçılar bu fondun maliyyə fəaliyyətinə şübhə ilə baxırırlar.

İqtisadçı Nemət Əliyev düşünür ki, fonddan şəffaflıq tələb edən qurum da yoxdur: "Kim deyə bilər pullar hara xərclənib? Kim o şəffaflığı tələb edəcək? Bunu araşdırmağın, tələb etməyin mexanizmi də yoxdur".

Onun sözlərinə görə, istənilən sahə ilə bağlı xərclər növbəti ilin büdcəsi hazırlananda müəyyənləşdirilə bilər, ən azı 5-6 ay öncədən bununla bağlı həmin qurumlar hökumətə əsaslandırma, texniki-iqtisadi göstəricilər təqdim etməlidirlər.

İqtisadçının qənaətincə, bu gün plansızlıq ucbatından ölkədə milyardlarla manat havaya sovrulur.

O, planlaşdırılması mümkün olmayan hallarla, məsələn, yanğın, təbii fəlakət və s. kimi situasiyalarla bağlı isə büdcənin özündə ayrıca vəsait nəzərdə tutulmasının mümkünlüyünə də toxunur.

Prezidentin Ehtiyat Fondunu İlham Əliyevin "cib xərcliyi" üçün mənbə sayan Nemət Əliyev əlavə edir ki, bu, İlham Əliyevin "şəxsi vəsaiti deyil ki, necə gəldi xərcləsin".

"Prezident hara gedirsə, məktəb, yol tikintisinə cibindən çıxarıb milyonlar xərcləyir... Bunu elə dövlət büdcəsi müzakirə ediləndə də planlaşdırmaq olardı. Bu cür idarəçilik normal deyil, proqramsızlığın nəticəsidir", - Nemət Əliyev bildirir.

Rəsmi məlumatda ayırmalarla bağlı məlumatların təhlili göstərir ki, 2006-cı ildən üzü bəri Fonda dövlət büdcəsindən təxminən 3 milyard 350 milyon manat vəsait ayrılıb. Bu da hər ilə ortalama 240 milyon manat deməkdir.

"Fond ləğv edilməlidir"

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, Fondun vəsaiti prezidentin populyarlığı üçün istifadə olunur.

"Məktəb, ya yol tikintisi büdcənin investisiya xərclərindən maliyyələşır. İnvestisiya büdcəsinin hara, necə xərclənməsi ilə bağlı sərəncam da prezidentə məxsusdur. Əslində, prezident həm investisiya büdcəsi, həm də Ehtiyat Fondu üzərində sərəncam verir.

Qubad İbadoğluna görə, inkişaf etmiş ölkələrin heç birində alternativi olmayan Prezidentin Ehtiyat Fondu ləğv edilməlidir.

2019-cu ilin dövlət büdcəsində dövlət büdcəsinin Ehtiyat Fondu üzrə 100 milyon manat, Prezidentin Ehtiyat Fondu üzrə isə 300 milyon manat vəsait nəzərdə tutulub.

İqtisadçı Qubad İbadoğlu bu ilin büdcəsindən ehtiyat fondlarına ayrılan 400 milyon manat vəsaitin dörddə üçü prezidentin, dörddə biri isə dövlət büdcəsinin ehtiyat fonduna yönəldilməsi "ədalətsiz bölgü"dür.

"Vəsait şəffaf xərclənir"

Amma hakimiyyət təmsilçiləri bununla razılaşmır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Hüseynov BBC News Azərbaycancaya açıqlamasında Fondun "çox səmərəli" fəaliyyət göstərdiyini bildirir.

"Əgər PEF-dən ayrılan vəsait, məsələn, zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəlibsə, hesab edirəm ki, ən vacib istiqamətə yönəlib. Cənab prezident vətəndaşlarımızın ən dar günündə yanlarında oldu və burda hər hansı qeyri-səmərəlilikdən söhbət gedə bilməz".

Deputat həmin vəsaitin "təyinatı üzrə, şəffaf və məqsədyönlü şəkildə" xərcləndiyini bildirir.

"Özü xərcləyirsə, qeyri-şəffaf nə ola bilər?"

"Azərbaycanda şəffaflığın problem kimi qaldığını" söyləyən digər millət vəkili Vahid Əhmədov dövlət büdcəsinin "bəzi hissələrində, məsələn, əsaslı tikintiyə xərclənmələr ilə bağlı şəffaflıq olmadığını" əlavə edir.

"Amma bu, prezidentin fondudur da, şəffaflığa da özü nəzarət edir, özü xərcləyir, qeyri-şəffaf nə ola bilər? İndiki halda bu Fonda ehtiyac var. Azərbaycan tam demokratikləşəndə, müəyyən problemlər həllini tapanda buna ehtiyac qalmayacaq", Vahid Əhmədov deyir.

"Məsələn, prezident hansısa rayonda görüş keçirir. Orda əhali müraciət edir ki, filan məsələ həll edilsin, bu, məktəb tikintisi, yol çəkilişi ola bilər, bu halda fondun vəsaitindən istifadə olunur", o əlavə edir.

Deputatın qənatinə görə, heç də bütün hadisələri qabaqcadan proqnozlaşdırmaq mümkün deyil, ona görə də istənilən vaxt vəsaitə ehtiyac yarana bilər: "Azərbaycan müharibə aparan dövlətdir, istənilən vaxt vəsaitə ehtiyac yarana bilər. Bu vəsaitin büdcədə nəzərdə tutulmaması da mümkündür. İkincisi də dövlətin başçısıdır. Ona müraciətlər olunur, hüquq şəxslər kömək istəyə bilər. Bir məsələ də var, bu vəsaitin büdcədə nəzərdə tutulmaması da mümkündür".

Gürcüstan nümunəsi

"Milli Büdcə Qrupu" bir neçə il öncə 22 ölkənin, xüsusən postsovet və Şərqi Avropa ölkələrdə Prezident Fondları təcrübəsini öyrənib.

Məlum olub ki, belə bir fond yalnız Azərbaycanda və Gürcüstanda mövcuddur.

Gürcüstan artıq 2018-ci ilin dekabrında Prezident Fondunu ləğv edib.

Bu barədə daha geniş