Bakı: "Molokanların ibadət evi" kimi tanınan bina nəzarətə götürülüb

Bina

"Molokanların ibadət evi" kimi tanınan bina nəzarətə götürülüb, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Fariz Hüseynov BBC News Azərbaycancaya məlumat verib.

O bildirib ki, "molokanların ibadət evi" tarixi abidə kimi dövlət qeydiyyatında deyil, lakin abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb.

Bir neçə gündür "molokanların ibadət evi" kimi tanınan binanın sökülməsi məsələsi ictimaiyyət arasında geniş müzakirə olunur.

Bina mülkiyyətçisinin hazırda orada kirayəçi olan "Salaam Cinema" mədəni fəaliyyət qurumunun rəhbərliyinə binanın sökülməsi ilə bağlı xəbərdarlıq etməsindən sonra məsələ ictimailəşib.

Binanın bir dəfə sökülməsinə cəhd edilib, lakin sonradan özünü mülk sahibinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Bəhruz Əhmədov kirayəçilərə iyunun 15-dək zaman verib, Salaam Cinema nümayəndələri bildiriblər.

Gənclər isə bu binanın sökülməsini istəmədiklərini qeyd ediblər.

Dövlət Xidmətinin rəsmisinin sözlərinə görə, bina ilə bağlı araşdırma aparılır:

"Hazırda orada hansısa söküntü işi görülmür. Əgər bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq. Siyahıya salındığı təqdirdə, bina özəl mülkiyyətdə olsa belə, orada söküntü işləri aparmaq mümkün olmayacaq. Ümumiyyətlə, Xidmətin siyahısında olan abidənin tarixi görkəminə hər hansı şəkildə xələl gətirilməsi qanunla qadağandır".

Fariz Hüseynov deyir ki, özəl mülkiyyətdə olan tarixi abidələrdə hər hansı tikinti və ya söküntü işləri aparılması üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən icazə alınmalıdır.

"Bizim qurum Elmlər Akademiyasına müraciət edəcək və onlar binanın tarixi abidə olub- olmaması baxımından dəyərləndirmə aparacaqlar. Ondan sonra qərar veriləcək", deyə cənab Hüseynov qeyd edib.

1900-cü illərin əvvəllərində tikildiyi bildirilən bu bina sökülə bilər. Sənətşünaslar bu binanın 1913-cü ildə molokanların dua evi kimi tikildiyini söyləyirlər.

Bu barədə daha geniş