Azərbaycanda həbsxanalar: islahatlar nəyi nəzərdə tutur?

penitensiar xidmət müəssisəsi Fotonun müəllifi JOHN MACDOUGALLAFP GETTY IMAGES

Azərbaycanın penitensiar müəssisələrdə məhbuslara qarşı davranışların, onlara göstərilən tibbi xidmətin, qidalanma şəraitinin və bir sıra digər məqamların yaxşılaşdırılması nəzərdə tutulub, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes penitensiar islahatlara həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda istintaq təcridxanalarında saxlanan şəxslərlə birgə hər 100 min əhaliyə 235 məhbus düşür. Buna görə Avropa Şurası məkanında Rusiya və Gürcüstandan sonra üçüncü yerdədir.

Azərbaycanda həmçinin orta hesabla azadlıqdan məhrum etmə müddəti ən yüksəkdir, avropalı rəsmi qeyd edib.

Ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi Ceyhun Həsənov isə deyib ki, Avropa Şurası ilə birgə keçirilən öncəki illərin layihələrdə məhbuslara tibbi yardımın təkmilləşdirilməsi və psixi sağlamlıq xidmətinin inkişafı haqda planlaşdırılma aparılıb və həbsxanaların tibbi heyətinin imkanları inkişaf etdirilib.

Bir müddət öncə həbsdən çıxmış bəzi siyasi və ictimai fəallar BBC News Azərbaycancaya açıqlamalarında həbsxanalarda antisanitariyadan, qidalanmanın keyfiyyətsizliyindən, məhbuslara qeyri-insani davranışlardan, eləcə də kameraların qışda soyuq, yayda isə dəhşətli isti olmasından şikayət ediblər.

Image caption "Məhbusların rahatlıq məsələsində ən böyük bəlaları soyuq və isti idi", keçmiş məhbuslar deyirlər

"Biz ölkənin öz vətəndaşlarına qarşı necə rəftar etməsinə baxırıq"

Çərşənbə günü AŞ və Avropa İttifaqının (Aİ) Ədliyyə Nazirliyi ilə birgə tədbirində Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, onlar ilk növbədə "ölkənin öz vətəndaşlarına qarşı necə rəftar etməsinə" baxırlar:

"Bu, ədalətlidirsə, bütün hüquqlar qorunmuş olursa, biz gələcəkdə iqtisadi inkişafı və investisiyaları da gözləyə bilərik. Biz istəyirik ki, mümkün qədər az insan həbsxana sistemində saxlansın".

O, həmçinin Novruz qabağı imzalanan əfv sərəncamını alqışlayıb və "növbəti addımları gözlədiyini" deyib.

"Biz həm də məhkəmə-hüquq islahatları barədə fərmanı dəstəkləyirik. Hesab edirik ki, Azərbaycanda qanunun aliliyinin möhkəmləndirilməsi və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi olduqca vacibdir".

Image caption Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov: "Məhkumlar öz yaxınları ilə yalnız telefon vasitəsilə danışa bilirlər".

Mehman Sadıqov:"Penitensiar Xidmətdə islahatlar gedir"

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya bildirib ki, Azərbaycanda əvvəllər olan lüzumsuz qadağaların aradan qaldırılması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onlara göstərilən səhiyyə xidmətinin, verilən qidaların yaxşılaşdırılması istiqamətində islahatlar gedir.

Onun sözlərinə görə, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün bütün cəzaçəkmə müsəssisələrində və istintaq təcridxanalarında mütəmadi olaraq əsaslı təmir-tikinti işləri aparılır.

Məhkumların internetdən istifadəsi

Mehman Sadıqov söyləyib ki, məhkumların İnternetə çıxışı və ya Skype vasitəsilə əlaqə yaratması qanunvericiliklə tənzim olunmalıdır.

"Qanunvericilikdə belə norma yoxdur. Buna görə də məhkumlar öz yaxınları ilə yalnız telefon vasitəsilə danışa bilirlər. Penitensiar Xidmətin qanunvericilik təşəbbüsü hüququ yoxdur, amma bu, qanunvericiliklə əlavə norma qeyd olunsa, məhkumlar İnternetdən də istifadə edə bilərlər".

Bu barədə daha geniş