"Elina üçün susma”. Azərbaycanı sarsıdan intihar

Rəsm

Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün aprel ayında intihar etmiş 14 yaşlı məktəbli Elina Hacıyevanın ölümü Azərbaycanda şok effekti yaratdı.

Cəmiyyətdə böyük narazılıq doğuran həm də bu oldu ki, məktəbin direktoru intihar cəhdindən sonra hələ sağ olan Elinanı sorğu-sual etmiş, təcili yardım xidmətinə hadisədən iki saat sonra zəng vurmuş, xəstəxanada qızın valideynlərini onun yanına buraxmamışdılar.

Elinanın faciəsi Azərbaycanda heç müzakirə olunmayan problemlərə diqqət çəkdi. Həmin gün məktəbdə baş verənlərin video-görüntüləri sosial şəbəkələrdə ildırım sürətilə yayılmışdı.

Müşahidə kamerası. Məktəb dəhlizi

4 aprel, səhər saat 9, tənəffüs. Dəhlizdəki pəncərələrin böyrüylə bir qız irəliləyir. Sonra dayanıb küçəyə baxır. Heç kim ona fikir vermir. Azyaşlı şagirdlərdən biri nə baş verdiyinin fərqinə varanda artıq geciydi, bir neçə dəqiqə sonra Elinanı məktəbin həyətində yarı-ölü vəziyyətdə tapacaqdılar.

Elina Hacıyeva bu məktəbə təzə gəlmişdi. Sinif yoldaşlarının dediyinə görə, onunla heç kim dostluq etmirmiş. Paralel sinifdə oxuyan, Elinanın yeganə rəfiqəsi Nərgiz (ad dəyişdirlib) deyir ki, şagirdlər, o cümlədən, yuxarı sinif şagirdləri tez-tez onu döyürlərmiş: "Elina tualetdə ağlayanda qızlar ona baxıb gülürdülər. On birinci sinif şagirdinin onu döydüyünü mən özüm görmüşəm, Elinanı tez-tez itələyib təhqir etdiklərini də. Məsələn, o, dəhlizdə gedəndə 9-10 şagird yaxınlaşıb ona tüpürür və ya eynəyini əlindən alırdı".

Elinanın anası Sevil Hüseynova deyir ki, qızının incidilməsiylə bağlı dəfələrlə məktəb direktoruna şikayət edib, amma o, heç bir ölçü götürməyib, bildirib ki, məktəbdə çoxsaylı müşahidə kameraları var və hər şey onun nəzarəti altındadır: "Elinanın ölümündən sonra mən son videogörüntülərə baxmaq istədim, amma göstərmədilər, dedilər ki, silinib".

Nərgiz deyir ki, Elinanı müdafiə etmək üçün o da direktorun yanına gedibmiş. Sonra sinif rəhbəri onun anasına zəng vurub, deyib ki, qızınız Elinanı müdafiə etməsin, yoxsa onun da o cür problemləri yaranacaq.

İntihar olayından sonra sinif rəhbərini işdən kənarlaşdırıblar. Onun telefonuna cavab verən kişi xanımın müsahibə vermədiyini bildirib.

Elinanın ölümü Azərbaycanı silkələyib. #ElinaÜçünSusma və #BullinqəSon həştəqləriylə yüzlərlə status yazılıb, oxşar hadisələr işıqlandırılıb. İnsanlar özlərinin və ya uşaqlarının məktəbdə məruz qaldıqları zorakılıqlar haqqında yazıblar - kimisi kök, kimisi də mərhəmətli olduğuna görə bullinqlə üzləşdiyini bildirib. Analardan biri qeyd edib ki, qızına qarşı təzyiqlərin səbəbini soruşanda "Çünki o, sakit və mədənidir" deyə cavab veriblər.

Bullinq qurbanlarının müdafiəsi prosesinə ölkə siyasətçiləri, ziyalılar və şou-biznes nümayəndələri də qoşulublar. "Avroviziya" müsabiqəsinin qalibi Nigar Camal "Uşaqlarımızı xilas edin" deyə prezidentə müraciət edərək günahkarların ciddi şəkildə cəzalandırılmasını istəyib.

Azərbaycanda yeniyetmə intiharlarıyla bağlı statistika aparılmır - bu göstəricilər nə Statistika Komitəsində var, nəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, nə DİN və Baş Prokurorluqda, nə də ictimai təşkilatlarda. Məktəbdə nə qədər uşağın bullinqdən əzab çəkdiyi barədə məlumatsa heç yoxdur.

Əvvəllər bir neçə məktəbdə direktor işləmiş, bəzi təhsil layihələrinin müəllifi Rüfət Əliyev deyir ki, həm şagird, həm müəllim, həm də direktor olduğu dövrlərdə təzyiqlərə məruz qalıb: "Bu problemlər haqqında danışmamağa üstünlük verilir. Bir hadisə baş verəndə isə işçilər necə davranmaq lazım gəldiyini bilmirlər. Müəllim şagirdə bilik verməkdə maraqlı deyil, çünki bilik versə, repetitorluq edə bilməz, ac qalar. Şagirdlərin emosional vəziyyəti isə onu, ümumiyyətlə, maraqlandırmır".

Rüfət Əliyev qeyd edir ki, adətən, sinif rəhbəri təzyiqlər barədə məlumatlı olur, amma professional davrana bilmir: ya danlayır, ya da cəzalandırır: "Halbuki problemi anlamaq, görmək, digər davranış modelləri təklif etmək, bunun üçünsə həm müəllimləri, həm də direktorları öyrətmək lazımdır".

Psixoloq Azad İsazadə deyir ki, ölkədə hər 300-400 uşağa 1-2 mütəxəssis düşür. Bullinq hallarında psixoloqlar müəllimlər və valideynlərlə birlikdə çalışmalıdırlar, amma belə olmur: "Onlar bir komanda kimi fəaliyyət göstərməlidirlər, amma indi hər kəs məsuliyyəti başqalarının üstünə atmağa çalışır".

Həqiqi adını demək istəməyən, özünü Elmira kimi təqdim edən keçmiş məktəb psixoloqu da Asad İsazadənin dediklərini təsdiq edir: "Rəhbərlik valideynlərə, valideynlər rəhbərliyə etibar etmirlər. Bir-birilərini potensial düşmən olaraq görməsələr də, bir-birilərini qarşılıqlı olaraq təhlükəli hesab edirlər. Onlar özlərini düşmən qoşunların nümayəndələri kimi aparırlar, uşaqlarsa bu yalan və və riyakarlıq dolu mühitdə böyüyürlər".

Elinanın intiharından sonra KİV şagirdlərə qarşı digər zorakılılq faktlarından da yazmağa başlayıb. İctimai fəal Gülnarə Mehdiyeva deyir ki, qızcığazın ölümü cəmiyyəti, nəhayət ki, bullinq problemi haqqında danışmağa məcbur edib: "Elinanın ölümünə qədər bu mövzu aktual deyildi, heç kim həyəcan təbili çalmaq barədə düşünmürdü və bullinq problemi birbaşa məktəblə əlaqələndirilmirdi".

Bu hadisədən sonra sosial şəbəkələrdə Leyla Ucalın başına gələnlər də müzakirə olunmağa başlayıb. Qısa müddət şəhər kənarındakı internat-məktəbdə çalışmış Leyla öz statusunda yazıb ki, həmin məktəbdə işlədiyi iki həftə ərzində rəhbərliyin şagirdləri döydüyünü, alçaltdığını, uşaqların pis qidalandırıldığını və bərbad gigiyena şəraitində saxlandığını görüb.

Leyla bu haqda 2017-ci ildə də yazıbmış, amma onun "Facebook"-dakı yeni postu 2,2 min dəfə paylaşılıb, yerli mətbuatda dərc edilib. İki il əvvəl Leyla Təhsil Nazirliyinə bununla bağlı şikayət ərizəsi də yazıbmış. Nazirlikdən BBC-yə bildiriblər ki, hələ onun müraciətinə baxılır.

Mobil telefondakı video. Direktorun kabineti

Elina divanda uzanıb, üstünə alabəzək bir örtük atılıb. Kadr arxasındakı qadın səsi soruşur: "Sən 162 saylı məktəbdə oxumusan. Ordakı vəziyyət, sinfiniz, direktorunuz necəydilər?" Elina güc-bəlayla cavab verir: "Direktor mənimlə pis davranmırdı. Amma uşaqlar..."

Bu video cəmi bir neçə saniyə çəkir.

Sonra məlum olacaq ki, bu çəkilişi ərazinin yeniyetmələrlə iş komissiyasının sədri Xalidə Bayramova reallaşdırıb. O, müstəqil media portalı Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, məktəbə saat 11-də gəlib - məktəb direktoru zəng vurandan və Elina intihar edəndən iki saat sonra. Bayramova bildirib ki, təcili yardımı məktəbə məhz o çağırıb, videonu da ona görə çəkib ki, baş verən hadisədə şəffalığı təmin etsin. BBC-nin Xalidə Bayramovayla əlaqə saxlamaq cəhdləri boşa çıxıb.

Aprel 8-də Təhsil Nazirliyi məktəbin direktoru Sevinc Abbasovanı tutduğu vəzifədən azad edib. Bir həftə sonra məhkəmə ona qarşı təhlükədə qoyma və ölümlə nəticələnən məsuliyyətsilik ittihamları irəli sürərək onun haqqında ev həbsi qərarı çıxarıb.

"Əgər rəhbəri olduğun məktəbdə belə bir hadisə baş verirsə və sən, ilk növbədə, təcili yardıma yox, səni müdafiə edə biləcək məmura zəng vurursansa, bu kobudluqdur. İcra hakimiyyətini rəhbərliyi müdafiə etmək üçün çağırırlar, təcili yardımı və valideynləri isə uşağı müdafiə etmək üçün" - keçmiş məktəb direktoru Rüfət Əliyev belə deyir.

Rüfət Əliyevin fikrincə, bunun səbəbi direktorun məktəbi öz "qalası" hesab etməsidir və bu, sistem problemidir: "Məktəbin resursları şagirdə oranın öz qaydalarıyla idarə edilən yad ərazi olduğunu, ancaq direktora və müəllimlərə xidmət etdiyini göstərməyə yönəldilib".

Canlı yayım. Xəstəxana

"Aparatın içində heç nə yoxdur, o, boş-boşuna işləyir! Görürsüzmü, orda dərman yoxdur! " - xəstəxanada Elinanın cansız bədəninin yanında dayanaraq qışqırıb ağlayan atası belə deyir.

Aprelin 6-sı, səhərdir. Qızcığazın bədəninə dəstəkləyici sistem qoşulub, valideynləri müalicə həkimini axtarırlar, istəyirlər ki, gəlib aparatı Elinadan ayırsın və onun nədən öldüyünü desin. Amma həkim gəlib çıxmır.

Bloqçu və ictimai fəal Gültən Ramazanova baş verənləri "Faceebook"-da canlı yayımlayır. O, Elinanın anasıyla mərtəbə-mərtəbə gəzib qızcığazı müalicə edən həkimi axtarır. Videoçəkilişdən görünür ki, iki həkim bir-birinin adını verir.

Gültən "Facebook"-dakı "Həyat xətti" qrupunun administratorudur. O, aztəminatlı şəxslərə tibbi yardım üçün ianə toplayır. O, intihar etmiş Elinanın xəstəxanada kritik vəziyyətdə olduğunu eşitdiyi üçün ora gedib. Xəstəxanada Gültən qızcığazın valideynləriylə rastlaşıb və reanimasiya qapılarının "taybatay açıq olduğunu", həkimlərin "yayğın və ziddiyyətli cavablar verdiklərini" görüb baş verənləri yayımlamağa başlayıb.

Valideynləri Elinanı ilk dəfə onda, qızcığaz artıq öləndən sonra görə biliblər. Anası Sevil Hüseynovanın sözlərinə görə, onu iki gün qızının yanına buraxmayıblar, vəziyyətinin yaxşı olduğunu bildiriblər. Aprelin 6-da isə xəstəxanadan zəng vurub deyiblər ki, Elinanın vəziyyəti ağırdır. Xəstaxanada qızın bir neçə saat bundan əvvəl dünyasını dəyişdiyini öyrəniblər.

"Mən heç cür inana bilmirdim. Hətta qızımı ölmüş görəndə də inanmadım, fikirləşdim ki, bəlkə hələ komadadır, bəlkə heç ölməyib" - Elinanın anası Sevil belə deyir...

Gültənin sözlərinə görə, artıq Elinadan cəsəd qoxusu gəlirmiş: "Demək ki, o, çoxdan ölübmüş. Amma hələ də aparata qoşulmuş vəziyyətdəydi, yanında şpris və dərmanlar vardı".

Həmin vaxt uşağı həmin xəstəxanada müalicə olunan qadınlardan biri BBC-yə danışıb ki, tibb bacıları Elinanın meyitini o palatadan bu palataya aparırlarmış.

Səhiyyə Nazirliyinin mətbuat xidməti hadisəylə bağlı istintaq getdiyini əsas gətirərək baş verənləri şərh etməyib. Prokurorluq BBC-nin məsuliyyətə həkimlərin də cəlb edilib-edilməməsi barədə sualına cavab verməyib.

Mobil telefondakı video. Küçə

Çiynində aşırmalı çanta, başında çəhrayı rəngli, qotazlı papaq olan gənc kişi əl-qol hərəkətləriylə danışa-danışa yeniyetmə qızın əlindən yapışıb onu təhqir etməyə başlayır: "Əxlaqsız, satqın, sənə ayıb olsun. Mənim namizədimdən - Mehriban Əliyevadan üzr istə!"

Qız ağlayır və tələb edir ki, adam əlini onun qolundan çəksin. Yaxınlıqdan bir polis keçir - baş verənlərə müdaxilə etmədən. Nəhayət, yaşlı bir kişi qızın köməyinə gəlir.

Videonu çəkən 14 yaşlı S.Y.dir. Elinanın xatirəsini anmaq üçün o və bir neçə başqa gənc bu hadisədən dörd gün əvvəl qızcığazın oxuduğu məktəbin həyətinə gül qoyublar və orda polislərin, o cümlədən, mülki geyimli şəxslərin təzyiqilə üzləşiblər. Aksiya iştirakçılarından birinin dediyinə görə, polislər onlardan "Lideriniz kimdir" deyə soruşublar.

S.-nin anası Zümrüd Yağmur hesab edir ki, qızına qarşı hücum həmin aksiyayayla bağlıdır. Həmin şəxsin niyə məhz Mehriban Əliyevadan üzr istənilməsini tələb etməsi aydın olmayıb.

Hadisədən sonra məlum olub ki, S.ni təhqir edən şəxs Tural Qarayevdir - ictimai tədbirlərə gedib iştirakçıları təhqir edən şəxs. Məsələn, son dəfə o, 8 martda məişət zorakılığına qarşı keçirilən aksiyaya qatılıb, iştirakçıları satqın adlandırıb və onlardan da Mehriban Əliyevadan üzr istəməyi tələb edib. S.ə hücumundan sonra Tural Qarayev həbs olunub və xuliqanlıq ittihamıyla 15 sutka azadlıqdan məhrum edilib.

Həbsindən bir neçə saat əvvəl çəkdiyi videoda Qarayev müxalifəti "dövlətin düşməni" adlandırıb, deyib ki, "müxalifət mətbuatı" ona qarşı böhtan kampaniyası aparır. Qarayev gənc qıza qarşı zorakı davranmadığını, sadəcə "bu adamların xalqa və dövlətə qarşı kampaniya aparmaq üçün Elinanın adından istifadə etdiklərini" çatdırmaq istədiyini deyib.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, bu hadisə hakimiyyətin ölkədə istənilən növ həmrəylik nümayişindən, müxtəlif problemlərlə bağlı ortaq mövqe sərgilənməsindən ehtiyat etdiyini göstərir: "Belə tədbirlər nə Azərbaycanda qadağan olunub, nə də dünyanın hansısa başqa bir ölkəsində. Sən məktəbin həyətinə gül qoymaq üçün icra hakimiyyətindən icazə almırsan. Təcrübə göstərir ki, insanlar hələ də bir araya gəlib hər hansı problemin həllini tələb edə bilirlər".

Rəsul Cəfərov hesab edir ki, Qarayev kimi fəallar - müstəqil jurnalistlərin və müşahidəçilərin bir çoxu onları provakator adlandırır - təhlükəli tendensiyadır. Qarayevin video-müraciətindən görünür ki, o, yuxarıların tapşırığıyla yox, öz təşəbbüsüylə hərəkət edib.

"Hakimiyyətyönlü media uzun illərdir ki, bu ritorikadan istifadə edir. Rəsmi şəxslər də tez-tez deyirlər ki, ölkədə sabitliyi pozmaq istəyən naməlum qara qüvvələr var. Turalın səsləndirdiyi arqumentlərdən görünür ki, insanlar həmin o rəsmi ritorikaya inanırlar", - Rəsul Cəfərov belə deyir.

***

Elinanın ölümündən bir ay keçir, amma hələ də üçmərtəbəli məktəbin ağ hasarı üzərində güllər var. Mühafizəçiylə birlikdə mənə yaxınlaşan, sinəsinə "Məktəblinin dostu" yazılmış döş nişanı taxmış gənc kişi deyir ki, bu, Təhsil Nazirliyinin yeni layihəsidir, müəllimlərin və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Mənim müəllimlərlə görüşmək xahişimə onlar rədd cavabı verirlər. "Bunun vacib mövzu olduğunu bilirəm, amma sizi icazəsiz içəri buraxa bilmərəm", "məktəblinin dostu" belə deyir və çiyinləri çəkib qapını örtür.

Bu barədə daha geniş