"Neftçi" - "Qarabağ" oyununda 50 manatlıq bilet: kim qazandı?

Qarabağ-Neftçi 11 may oyunu Qarabağın qələbəsi Fotonun müəllifi qarabagh.com/neftchipfk.com

Ötən şənbə "Neftçi" ilə "Qarabağ"ın oyununa azarkeşlər 50 manatlıq biletlə baxmalı olublar.

BBC News Azərbaycancaya danışan futbol azarkeşləri ilk dəfədir ki, yerli oyun üçün belə baha qiymətə bilet satıldığını müşahidə etdiklərini deyirlər.

İndiyə kimi yerli futbol yarışlarına təxminən 3 manata, hətta bəzən 1, 2 manata da bilet almaq mümkün olub, azarkeşlər qeyd ediblər.

Azərbaycan Futbol Federasiyasından BBC News Azərbaycancaya bildiriblər ki, "hər bir ev sahibi kimi klub biletlərin qiymətini özü təyin edir".

Neftçi Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyir ki, bundan sonra biletin qiyməti komandalarla oyundan asılı olaraq, azala, arta bilər.

Biletlər "baha olduğu üçün öz azarkeşlərinə 700 bilet alıb payladığı" iddia olunan Qarabağ Futbol Klubu ilə əlaqə saxlamaq mümkün olmayıb.

Azarkeşlər narazılıq edir

"Az adam tapılar ki, düşünmədən 50 manat verib, oyuna baxsın. Bu ölkədə insanların gəliri nə qədərdir ki? Sadəcə onlar düşünməzdilər ki, "Qarabağ" 700 bilet alıb öz azarkeşlərinə paylayar", "Qarabağ"ın azarkeşi Sevinc Məmmədova deyir.

O hesab edir ki, "Neftçi süni qiymət artımı ilə "Qarabağ" azarkeşlərinin meydana daxil olmasına mane olmağa çalışıb".

Azarkeş iddia edir ki, klub "öz azarkeşlərinə biletləri əvvəlki qiymətlərlə satıb".

Fotonun müəllifi qarabagh.com

"Adekvat cavab" yoxsa, "azarkeşə hörmətsizlik"?

"Neftçi" azarkeşi Kənan Hənifəyev isə bir müddət öncə "Qarabağ"ın "Neftçi" azarkeşlərinə biletləri pulla satdığını xatırladır.

"Mart ayında Tofiq Bəhramov Stadionunda "Neftçi" - "Qarabağ" oyunu zamanı "Qarabağ" "Neftçi"nin azarkeşlərinə biletləri 2-3 manata satmışdı. Öz azarkeşlərinə isə oyuna baxmaq pulsuz idi".

O, "Neftçi"nin bu hərəkətinin "adekvat cavab" olduğunu düşünür.

Amma "Neftçi"nin başqa bir azarkeşi Hacı Səfərovun fikrincə, "əgər biletin qiyməti 10 manat olsaydı, bax, o zaman bu, adekvat cavab olardı".

"Bu halda isə bu, adekvat cavabdan çox, şəxsi prinsiplərə söykənir", o əlavə edir.

Biletlərin qiymətinin fanatların büdcəsinə təsirinə gəlincə, bəzi "Neftçi" fanatları vurğulayırlar ki, "əgər sən azarkeşsənsə, bir yolunu tapıb, sevimli komandanın oyununa baxa biləcəksən. Lakin klubun bu hərəkəti əslində, bütün azarkeşlərə hörmətsizlikdir".

Fotonun müəllifi qarabagh.com

"Hüquqi baxımdan doğru addımdır, amma..."

İdman şərhçisi Elnur Məmmədli də "Neftçi"nin bu addımının hüquqi baxımdan doğru olsa da, "azarkeşə hörmətsizlik" olduğunu düşünür.

"Xüsusən də heç bir klubun azarkeşi olmayan neytral adamlar var idi ki, oyuna gəlmək istəyirdilər. Onlar gələ bilmədilər. Bu, məhz sıravi azarkeşlərin hüquqlarının pozulması deməkdir".

Şərhçi biletlərin qiymətinin qaldırılmasını "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"da "Qarabağ"a çempionluq kubokunun təqdim olunmasını istəməməsi ehtimalı ilə də əlaqələndirir:

"Neftçi" mövsüm ərzində lider idi. Ancaq sonda çempionluğu əldən verdilər. Bu, həm "Neftçi" rəhbərliyinə, həm də azarkeşlərə pis təsir etmişdi. Onlar hətta oyunun yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqası ilə müzakirələr də apardılar. Ancaq bu öz nəticəsini vermədi".

"Onlar bilirdilər ki, "Neftçi" azarkeşləri çox əsəbidir və Qəbələdə keçirilən oyunda da rəhbərlik əleyhinə şüarlar səsləndirmişdilər. "Qarabağ" azarkeşlərini isə ona görə çox istəmirdilər ki, bu onların əsas rəqibidir və təbii ki, bunu həzm etmək çox çətindir. Buna görə də çıxış yolu kimi həmişə 1-2 manat olan biletlərin qiymətini 50 manata qaldırdılar", - cənab Məmmədli vurğulayıb.

Fotonun müəllifi qarabagh.com

"Azərbaycan futbolunda bir ilk"

Neftçi Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev BBC News Azərbaycancaya bildirib ki, bilet qiymətlərinin artırılmasının səbəbi oyuna olan "yüksək maraq"dır.

"Biletlər gözləniləndən qat-qat yaxşı satılıb. Özünüz də gördünüz. Orada Qarabağ azarkeşi olmasaydı belə, Neftçi azarkeşləri olacaqdı".

Biletlərin "Neftçi"nin öz azarkeş klublarına "əvvəlki qiymətə satılması" iddiasına gəlincə, Rüstəm Allahverdiyev belə bir halın mümkün olmadığını söyləyib.

"Neftçinin 4 sponsoru var və bu sponsorlarla müqavilənin şərtlərində hər oyun üçün bu şirkətlərə klubun daxili oyunlara 1000, beynəlxalq oyunlara görə 500 bilet vermək ixtiyarı var. Həmin şirkət isə bileti kimə, hara, necə paylayır, bu, artıq öz işidir. Sponsorlardan biri bizə demişdi ki, biletlərimizi "Forza Neftçi" azarkeş klubuna verə bilərsiniz.

Fotonun müəllifi neftchipfk.com

Biletin qiymətini 50 manata qaldırarkən azarkeşlərin maddi vəziyyətinin nəzərə alınıb-alınmamasına gəldikdə isə, klub sözçüsü "əsas odur ki, stadion boş deyildi və klub da bu oyundan yaxşı qazanc götürdü" deyib.

Rüstəm Allahverdiyev vurğulayıb ki, biletin qiymətinin qaldırılması həm də "Neftçi"nin reklamı olub: "Klub bilet qiymətlərini artırmaqla, bir çox adamın diqqətini çəkdi".

O, yeni mövsümdən biletin qiymətinin komandalarla oyundan asılı olaraq, azala, arta biləcəyini vurğulayıb.

"Bu mövsüm artıq bitib, növbəti mövsümə də hələ var. Hansısa oyununda qiymətlər aşağı ola bilər, hansısa oyunda qiyməti yuxarı edə bilərik. Bu isə artıq klubun öz daxili qərarıdır", - o söyləyib.

Bu barədə daha geniş