UEFA Avropa Liqasının finalı Bakıda: 5 suala cavab

Futbol plakatı Fotonun müəllifi Getty Images

Mayın 29-da İngiltərənin Chelsea və Arsenal klubları UEFA Avropa Liqasının finalında Bakıda qarşılaşacaq.

Finalın keçirildiyi yer bəlli olduğu andan bəri futbol azarkeşlərinin və futbol klublarının Bakıya səyahət, biletlərin sayı barədə narazılıq ifadə edən sualları da başlayıb.

Niyə biletlər azdır?

Arsenalın, eləcə də Chelsea-nin həmrəy narazı qaldığı məsələ klublarına birlikdə 12000 biletin ayrılmasıdır. Bakı Olimpiya Stadionu isə 68700 yer tutur.

Arsenal cəmi 6000 biletin ayrılmasından "pərişan" olduğunu və bunun kluba "həddindən artıq çətinliklər" gətirdiyini bildirib.

Klub deyib ki, bu mövsümdə Avropa Liqasını izləmiş azarkeşlər, eləcə də kluba illərlə pərəstiş edənlər finala qatıla bilməyəcəklər.

Arsenal biletlərin qiymətinin 57.50 - 268 AZN arası olduğunu, əksər biletlərin isə 96 manata olduğunu deyib.

UEFA məkanın iki il əvvəl seçildiyini diqqətə gətirib və bildirib ki, həmin vaxt hansı klubun finala seçiləcəyini bilmək mümkün deyildi.

"Bunu və ən əhəmiyyətlisi, coğrafi məkanı və ev sahibliyi edən şəhərdə və ondan ətrafda hava limanlarının daşıma gücünü nəzərə alaraq təxminən 15 000 izləyicinin (finalçıların azarkeşləri və ümumi izləyicilər) xaricdən gələcəyi hesab edilmişdir".

Bu səbəbdən "iştirakçı komandaların azarkeşlərinə, onların Bakıya müvafiq səyahətləri üçün zəmanət olmadan əlavə bilet təklifi məsuliyyətli seçim kimi qəbul edilməyib", UEFA-nın bəyanatında deyilir.

UEFA-nın qərarından narazı qalan Arsenal Supporters' Trust (AST) qurumu bildirib ki, "UEFA-nın davranışı və azarkeşlərlə rəftarının əsaslı dəyişikliyə ehtiyacı var.

Chelsea Supporters' Trust qurumu (CST) isə 6000-lik yer ayrılmasını "tamamilə qeyri-adekvat" kimi təsvir edib.

Avropa Liqasının finalının Bakıda keçiriləcəyi 2017-cı ildə məlum olub. Həmin vaxt finalın keçirilməsi üçün təklif verən şəhərlər arasında Seville və İstanbul da var idi.

Fotonun müəllifi Azertag
Image caption Mart ayında Azərbaycanın UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final görüşünə ev sahibliyi etməsi ilə bağlı Bakıda "Ulduzlar Finalı" adlı yoldaşlıq görüşü keçirilib və prezidentə UEFA Avropa Liqasının kuboku təqdim edilib.

Bakıya səyahət çətinlikləri nədir?

CST heyət üzvü Tim Rolls BBC Sports-a deyib ki, azarkeşləri biletlərin sayından çox Bakıya səyahət çətinlikləri əsəbləşdirib.

Roll deyib ki, o, oyunu izləmək üçün Tbilisiyə uçacaq və sonra 7 saat avtobusla Bakıya gedəcək.

"Bakı Britaniyadan səyahət üçün Avropanın ən əlçatmaz şəhərlərindən biridir. Bir neçə uçuş var və onlar ağlasığmaz dərəcədə bahadır, Roll deyib.

"979 funtluq Chelsea və Arsenal çarter uçuşu gülünc dərəcədə baha və ağlasığmazdır".

Onun sözlərinə görə, bu mövsümdə Chelsea-nin 40-50 oyununu səyahət edərək izləmiş adamlar bu dəfə sadəcə olaraq, gedə bilməyəcəklər.

"Bu, oranın ən pis məkan olması ilə bağlı olmalıdır", Tim Rolls deyib.

BBC Sports yazır ki, tək Chelsea azarkeşləri deyil, ümumilikdə, futbolsevərlərin günlərlə qızğın müzakirəsinə səbəb olan məsələ iki ingilis futbol klubunun 90 dəqiqəlik qarşılaşma üçün niyə 4000 km-dən çox yol qət etməsi olub.

Halbuki, onların Britaniyadakı stadionları arasında cəmi 12 kilometr məsafə olsa da, Chelsea və Arsenal azarkeşləri Avropa Liqasının finalı üçün Avropanın şərq ucqarına getməlidirlər, sayt yazır.

Bakıya getməyin yollarını araşdıran sayt yazır ki, hazırda AZAL-ın yeganə birbaşa London-Bakı-London reysinə bilet tapmaq mümkün deyil.

Fotonun müəllifi BBC Sport
Image caption Liverpool klubunun rəhbəri Jurgen Klopp finalların keçiriləcəyi yerlər barədə daha "həssas və məqbul" qərarlar verməyə çağırış edib.

Alternativ yollar isə təyyarə, avtobus və qatarla olmaqla İstanbul və Kiyev üzərindən daha uzun gözləmə ilə müşahidə olunur.

Həftənin cüt günləri üç dəfə olmaqla London-Bakı-London birbaşa reysini həyata keçirən yeganə şirkət - Azərbaycan Hava Yolları AZAL 29 və 30 may birbaşa London-Bakı-London uçuşlarını həyata keçirəcəyini açıqlayıb.

Azərbaycan Dövlət Turizm Agentliyi bildirib ki, AZAL həmçinin başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil edəcək.

Ən qəti mövqe qoyan isə Liverpool klubunun rəhbəri Jurgen Klopp olub. O, finalların keçiriləcəyi yerlər barədə daha "həssas və məqbul" qərarlar verməyə çağırış edib.

Klopp mayın 29-dakı finalı izləmək üçün Bakıya səyahət etməkdə çətinliklərlə üzləşəcək və bahalaşmış otel və təyyarə biletləri almaq məcburiyyətində olan azarkeşlərə indidən rəğbətini bildirib.

"Finalı necə Bakıda və Kiyevdə [ötən il Çempionlar Liqasının finalında Liverpool klubu Kiyevdə oynamışdı] keçirə bilərsən? Bilmirəm, bu səyahət təşkil edən adamlar səhərlər nə yeyirlər?"

Azarkeşlərə Azərbaycana getmək üçün həmçinin viza lazımdır.

Dövlət Turizm Agentliyi bildirib ki, Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər mövcud olduğundan qonaqların "rahatlığının təmin olacağını" bildirib.

"Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrinin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır."

Erməni əsilli futbolçu Henrix Mxitaryan Bakıya gələ biləcəkmi?

Fotonun müəllifi Getty Images

Arsenal klubu erməni əsilli futbolçu Henrix Mxitaryanın Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana uça bilməmək ehtimalından "çox narahat olduqlarını" bildirib.

"Oyunçularımızın salamatlığı və təhlükəsizliyinin bizim üçün böyük əhəmiyyəti var", Arsenal sözçüsü bildirib.

Mxitaryanın heyətə daxil olmasını istədiklərini açıqlayan klub onun Bakıya səyahəti üçün UEFA-dan zəmanət istəyiblər.

Bu baxımdan onlar finalın keçiriləcəyi yerdən "böyük narahatlıq" keçirdiklərini qeyd ediblər.

UEFA hazırda bu məsələ üzərində "iş getdiyini" bildirib.

Mxitaryan bundan əvvəl də Arsenalın tərkibində və əvvəlki klubu Dortmund-un tərkibində Bakıda keçirilmiş oyunlara qatıla bilməyib.

Britaniya hökumətinin tövsiyyəsi nədir?

Finala dörd həftə qalmış media, diqqəti Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid səyahət tövsiyələrinə yönəldib.

Saytda səyahətçilərə xitabən yazılır ki, Azərbaycanda terrorçuların hücum həyata keçirməyə cəhd göstərməsi mümkündür və bu baxımdan həssas tədbirlər görməyiniz məsləhətdir.

Həmçinin deyilir ki, Bakıda cinayət dərəcəsi ümumən aşağı olsa da, qaranlıq zamanı qərbsayağı barların və klubların olduğu şəhər mərkəzində oğurluq və cibsoyma ola bilər.

"Ayıq-sayıq olun, özünüzlə böyük miqdarda pul götürməyin və gecə tək gəzməyin", deyə məsləhətlər də verilir.

Tövsiyyələrdə o da deyilir ki, "Azərbaycanda korrupsiya gündəlik həyatın bir hissəsidir, rüşvət verməkdən çəkinməyiniz məsləhətdir".

Britaniya hökümətinin tövsiyələri mayın ilk günlərində medianın diqqətini çəksə də, həmin məlumatlar may ayından əvvəl də saytda olub.

Azərbaycan tərəfi Britaniya XİN-in yaydığı, Azərbaycana aid səyahət tövsiyələrini "anlaşılan olmadığını və təəccüb doğurduğunu" deyib.

"Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub", XİN sözçüsü Leyla Abdullayeva deyib.

O bildirib ki, indiyədək Azərbaycana gələn qonaqlar ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar.

Bundan sonra Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts bu həftə Britaniya polisindən, o cümlədən Arsenal və Çelsi komandalarından olan nümayəndələrin Bakıya gələcəklərini bildirib.

Bakıdakı finala hazırlıq necə gedir?

Fotonun müəllifi AFFA.AZ

Final oyununa hazırlıq çərçivəsində finalçı klubların rəsmiləri, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

İki günlük səfər çərçivəsində 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq və final oyununun təşkilini müzakirə edəcəklər, AFFA bildirib.

UEFA rəsmiləri bundan əvvəl də Azərbaycana oxşar məqsədlə səfər ediblər.

Bu barədə daha geniş