Avropa Liqasının finalı: Erməni əsillilər üçün maneələr varmı?

Futbol plakatı Fotonun müəllifi Getty Images

Azərbaycan hökuməti Avropada yaşayan bəzi erməni əsilli vətəndaşların Bakıda keçiriləcək Avropa Liqasının fınalına getmək üçün viza ala bilmədikləri iddialarını rədd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə irqi zəmində heç bir giriş məhdudiyyətinin olmadığını vurğulayıb.

Cümə axşamı Arsenal klubu Avropa Liqasının finalı üçün Bakını seçən UEFA-nı tənqid edib.

Bundan əvvəl isə Britaniya klubu erməni əsilli futbolçu Henrix Mxitaryanın Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana gedə bilməmək ehtimalından "dərin narahatlıq" bildirmişdi.

Bəzi erməni əsilli şəxslər Avropa ölkələrinin vətəndaşları olsalar belə, mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı üçün Azərbaycana viza ala bilmədiklərini deyirlər.

Fotonun müəllifi AFFA.AZ

Onlar iddia edirlər ki, viza müraciəti zamanı imtina almalarının səbəbi erməni əsilli olmalarıdır.

Arsenal futbol klubunun azarkeşi olduğunu qeyd etmiş Raffi Ouzounian-ın Facebook səhifəsində yazılıb ki, azərbaycanlılar ona viza verməyiblər. "Hətta ödəniş səhifəsinə də keçə bilmədim", o yazıb.

XİN: "Heç bir qadağa yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya bildirib ki, "heç bir sözügedən qadağa yoxdur" və giriş məhdudiyyəti yalnız Dağlıq Qarabağ və ətraf rayonlara səfər edənlərə şamil olunur.

"Xarici ölkə vətəndaşlarına Azərbaycan ərazilərinə giriş məhdudiyyəti yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə Azərbaycan hökumətinin icazəsi olmadan səfər edən xarici vətəndaşlara qoyulur".

Fotonun müəllifi BBC Sport
Image caption Liverpool klubunun rəhbəri Jurgen Klopp finalların keçiriləcəyi yerlər barədə daha "həssas və məqbul" qərarlar verməyə çağırış edib.

XİN sözçüsü bildirib ki, nazirliyin saytında Azərbaycanın "işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adları" qeyd olunmuş siyahı var.

Rafi Ouzounian-ın adı Xarici İşlər Nazirliyinin "Arzuolunmaz şəxslər siyahısı"nda qeyd olunmayıb.

Britaniyada yaşayan daha bir erməni əsilli vətəndaş Leon Aslanov isə Bakıya viza almaq fikrindən daşındığını deyib.

"Getmək istəyirdim, amma ərizə vermədim, çünki ehtiyat etdim. Boşuna gedib qayıtmaq istəməzdim. Dağlıq Qarabağa getməmişəm, pasportumda da bununla bağlı möhür yoxdur, Ermənistan möhürü var. Soyadım Aslanovdur, tipik erməni soyadı deyil. Bilmirəm, necə olacaqdı".

"ASAN Viza"-nın məlumatında deyilir ki, Azərbaycanın beynəlxalq hava limanlarında "ASAN Viza" sistemi vasitəsilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir.

Qurum qeyd edir ki, UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.

Arsenal məkan seçimini "başa düşmək" istəyir

Bu həftə Arsenal klubu finalı Bakıda keçirmək barədə UEFA-nın qərarını tənqid edib.

"Bu məsələyə dair azarkeşlərimizdən xeyli şikayət almışıq və onların narahatlıqlarına tam şərikik", - Arsenal klubunun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

"Biz azarkeşlərimizin adından final üçün məkan seçiminin meyarını və bununla bağlı tərəfdarların tələblərinin necə nəzərə alınmasını başa düşmək istərdik".

Fotonun müəllifi Getty Images
Image caption Arsenal Henrix Mxitaryanın Bakıda final matçı buraxa biləcəyi ilə bağlı narahatlıq ifadə edib.

Bakıda Londonda səslənən tənqidlər "təəccüb doğurub".

Bakı aeroportu finalın keçiriləcəyi dövrdə xüsusi rejimdə işləyəcəyini bildirib.

"Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək".

Mxitaryan məsələsi

Arsenal klubu Henrix Mxitaryanın Bakıda final matçını buraxa biləcəyi ilə bağlı narahatlıq ifadə edib.

Henrix Mxitaryan bundan əvvəl, 2015-ci ildə o vaxtı oynadığı Borussiya Dortmund komandası daxilində Avropa Liqasının Azərbaycan Preymer-Liqasının "Qəbələ"-sinə qarşı oyunda iştirak etmək üçün təhlükəsizlik məsələləri baxımından Azərbaycana səfər etməmişdi.

O, həmçinin oktyabr ayında Arsenalın Avropa Liqası çərçivəsində Qarabağ Futbol Klubunu 3:0 hesabı ilə udduğu oyunda da iştirak etməmişdi.

UEFA-nın oyunçu üçün Azərbaycana viza məsələsində dəstək təklif etməsinə baxmayaraq, klubun meneceri Unai Emery "o, bura səyahət edə bilməz" demişdi.

Qarabağ klubunun məşqçisi Qurban Qurbanov bildirmişdi ki, "Arsenal" Mxitaryanı Azərbaycanda oynamağın "təzyiqindən xilas etməyə" çalışıb.

"Henrix Mxitaryan Azərbaycana səfər etsəydi bu, birinci səfər olmayacaqdı, bir çox erməni idmançı Azərbaycana səfər edib, amma onu göndərməmək Arsenal klubunun seçimidir", - o demişdi.

Bu barədə daha geniş