"İş yoxdur, ancaq heyvandarlıqdır, onu da qoymurlar" - Xaçmazın Çarxı kəndində örüş problemi

Video açılmırsa, YouTube-dan izləyin.

Xaçmazın Çarxı kəndində yaşayan Fikrət Nadirov, dolanışığını təmin etdiyi qoyunlarını satmağa məcbur olduğunu deyir.

O bunun səbəbini örüş yerlərinin azalması ilə əlaqələndirir.

Fikrət Nadirov bu kənddə şikayətçi tək fermer deyil.

BBC News Azərbaycancaya danışan sakinlər deyir ki, ümumi istifadə edilən "yüzlərlə hektar" otlaq sahəsi tender yolu ilə başqa sahibkarlara verildiyindən onlar cəmi 10-15 hektar ərazidə mal-qara otarmalı olurlar.

Kənd bələdiyyəsindən BBC News Azərbaycancaya deyilib ki, torpaqlar, bələdiyyənin kollegiyasının qərarı ilə, hüquqları bələdiyyədə qalmaqla icarəyə verilib və bu icarədən bələdiyyə "büdcəni də artırır".

"Bizə verilən pay torpaqlarından kəsib ümumi otlaq sahələri ediblər", - sakinlərdən biri belə deyir.

İndi fermerlər həmin ərazidən cəmi 10-15 hektarında mal-qaralarını otara bildiklərini deyirlər.

Bu ərazi "az olduğu üçün" fermerlərin çoxu iri və xırda buynuzlu bir çox heyvanı satmalı olub.

"Nə vaxta qədər yol qırağında mal-heyvan olacaq? Sürətli yoldur, maşın vurur", - başqa bir sakin belə deyir.

"Bu, təkcə kənd təsərrüfatına deyil, bütün respublikaya dəyən ziyandır. Dövlət insanlara heyvan verir və hər doğulan balaya subsidiya ayırır ki, heyvandarlıq inkişaf etsin, xarici dövlətlərdən asılılıq azalsın. Burda isə proses tərsinə gedir", - kənd sakini deyir.

O bu vəziyyətin onun ailə büdcəsinə çox təsir etdiyini bildirir.

"3 mindən yuxarı iribuynuzlu, 10 minlərlə qoyun olub. İndi azdır, heyvandarlıq məhv olmaq dərəcəsindədir", - o davam edir.

Kəndin bələdiyyə başçısı Yaşar Hüseynov BBC News Azərbaycancaya deyir ki, torpaqlar heç kimə satılmayıb, hüquqları bələdiyyədə qalmaqla icarəyə verilib.

O deyir ki, torpaqların icarəyə verilmə qərarını bələdiyyənin kollegiyası dəstəkləyib.

"Bələdiyyə kollegial orqandır, bələdiyyə başçısı özbaşına qərar qəbul etmir. Kollegiya müzakirə edir və çox səslə qərar qəbul edilir. Başçı özü qərar versə, bu, vəzifə səlahiyyətlərinin aşmaqdır. Qanun çərçivəsində qəbul olunmuş qərar ərazidəki vətəndaşlar üçün icbaridir".

Yaşar Hüseynovun sözlərinə görə, hazırda Çarxıda 238 hektar dövlət mülkiyyətində olan və vətəndaşlar tərəfindən təmənnasız istifadə olunan torpaq sahəsi var.

Bələdiyyə başçısı vətəndaşların örüş kimi istifadə etdiyi ərazinin miqyasının isə 55, 76 hektar olduğunu deyir.

Cənab Hüseynov, torpaqlar icarəyə verildikdən sonra Çarxı bələdiyyəsinin büdcəsinə 2000 manat pul daxil olduğunu da deyir.

"Mən bələdiyyə büdcəsini qaldırmağa nail olmuşam. Büdcəyə pul gəlir bunun nəyi pisdir?", - o sual edir.

Bələdiyyə məsələləri üzrə mütəxəssis Abil Bayramov deyir ki, öz mülkiyyətində olan torpaqları icarəyə verməsi bələdiyyənin hüququdur.

"Ancaq bələdiyyənin əsas vəzifələrindən biri də hesabatlılıqda şəffaf olmaqdır, yəni qərarlar barədə, kənd sakinləri vaxtında məlumatlandırılmalıdır", - o deyir.

"Əgər kənd sakinləri düşünürsə ki, bu qərar onların mənafelərinə uyğun deyil, bu zaman qərarı mübahisələndirə bilərlər", - cənab Bayramov deyir.

Xaçmaz Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancanın suallarının araşdırıldıqdan sonra cavablandırılacağı bildirilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən hələ ki, şərh almaq mümkün olmayıb.

Bu barədə daha geniş