Arsenal: "Henrix Mxitaryan Bakıya gəlməyəcək"

Henrix Mxitaryan Fotonun müəllifi Getty Images
Image caption Henrix Mxitaryan Arsenal-ın Avropa Liqasında oynadığı 11 oyunda iştirak edib

Arsenal klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda iştirak etməyəcək, klub bildirib.

"Biz bütün mövcud variantları nəzərdən keçirdik və komanda ilə birlikdə Avropa Liqasının finalına getməyəcəyimlə bağlı çətin qərar qəbul etdik", - Mxitaryan deyib.

Arsenal klubu qərar barədə Avropa futbolunu idarə edən UEFA-nı məlumatlandırıb.

UEFA "Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə Henrix Mxitaryanın təhlükəsizliyinə dair zəmanət verdiyini" bildirib.

Arsenal və Chelsea klubları arasında UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.

"Bu tez-tez baş verməyən bir oyundur və etiraf edirəm ki, onu əldən vermək məni çox kədərləndirir", 30 yaşlı erməni əsilli futbolçu deyib.

Arsenal klubu bundan əvvəl "oyunçularının sağlamlığı və təhlükəsizliyinin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini" açıqlayıb.

"Biz UEFA-ya yazıb, bu vəziyyətlə bağlı dərin narahatlığımızı ifadə etdik", Arsenal klubunun rəsmi saytında deyilir.

Məlumatda bildirilir ki, qərar Mxitaryan və onun ailəsinin birgə məsləhətləşmələrindən sonra kollektiv şəkildə verilib.

UEFA: "Azərbaycan zəmanət verib"

UEFA "Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə Henrix Mxitaryanın təhlükəsizliyinə dair zəmanət verdiyini" bildirib.

Qurum bu zəmanətlərin nəticəsində kluba hərtərəfli təhlükəsizlik planının hazırlanıb verildiyini də qeyd edib.

"Klub UEFA və Azərbaycan hökumətinin bu məsələ ilə bağlı səylərini tanısa da, biz futbolçunun səyahət etməmək barədə şəxsi qərarına hörmətlə yanaşırıq", UEFA-nın bəyanatında qeyd edilir.

Fotonun müəllifi Getty Images
Image caption Henrix Mxitaryan Ermənistan millisinin kapitanıdır və 82 oyunda 27 qol vurub

Bazar ertəsi Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə narahatçılığa zəmin olmadığını deyib.

"Mən [Mxitaryana] deyərdim ki, "sən peşəkar atlet, futbolçusan və A dərəcəli futbolçusan, məqsədimiz möhtəşəm final yaratmaqdırsa, gəlin əmin olaq ki, bu A dərəcəli tədbirdir", azərbaycanlı diplomat Sky Sports kanalına bildirib, - Əgər məqsədimiz bunun ətrafında siyasi oyun oynamaqdırsa, onda başqa məsələ, ümid edirəm ki, bu belə deyil. Çünki [Mxitaryan] sənə siyasətçi kimi yox, futbolçu kimi pul ödəyirlər, buna görə də gəlin başqa məsələləri kənara qoyaq".

Henrix Mxitaryan bundan əvvəl də Azərbaycanda keçirilən oyunlara getməyib.

Əvvəlki təcrübə

Henrix Mxitaryan 2015-ci ildə o vaxtı oynadığı Borussiya-Dortmund komandası daxilində Avropa Liqasının Azərbaycan Premyer-Liqasının "Qəbələ"-sinə qarşı oyunda iştirak etmək üçün təhlükəsizlik məsələləri baxımından Azərbaycana səfər etməmişdir.

O, həmçinin oktyabr ayında Avropa Liqası çərçivəsində Arsenal-Qarabağ oyununda da iştirak etməyib.

Fotonun müəllifi Getty Images

UEFA oyunçu üçün Azərbaycana viza məsələsində dəstək təklif etməsinə baxmayaraq, klubun meneceri Unai Emery "o, bura səyahət edə bilməz" demişdi.

Qarabağ klubunun məşqçisi Qurban Qurbanov bildirmişdi ki, "Arsenal" Mxitaryanı Azərbaycanda oynamağın "təzyiqindən xilas etməyə" çalışıb.

"Henrix Mxitaryan Azərbaycana səfər etsəydi bu, birinci səfər olmayacaqdı, bir çox erməni idmançılar Azərbaycana səfər edib, amma onu göndərməmək Arsenal klubunun seçimidir", - o demişdi.

Bu barədə daha geniş