Avropa Liqası Finalı: Londondan Bakıya necə ucuz səyahət etmək olar?

Fotonun müəllifi BBC/Studio Lambert
Image caption Ata və oğul - Darren və Alex Speck-Zolte Kambocada avtostopla gəzərkən

Sınaq:

  • Avropa Liqası finalı - Arsenal və Chelsea - Azərbaycanın paytaxtı Bakı şəhərində, İngiltərədən 4000 km uzaqda baş tutacaq
  • London və Bakı arasında final həftəsi birbaşa uçuşlar olmayacaq (sonradan AZAL birbaşa çarter reyslərinin olacağını elan edib - red.)
  • Çərşənbə axşamı, mayın 29-u yerli vaxtla axşam saat 11-ə qədər mümkün ən ucuz yolla oraya çatmaq lazımdır

İrəli!

İştirakçı:

BBC-nin Race across the World (Dünya boyu Yarış) verilişinin iştirakçısı 20 yaşlı Alex Speck-Zolte.

Alex ilə atası Darren Birləşmiş Krallıqdan (BK) Sinqapura qədər uzun 19 min kilometrlik yolu uçuşsuz və 1329 funt sterlinq (2890 manat) məbləğində büdcə ilə başa vura biliblər. Onlar yalnız kağız xəritədən istifadə ediblər. Ata-oğul bu yolu gedən yeganə iştirakçılar olmayıblar. Onlarla bərabər yarışında iştirak edən komandalar 20 min funt sterlinq (43 min 500 manat) mükafat uğrunda mübarizə aparıblar.

Londondan Bakıya uzanan məsafə bir az baha başa gələ bilər.

Sizə Alex-in İngiltərədən Bakıya səyahət məsləhətlərini təqdim edirik.

Bu səyahətdə heç bir telefon və ya Google Maps (xəritədən) söhbət gedə bilməz.

Birinci addım - Londondan Düsseldorfa... mayın 24-ü yola çıxmaq şərti ilə!

Fotonun müəllifi Alex Speck-Zolte
Image caption Londondan Düsseldorfa avtobusla: Mayın 24-ü axşam saat 10-da yola düşmək; Mayın 25-i yerli vaxtla səhər saat 9-da Düsseldorfa çatmaq; Təxmini səyahət müddəti: 11 saat; Xərc: 30 funt (65 manat)

"Azarkeşlər Bakıya vaxtında çatmaq üçün mayın 24-ü yola çıxmalıdırlar. Yəni, oyundan 5 gün qabaq. Elədir ki, var - 5 gün vaxt lazımdır!

"Gecə yol getməklə haradasa yatmaq üçün ödəniləcək pula da qənaət etmiş olursan.

"Oyun Azərbaycan vaxtı ilə gecə yarıdan sonra bitəcək, buna görə də qələbə/məğlubiyyət ab-havasından sonra, istirahətə mütləq ki ehtiyac olacaq."

London - Düsseldorf:

Buraya qədər ümumi xərc: 30 funt sterlinq (65 manat) (Qida və içki daxil deyil)

Buraya qədər ümumi müddət: 11 saat

Təxmini çatmaq vaxtı: Yerli vaxtla şənbə günü, 25 may, səhər saat 10:00 .

İkinci addım: Düsseldorfdan Budapeştə

Fotonun müəllifi Alex Speck-Zolte
Image caption Düsseldorfdan Budapeştə: Avtobusla/Qatarla; Qatar - 160 funt sterlinq (347 manat), 12 saat; Avtobus - 38 funt sterlinq (82 manat); Təxmini səyahət müddəti: 19 saat .

"Səyahətin bu hissəsi büdcəniz və vaxtınızdan asılıdır. Qatarla səyahət etmək bahalıdır, amma daha sürətlidir.

"Hansı yolu seçirsinizsə-seçin, rahat olmayacaq... amma mənzilin başındakı futbola dəyməzmi?"

Düsseldorf - Budapeşt:

Buraya qədər ümumi xərc: 68 funt sterlinq avtobusla (147 manat) (Qida və içki daxil deyil)

Buraya qədər ümumi müddət: 30 saat

Təxmini çatmaq vaxtı: Bazar günü, 26 may (vaxt Düsseldorfdan çıxmaqdan asılı olaraq dəyişir)

Üçüncü addım - Budapeştdən Salonikiyə

Fotonun müəllifi Alex Speck-Zolte
Image caption Budapeştdən Salonikiyə: Avtobusla: Səyahət müddəti - 16 saat; Məbləğ - 75 funt sterlinq (162 manat)

"Hə, bax, səfərin bu hissəsi azarkeşlər üçün həyəcan dolu keçə bilər. Çünki iki şəhər arasında gündə bir dəfə avtobus hərəkət edir. Qaçırdınsa, artıq xərcə düşəcəksən.

"Bu dəfə Macarıstandan Yunanıstana səfər edirsən. Avtobus həftənin hər günü səhər saat 11-də, şənbə günləri yerli vaxtla günorta saat 4-də yola düşür."

Budapeşt - Saloniki:

Buraya qədər ümumi xərc: 143 funt sterlinq (310 manat) avtobusla (Qida və içki daxil deyil)

Buraya qədər ümumi müddət: 46 saat

Təxmini çatmaq vaxtı: Bazar ertəsi günü, 27 may, səhər saat 3

Dördüncü addım - Salonikidən İstanbula

Fotonun müəllifi Alex Speck-Zolte
Image caption Salonikidən İstanbula: Yerli vaxtla səhər saat 10-da yola düşmək; Yerli vaxtla axşam 6-da çatmaq; Səyahət müddəti 8 saat; Xərc 40 funt sterlinq (86 manat)

"Yunanıstanda istirahət etməyə və ya gəzməyə qəti vaxt olmur, çünki səhər saat 10-da Türkiyəyə gedən avtobusa minək lazımdır.

"Həmin avtobusa geciksən, axşam saat 10-a qədər gözləməli olursan.

"Amma səyahətin digər hissələrinə nisbətdə bu müddət elə də çox deyil."

Saloniki - İstanbul:

Buraya qədər ümumi xərc: 183 funt sterlinq (397 manat) (Qida və içki daxil deyil)

Buraya qədər ümumi müddət: 54 saat

Təxmini çatmaq vaxtı: Bazar ertəsi günü, 27 may, axşam saat 6

Beşinci addım - İstanbuldan Tbilisiyə

Fotonun müəllifi Alex Speck-Zolte
Image caption Avtobusla İstanbuldan Tbilisiyə: Səyahət müddəti - 24 saat; Xərc - 29 funt sterlinq (62 manat)

"Səyahətin bu hissəsi çox yorucudur və avtobusla bir gün çəkir, lakin ucuzdur və Türkiyənin paytaxtı Ankarada dayanır.

"Biz əlavə pul qazanmaq üçün İstanbulda bir incəsənət dükanında səhərdən-axşama qədər işlədik - çox maraqlı yer idi.

"Enerji toplamaq üçün zaman? Türkiyədə bir çox yerlərdə pulsuz çay verirlər. Və yarışda bizdən irəlidə olan Natalie və Shameema kimi İstanbulun Kapalı Çarşısına baş çəkmək olar. Bir Liverpool azarkeşi kimi İstanbula getməyi çox arzu edirdim. Çünki Liverpool əfsanəvi Çempionlar Liqası qələbəsini 2005-ci ildə İstanbulda baş tutan finalda əldə etmişdi."

İstanbul - Tbilisi:

Buraya qədər ümumi xərc: 212 funt sterlinq (460 manat) avtobusla (Qida və içki daxil deyil)

Buraya qədər ümumi müddət: 78 saat

Təxmini çatmaq vaxtı: Çərşənbə axşamı günü, 28 may, (vaxt İstanbuldan çıxmaq vaxtı və dayanma müddətlərindən asılı olaraq dəyişir)

Altıncı addım - Tbilisidən Bakıya

Image caption Qatarla/Avtobusla Tbilisidən Bakıya: Müddət - 8/15 saat; Xərc - 5,40/13 funt sterlinq (11/28 manat)

"Qatar uzun vaxt aparır, daha bahadır və gündə ancaq bir dəfə axşam 9-un yarısı çıxır. Avtobus isə axşam saat 9 və 11-də hərəkət edir.

"Tbilisiyə çatana qədər biz çox gərgin idik, çünki yarışdan ayrılıb-ayrılmayacağımıza əmin deyildik (yarışın bu hissəsində son məntəqəyə axırıncı çatan komanda ayrılırdı).

"Lakin Arsenal və Chelsea azarkeşləri yarışda iştirak etməyəcəkləri üçün, ümid edirəm ki, bizim qədər stress keçirməzlər!"

Tbilisi - Bakı:

Buraya qədər ümumi xərc: 217.40 funt sterlinq (472 manat) avtobusla (Qida və içki daxil deyil)

Buraya qədər ümumi müddət: 86 saat

Təxmini çatmaq vaxtı: Çərşənbə günü, 29 may, səhər saat 5

Yeddinci addım - Bakı

Fotonun müəllifi Alex Speck-Zolte
Image caption Alex Bakı Alov Qüllələrində yerləşən Fairmont Hoteldəki dəbdəbəli otağını çox bəyənsə də, futuristik hotellərin qiymətləri barədə diqqətli olmağı məsləhət bilir

"Bakıda qalmaq üçün yerimiz əvvəlcədən hazırlanmışdı. Çünki bu şəhər ümumi səyahətin dayanma məntəqələrindən biri idi.

"Biz Bakı Alov Qüllələrində yerləşən Fairmont Hoteldə qaldıq. Tər iyi verən, qaranlıq və narahat avtobuslardan sonra, bu əsl istirahət idi. Lakin bu hoteldə qiymətlər çox bahadır.

"Biz Bakıda kosmik gəmiyə bənzər qəribə tikili olan Heydər Əliyev Mərkəzinə baş çəkdik. Azarkeşlərə oraya getməyi məsləhət görürəm.

"Bakıya çatmağımız 14 gün çəkdi. Amma buna səbəb keçdiyimiz şəhərlərdə dayanıb işləmək və pul qazanmaq ehtiyacı idi. Eləcə də bəzi yerlərdə gəzirdik.

"Mən Liverpool azarkeşiyəm. Premyer Liqa titulunu Manchester City-ə uduzsaq da, Çempionlar Liqası Finalında qələbəyə ümid edirəm.

"Amma bu oyunu evdə divandan seyr edəcəyəm - artıq qatar döşəməsində yata və danadişi (həşərat növü) yeyə bilmərəm."

Alex-dən başlıca məsləhətlər

  • Gecə səyahət edin.
  • Heç vaxt nəyəsə ehtimal verməyin - həmişə hər şeyi iki dəfə yoxlayın.
  • Yerli dükan və bazarlardan bazarlıq edin - Tailandda bir torba danadişi 1 dollar (təxminən 2 manat) idi. Bu xırçıltılı həşərat bizə enerji verməklə yanaşı, büdcəmizə də uyğun idi.
  • Yalnız ən vacib şeyləri yanınızda daşıyın - özümlə ağır təraş sonrası odekolon götürdüyümə görə peşman olmuşdum.
  • Yerlilərlə mehriban olmağa çalışın - futbol maykaları, bayraqlar və afişalarsız gəzin və qışqırıq salmayın.

Diqqət: Bütün qiymətlər və səyahət vaxtları yazının qələmə alındığı zamana uyğun təqdim olunub.

Bu barədə daha geniş