İki avropalının Bakıdan keçən İpək yolu səfəri

Video açılmasa, YouTube-da izləyin.

Bu günlərdə Bakıya üz tutan turistlər arasında futbol azarkeşlərindən fərqli iki səyahətçi də var.

Onlar tarixi İpək yolu üzrə motosikletlə hərəkət edən iki avropalı təqaüdçüdür.

66 yaşlı Frederik Bruins Hollandiyanın kiçik Leyden şəhərindəndir.

O, Belçikalı dostu 62 yaşlı Alain van Hevele ilə uzun moto yürüşə çıxıb. Onlar 60 gündən çoxdur ki, bu səfərə çıxıblar.

Image caption 66 yaşlı Frederik Bruins Hollandiyanın kiçik Leyden şəhərindəndir.

Frederik deyir ki, onlar 17 ölkə keçmələrinə baxmayaraq hələ heç yolun yarısını qət etməyiblər.

Onların səfəri altı aylıq planlaşdırılıb. Bakıdan sonra onlar Xəzər dənizini gəmi ilə keçərək Türkmənistana, Özbəkistana, Qırğızıstana, Monqolustana gedəcəklər və oradan qərbi Avropaya Rusiya ilə qayıtmağı düşünürlər.

Frederik Bruins deyir ki, "Beş il əvvəl mən işdən icazə alıb üç aylıq istirahət etmək istədim. İşdən yorulmuşdum. Əvvəlcə mən sürücülük vəsiqəmi aldım. Mən özümün ilk böyük səyahətimi Türkiyəyə elədim. Bu səfər çox xoşuma gəldi və yeni səyahət haqqında düşünməyə başladım".

Alain van Hevele isə kiçik bir kənddə 40 il həkim kimi işləyib. Təqaüdə çıxıb və Şərqə səyahət planını reallaşdırmağa başlayıb.

Alain van Hevele bildirib ki, "Qırx ildən çoxdur ki, bunu arzulayırdım. 50 ildir ki motosiklet sürürəm. 40 ildir ki, motosikletimlə çoxlu səfərlər etmişəm. Axırıncı böyük səfərim Amerikaya, Alyaskadan Argentinaya kimi olub. Bu səfər 4 ay çəkdi. Bu ilki səfərimizin isə 6 ay sürəcəyi planlaşdırılır".

Səyahət təklifi əvvəlcə Frederikdən gəlib. O, sosial mediada üzv olduğu səyahətçilər qrupunda planını yazıb. Alain isə belə arzusu olduğunu onunla bölüşüb. Beləcə onlar səyahətləri haqda plan qurub və mart ayının sonundan səfərə çıxıblar.

Səyahətlərində ilk çətinlikləri Alp dağlarını keçmək olub və ora qarlı olduğundan keçmiş Yuqoslaviya ərazisindən keçməli olublar.

Səyahətçilər deyir ki, gündəlik 30-40 euro xərcləri çıxır. Əsas xərcləri yanacağa, qidaya və gecələməyə çıxır.

İndi isə onlar Bakıda növbəti ölkəyə getmək üçün Türkmənistana gedəcək bərəni gözləyirlər.

Image caption Frederik Bruins (sağda) və Alain van Hevele (solda)

Bu barədə daha geniş