İlqar Məmmədov: "Avropa Məhkəməsinin bu qərarı mənim parlament, prezident seçkilərinə yolumu açır"

Ilqar Məmmədov ReAL Real partiyası

Avropa Məhkəməsinin son qərarı o deməkdir ki, mən bəraət almalıyam, Avropa Məhkəməsinin Böyük Palatasının haqqında çıxardığı qərara şərh verən ReAl Partiyasının sədri İlqar Məmmədov deyir.

Çərşənbə günü Avropa Məhkəməsinin Böyük Palatasının İlqar Məmmədovun işi ilə bağlı açıqladığı qərarında deyilir ki, "Azərbaycan dövləti siyasətçini azad etməməklə Avropa Şurası qarşısındakı məhkəmə qərarlarının icrası ilə bağlı öhdəliyini pozub".

Prezident Aparatının Avropa Məhkəməsinin qərarları ilə bağlı nümayəndəsi Çingiz Əsgərovla əlaqə saxlamaq mümkün olmayıb.

2013-cü ildə həbs edilmiş və ötən il vaxtından əvvəl azadlığa buraxılmış ReAl Partiyasının sədri İlqar Məmmədov BBC News Azərbaycancaya Avropa Məhkəməsinin qərarı ilə bağlı "ətraflı şərh" vermək istəmədiyini deyib. Ancaq o əlavə edib ki, bu qərar onun həbsdən əvvəlki "hüquqi vəziyyətini tam bərpa edir:

"Bu o deməkdir ki, həm parlament, həm də prezident seçkilərində namizəd kimi iştirakıma yol açılır, bu, mənim bəraət almam deməkdir", - İlqar Məmmədov bildirib.

Avropa Məhkəməsinin qərarı Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) müraciəti əsasında qəbul edilib. AŞNK müraciətində hesab edib ki, "Azərbaycan hökuməti siyasi fəaliyyətini məhdudlaşdırmaq niyyəti ilə həbs etdiyi siyasətçini AİHM qərarına rəğmən azad etməyib".

Azərbaycan hüquq müdafiəçiləri Avropa Şurası Nazirlər Komitəsinin Avropa Konvensiyasının "öhdəliklərin yerinə yetirilməsi ilə bağlı işə ilk dəfə baxıldığını" bildirirlər.

Qərar yekdilliklə qəbul edilib və dərhal qüvvəyə minib.

Milli Məclisin beynəlxalq münasibətlər komitəsinin üzvü, deputat Asim Mollazadə deyir, Azərbaycan "hər zaman Avropa Məhkəməsinin qərarlarını icra edir".

O ümid edir ki, "bu dəfə də qərarlar icra olunacaq".

"Bu, təkcə Azərbaycanla bağlı deyil, Avropa Şurasının bütün üzv ölkələrində bu cür qərarlar olur, mənə elə gəlir ki, bu məhkəmə özü-özlüyündə Avropa Şurası mühitində hüququn aliliyini təmin edən qurumdur, ona görə də məhz AŞ üzvlüyünün də müsbət nəticəsi hər bir vətəndaş üçün belə imkanların mövcudluğudur", Asim Mollazadə BBC News Azərbaycancaya bildirib.

İlqar Məmmədov necə həbs edilib?

İlqar Məmmədov 2013-cü il yanvar ayında İsmayıllı rayonunda kütləvi üsyanlarla nəticələnmiş keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalara görə həbs olunub.

O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyi pozmaqda ittiham olunub.

2014-cü ildə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib.

İlqar Məmmədov ona qarşı iddiaları rədd etmişdi.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014 və 2017-ci illərdə Məmmədovun azadlığa buraxılmasının sürətləndirilməsi ilə bağlı iki hökm açıqlamışdı.

2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilirdi.

2018-ci il avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi əvvəlki hökmə yenidən baxaraq cənab Məmmədovun qalan iki il həbs cəzasını şərti cəza ilə əvəzləyib.

2019-cu ilin martın 28-də isə onun ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb - barəsindəki şərti cəza ləğv olunub və o, Bakıdan kənara çıxa bilər.

Bu barədə daha geniş