Böyük Britaniyanın Azərbaycandakı səfiri Mxitaryanla bağlı: “Söhbət idman barəsində olmalı idi”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Carole Crofts

"Arsenal" və "Çelsi"də çox güclü oyunçular var və bütün söhbətlər onlar barədə olmalıdır.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Carole Crafts UEFA-nın Avropa Liqasının Bakıda baş tutacaq finalı ərəfəsində deyib. Finalda Britaniyanın "Arsenal" və "Çelsi" futbolçuları qarşılaşacaqlar.

Səfir Carole Crafts bazar ertəsi günü keçirilən mətbuat konfransında Britaniyanın Arsenal futbol klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıdakı oyunda iştirakdan imtinası haqda yazılanlara toxunub.

"Əslində söhbət idman, İngiltərə Premyer Liqası və iki ingilis klubu haqda olmalı idi. Biz elə Premyer Liqadan danışırıq ki, yəqin ki, dünyanın ən güclü oyunçularını özündə cəmləşdirir. Söhbət bunlardan getməli idi".

Səfir vurğulayıb ki, "Bakı nəinki idman oyunlarına, eyni zamanda digər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə də ad çıxarıb".

"Biz Bakı haqda danışanda dünya standartlarından danışırıq, dünya standartlarında olan stadiondan, şirkətlərdən danışırıq. Azərbaycan artıq kifayət qədər böyük yarışlara ev sahibliyi edib və böyük təcrübəsi var. Azərbaycan hər zaman beynəlxalq praktikaya uyğun təhlükəsizlik tədbirlərini həyata keçirib və bununla bağlı yaxşı təcrübəsi var", o bildirib.

Carole Crafts-ın sözlərinə görə, "Arsenal" və "Çelsi" klubları, AFFA, eləcə də çoxlu sayda azarkeşlərin Bakıya gəlişini təmin etmək məqsədilə London polisi ilə sıx əməkdaşlıq edirlər.

Səfir qeyd edib ki, Azərbaycana futbol matçı ilə əlaqədar 4 çarter uçuşu həyata keçiriləcək, lakin digər reyslər haqda, eləcə də Azərbaycana gələcək azarkeşlərin sayı haqda səfirlikdə dəqiq məlumat yoxdur.

"Maraqlıdır ki, niyə buna indi bu qədər maraq var?.."

Səfir Crafts Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı yaydığı səyahət tövsiyəsinə toxunaraq deyib ki, bu, son bir neçə ildə dəyişməyib, "maraqlıdır ki, niyə buna indi bu qədər maraq var?.."

"Səyahət tövsiyəsi Britaniya vətəndaşlarının səyahət edəcəkləri ölkədə təhlükəsiz durumda olduqlarına əmin olmaq üçündür və dünyadakı bütün ölkələr üçün yazılır", o deyib.

Britaniya hökumətinin internet səhifəsində yayımlanan səyahət xəbərdarlığında qeyd olunur ki, oteller, restoranlar və publar kimi yerlərdə xaricilərə qarşı ayrı-seçkilik və qarşıdurma ola bilər. Britaniya vətəndaşlarına məsləhət olunur ki, şəhərin mərkəzindəki barların, klubların, özəl binaların ətraflarında xırda soyğunçuluq halları baş verdiyindən ehtiyatlı olsunlar.

"Azərbaycanda korrupsiya həyatın bir aspektidir və Britaniya öz vətəndaşlarını rüşvət verməkdən çəkinməyə çağırır" xəbərdarlığı da sözügedən tövsiyədə əks olunub.

Carole Crofts qeyd edib ki, bu qeyd "Britaniya vətəndaşlarının getdikləri ölkələrdə qanunlara riayət etməsi baxımından" yazılıb.

"Azərbaycanda rüşvət vermək qanunla qadağandır. Əgər polis və ya başqa kimsə sizi saxlayıb pul qopartmaq istəsə, qanunla nəzərdə tutulmayan pul tələb etsə bu, qeyri-qanunidir və bunu etməkdən çəkinin. Biz bütün Britaniya vətəndaşlarına tövsiyə edirik ki, qeyri-qanuni işlər görməkdən çəkinsinlər", - səfir qeyd edib.

Bu barədə daha geniş