Bakıda UEFA Avropa Liqası finalının məşqləri - fotolar

Bakı Olimpiya Stadionu Fotonun müəllifi Getty Images

UEFA Avropa Liqasının finalına bir neçə gün qalmış Bakı Olimpiya Stadionunda məşqlər başlayıb.

Mayın 29-da finalda Britaniyanın Chelsea və Arsenal futbol klubları qarşılaşacaqlar.

Şənbə günü Bakıya gələn Arsenal futbol klubu artıq məşqlər barədə rəsmi Twitter hesabından fotolar paylaşıblar.

Bu foto "İrəliyə, birlikdə" şərhi ilə bu gün səhər təxminən 8-də paylaşılıb.

Arsenal futbolçuları bazar gününü də məşqdə keçiriblər, rəsmi Twitter hesabından paylaşılmış videolardan görünür.

Arsenal klubu Bakıya mayın 25-də gəliblər, həmin gün onların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılaşma mərasimi olub.

Chelsea futbol klubu isə öz Twitter hesabında final öncəsi keçiriləcək oyun barədə məlumatlar paylaşıb.

BBC Sports News-un müxbiri David Ornstein finalın keçiriləcəyi məkan barədə yazıb ki, oyunu klubların müxtəlif ölkələrdən olan azarkeşləri izləyəcək.

"Yamaqların olmasına baxmayaraq meydança UEFA tərəfində 5/5 kimi qiymətləndirilib", BBC jurnalisti AFFA rəhbərinə istinadən yazıb.

UEFA Foundation Bakıda keçiriləcək final oyununun futbolçuların meydançaya ilk dəfə olaraq 22 qız maskotla birgə çıxması planı ilə Avropa Liqası tarixinə düşəcəyini deyib.

Hərçənd bu final oyunu Avropa Liqası tarixində həmçinin azarkeşlərin və futbol klublarının Bakıya səyahət və erməni əsilli futbolçu Henrix Mxitaryanın Bakıda getməmək qərarı ilə yadda qalacaq.

Britaniyalı azarkeşlər Bakının Londondan təxminən 4000 km uzaq, səyahətin isə baha olduğunu deyərək UEFA-nı seçiminə görə tənqid ediblər.

UEFA seçimini müdafiə edərək bildirib ki, final oyununa ev sahibliyi edəcək şəhər iki il əvvəl seçilib və həmin vaxt hansı ölkənin klublarının finala çıxacağı bəlli deyildi.

London-Bakı-London reysinin yeganə operatoru AZAL bildirib ki, Azərbaycana futbol matçı ilə əlaqədar çarter uçuşları təşkil ediləcək. Britaniyanın Bakıdakı səfiri Londondan Bakıya konkret 4 çarter uçuşunun həyata keçiriləcəyini açıqlayıb.

Mayın 22-də Arsenal futbol klubunun yarım-müdafiəçisi və Ermənistan milli yığmasının kapitanı olan Henrix Mxitaryan təhlükəsizlik məsələləri səbəbindən Bakıya getməmək barədə qərar verib.

Azərbaycan rəsmiləri Mxitaryana "yüksək səviyyədə təhlükəsizlik zəmanəti" verdiyini açıqlayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş