Azad Rəhimov: "Mxitaryana təhlükəsizliyinin 100 faiz təmin olunacağını çatdırmışıq. Bundan artıq nə ola bilər?"

Azad Rəhimov Fotonun müəllifi Azertag

Gənclər və idman naziri Azad Rəhimov Arsenal futbol klubunun yarım-müdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməmək qərarı və erməni əsilli azarkeşlərin Azərbaycana gəlməsi barədə CNN telekanalına müsahibə verib.

Ötən həftə Ermənistan milli yığmasının kapitanı Henrix Mxitaryan mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalına gəlməmək barədə qərar verib.

CNN: - Sizcə, Azərbaycana səyahəti zamanı Mxitaryana özünü təhlükəsiz hiss etməsi üçün daha artıq təminat verə bilərdinizmi?

Azad Rəhimov: - "Daha artıq deyəndə siz nəyi nəzərdə tutursunuz? Daha artıq - bizim təminatımızdır, daha artığı odur ki, biz ona təhlükəsizliyinin 100 faiz təmin olunacağını çatdırmışıq. Bundan artıq nə ola bilər?

Bəlkə onun üçün məxsusi olaraq özəl təyyarə göndərək? Və həmin təyyarəni iki F-16 hərbi təyyarəsi də müşayiət etsin? Daha artıq deyəndə, bilmirəm nə nəzərdə tutulur.

Biz UEFA-ya və Arsenal klubuna bütün mümkün və mümkün olmayan sənədləri göndərmişik. Şəxsən mən özüm, öz adımdan, şəxsi imzamla hökümət təminatının verilməsi barədə məktub göndərmişəm, eləcə də Azərbaycan Futbol Federasiyası tərəfindən də, təhlükəsizliyi təmin edən bütün dövlət strukturları tərəfindən də...

Biz Azərbaycanda Ermənistan komandasını qəbul etmirik. Biz Birləşmiş Krallığın futbol klubunu qəbul edirik".

Fotonun müəllifi GIN

CNN:- Siz onunla danışmızınız, ona zəng etmək cəhdi göstərmisiniz?

Azad Rəhimov: - "Yox. Heç nömrəsini də bilmirəm. Amma onda, klubunda bizim Londondakı səfirliyimizin kontaktları var. Londondakı səfirimiz müsahibəsində aydın tərzdə Mxitaryana səfirliklə, şəxsən onun özü ilə əlaqə saxlamağı təklif edib. Lakin buna heç bir cavab olmayıb".

CNN: - Və sonuncu sual - gələn il siz Euro-2020 çempionatının bəzi oyunlarına ev sahibliyi edəcəksiniz. Erməni azarkeşlərinə Azərbaycana gəlməyə icazə veriləcəkmi? Erməni mənşəli adamlar təhlükəsizlikləri üçün qorxu hissi keçirmədən səyahət edə biləcəklərmi?

Azad Rəhimov: "Azərbaycana idman yarışına gələnlər üçün heç vaxt heç bir məhdudiyyət qoymamışıq. Sadəcə, Azərbaycana gələn erməni millətindən olan hər bir vətəndaşdan viza almaq üçün müraciəti və sənədləri qabaqcadan göndərmək xahiş olunur. Yalnız budur. Bu, mənim ölkəmə gələn digər turistlərə nisbətən daha çox vaxt apara bilər. Qalan məsələlərdə heç bir məhdudiyyət yoxdur."

Bu barədə daha geniş