Bakıda Avropa Finalının ətrafında niyə bu qədər qalmaqal oldu?

Bakı Fotonun müəllifi Robbie Jay Barratt - AMA

Bakıda Arsenal və Chelsea komandaları arasında futbol üzrə Avropa Liqasının finalı baş tutacaq.

Bəs necə olur ki, belə balaca post-Sovet ölkəsi bu və buna bənzər çoxlu böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməyi bacarır?

Britaniyalı futbol azarkeşləri üçün məhdud sayda bilet sayı, birbaşa uçuşların çatışmazlığı və Arsenal-ın oyunçusu Henrix Mxitaryan-ın Bakıya səyahət etməmək qərarı Avropa Liqası finalı üzərinə kölgə salıb.

Neftlə zəngin bir çox ölkə kimi Azərbaycanın da adı insan haqlarının tapdalanması məsələlərində dəfələrlə hallanıb. İriçaplı tədbirlərə ev sahibliyi etməklə ölkənin beynəlxalq imicini yüksək saxlamağa çalışması arasında bir əlaqə sezənlər az deyil.

Avropa Liqasının finalına ev sahibliyi etməsi ilə bağlı tənqidlər bu cür investisiyanın uğursuzluğuna işarədir və heç də birinci oxşar hal deyil.

Ölkənin ev sahibliyini etdiyi, demək olar ki, hər bir beynəlxalq tədbir insan haqları pozuntuları haqqında tənqidlərlə zəngin olub.

2017-ci ildə Azərbaycanın hökumətə qarşı xoş münasibət bəsləyən avropalı siyasətçilərə multi-milyard dollarlıq "şirinlik fondundan" vəsait xərclədiyi iddia olunmuşdu.

Beynəlxalq profil

Fotonun müəllifi Getty Images
Image caption Henrix Mxitaryan bu mövsümdə Avropa Liqası çərçivəsində Arsenal klubunun tərkibində bir sıra oyunlarda çıxış edib

Azərbaycan üçün illər ərzində ev sahibliyini etdiyi digər beynəlxalq tədbirlərlə yanaşı Avropa Liqası finalı da böyük uğurlu bir addım ola bilərdi.

UEFA 2017-ci ildə qərarını açıqlayan zaman mənzərə əslində bu cür görünürdü.

O zaman Azərbaycan yenicə İslam Həmrəylik Oyunlarına və tarixində ikinci dəfə Formula 1 Grand Prix-ə ev sahibliyi etmişdi.

Buna qədər 9 milyon əhalisi olan dövlət 2012-ci ildə Eurovision mahnı müsabiqəsi və 2015-ci ildə tarixdə ilk dəfə baş tutan Avropa Oyunlarının ev sahibi olmuşdu. Hətta 2016 və 2020-ci il Yay Olimpiadaları üçün də müraciət etmişdi.

Bu tədbirlərlə bərabər, Azərbaycan beynəlxalq profilini reklam etmək üçün başqa vasitələrdən də istifadə edib.

İspaniyanın Atletico Madrid futbol komandasının üzvləri bir müddət üzərində "Azerbaijan - Land of Fire" ("Azərbaycan - Odlar Yurdu") sözləri yazılan köynəklər geydilər. Bu saziş 12 milyon avroya başa gəlmişdi.

1991-ci ildə SSRİ-nin dağılması nəticəsində müstəqillik əldə edən bir ölkə üçün bu təqdirəlayiq nailiyyətlər heç də ucuz başa gəlməyib.

Bu xərclər üçün lazım olan maddi vəsait, əsasən Azərbaycanın əsas ixracatı və Birləşmiş Krallıq (BK) ilə əlaqənin ən mühüm vasitələrindən biri olan neftdən gəlirdi.

Britaniya ilə əlaqə

Fotonun müəllifi Getty Images
Image caption İngiltərə yığmasının keçmiş kapitanı Tony Adams 2010-cu ildə Qəbələ Futbol klubuna baş məşqçi kimi qoşulub

BP 1990-cı illərin ortasından sonuna qədər Azərbaycanın iqtisadi bumunda mühüm rol oynayıb və hələ də Azərbaycanın neft və qaz sənayesinin ən böyük xarici oyunçularından biridir.

Yeri gəlmişkən, keçmiş Arsenal futbolçusu və İngiltərə yığmasının keçmiş kapitanı Tony Adams-ın da Azərbaycan ilə münasibəti var.

2010-cu ildə Qəbələ Futbol Klubuna baş məşqçi kimi qoşulan Adams ölkənin fövqəladə hallar nazirinin oğluna məxsus bu komandanın Futbol Direktoruna da çevrilib.

Tony Adams Azərbaycanda yaşadığı, xüsusilə 2015-ci ildə keçirdiyi ürək əməliyyatından sonrakı illəri xoş xatırlasa da, Britaniya mediası Azərbaycana qarşı bir o qədər mehriban deyil.

Arsenal və Chelsea azarkeşlərinin bir çoxu 69.870 yerlik Bakı Olimpiya Stadionunda oyunu izləmək üçün bu komandaların azarkeşlərinə cəmi 12000 bilet ayrılmasından narazı qalıb.

London və Bakı arasında birbaşa uçuşların kasadlığı, britaniyalılar üçün viza tələbi və Ermənistan yığma komandasının kapitanı və Arsenal-ın futbolçusu Henrix Mxitaryan-nın təhlükəsizlik narahatlıqları səbəbi ilə Bakıya getməmək qərarı vəziyyəti daha da pisləşdirib.

Mxitaryan-ın qərarına səbəb, Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ regionu ilə bağlı hələ davam edən münaqişəyə görə etnik mənsubiyyətinin onu hədəfə çevirəcəyi narahatlığıdır.

Azərbaycan hökuməti onun təhlükəsizliyini təmin edəcəyinə zəmanət versə də, Mxitaryan "ailəsilə məsləhətləşmədən sonra" Bakıya getməmək qərarına gəldiyini deyib.

Erməni mənşəli idmançılar Azərbaycana daha əvvəllər gəlib və onların təhlükəsizliyinə hər hansı zərər qeydə alınmayıb.

İnsan haqları

Fotonun müəllifi © Jamie McDonald / FIFA / Getty Images
Image caption Formula-1 yarışı marşrutunun bir hissəsi İçərişəhərin yaxınlığından keçir

Problemli insan haqları məsələləri fonunda Azərbaycanın hörmət qazanması bir az çətin olub.

Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 166-cı yeri tutan və LGBTI haqları üzrə Avropanın ən pis ölkəsi adını alan Azərbaycan beynəlxalq miqyasda insan haqlarının ardıcıl pozucusu kimi tanınır.

Human Rights Watch-a görə, Azərbaycan bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməklə "öz imicini bəzəmək və onu tənqidlərdən uzaqlaşdırmak" istəyir.

Azərbaycanlı jurnalistlər, insan haqları müdafiəçiləri və siyasi fəallar ölkədə Amnesty International-ın təsvir etdiyi "qorxu və repressiya havası" fikri ilə razıdırlar.

Bütün bunlar az deyilmiş kimi, qitənin ən böyük insan haqları gözətçisi Avropa Şurası 2018-ci ildə parlament üzvlərindən 13-nü azərbaycanlı rəsmilərdən rüşvət və hədiyyələr almaqda ittiham edərək AŞPA-dakı işindən uzaqlaşdırıb.

2017-ci ildə təşkilat müstəqil soruşdurma apardıqdan sonra müəyyənləşib ki, AŞPA-nin keçmiş prezidenti Pedro Argamunt "azərbaycanlı rəsmilərə qarşı tənqidləri yumşaltmaq naminə" müdaxilə edib.

Bu təhqiqat isə Azərbaycanın BK-da yerləşən qeyri-şəffaf şirkətlər vasitəsilə "gizli rüşvət fondunun" üzə çıxmasından sonra həyata keçirilmişdi.

"Azərbaycanın pul yuyan maşını" ("Azerbaijan Laundromat") adlandırılan gizli fond iddiası Avropa qəzetlərində və Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsində (Organized Crime and Corruption Reporting Project - OCCRP) dərc olunub.

Pulların avropalı siyasətçilərə rüşvət verildiyi iddia olunur.

Hesabatda fond ilə Azərbaycan prezidenti İlham Əliyev arasında əlaqə olduğu iddia edilirdi və prezident bu iddianı hələ də təkzib edir.

Ailə

Image caption İraq mənşəli britaniyalı memar Zaha Hadidin layihələşdirdiyi bu bina Bakının müasir arxitekturasının simvollarından birinə çevrilib.

Bu iddiaların mərkəzində və xaricdə Azərbaycan üçün pozitiv imic formalaşdırmaq üçün atılan bütün addımların arxasında ölkənin prezidenti İlham Əliyev dayanır.

Prezident Əliyev 2003-cü ildə atasından sonra hakimiyyətə gəlib və 16 ildir ki, hakimiyyətdədir.

Etibarlı seçki müşahidəçiləri onun seçildiyi seçkilərin azad və ədalətli olmadığın deyiblər. Bu müddət ərzində o, konstitusiyaya dəyişiklər edərək, postunda daha uzun müddət qala bilib.

Son illərdə prezident həyat yoldaşı Mehriban Əliyevanın siyasi profilini artırıb. Bu isə özündən sonra hakimiyyətə birinci xanımın gələcəyi ilə bağlı söz-söhbətlərə səbəb olub. Şaiyələr cənab Əliyevin 2017-ci ildə həyat yoldaşını ölkənin Birinci Vitse-prezidenti elan etməsindən sonra daha da vüsət alıb.

Mehriban Əliyeva Azərbaycanın imicini beynəlxalq arenada yuxarı qaldırmaq məqsədilə atılan addımlar kimi beynəlxalq meqa-tədbirlərə rəhbərlik edir.

Həyat yoldaşından sonra, hakimiyyətə gəlib-gəlməyəcəyi məlum olmasa da və kimin prezident olacağından asılı olmayaraq, Azərbaycanın imicini yaxşılaşdırmaq cəhdləri asan proses olmayacaq.

Ermənistan ilə münaqişənin hələ də davam etməsi isə Azərbaycanın ev sahibliyi etdiyi bütün tədbirlərdə istər individual idmançılar, istərsə də komandalar ilə problemlər yaşayacağı deməkdir.

Ölkənin son illərdə insan haqları göstəricilərinin yaxşılşadırılması üzrə heç bir addım atılmaması, Bakının gələcəkdə imicini düzəltmək üçün cəhdlərə qarşı tənqidlərə etinasız yanaşma kimi qiymətləndirilir.

Bu barədə daha geniş