"Molokanların ibadət evi" kimi tanınan bina "yeni aşkar olunan tarixi abidələr siyahısına" salınıb

Bina

"Molokanların ibadət evi" kimi tanınan bina "yeni aşkar olunan tarixi abidələr siyahısına" salınıb.

Bu barədə məlumatı BBC News Azərbaycancaya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov verib.

Onun sözlərinə görə, abidələr bu siyahıya salınandan sonra dövlət tərəfindən qorunur və Nazirlər Kabinetinin qərarından sonra "dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına" daxil edilir.

"Sözügedən bina özəl mülkiyyətdədir və onun sahibi obyekti binanın memarlığına xələl gətirmədən istifadə edə bilər, oranı ofis və ya başqa məqsədlər üçün istifadə edə bilər", - cənab Hüseynov qeyd edib.

Fariz Hüseynov qeyd edib ki, "binanın sahibi obyekti bərpa etmək istəyir və bu, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında olmalıdır".

"Obyektin sahibi binanı özlərinin və ya dövlətin bərpa edəcəyini özü seçə bilər, amma bunun layihəsi bizim quruma təqdim olunmalı və razılaşdırılmalıdır. Bərpa ancaq bizim qurumun nümayəndələrinin nəzarəti altında mümkündür".

Cənab Hüseynov söyləyib ki, qurum son bir neçə il ərzində Azərbaycanda monitorinqlər aparıb və bunun nəticəsində 1700-ə yaxın abidə yeni aşkar olunmuş tarixi abidələr siyahısına salınıb.

1900-cü illərin əvvəllərində tikildiyi bildirilən bu bina 2019-cu il mayın əvvəlində sökülmə təhlükəsi ilə üzləşib.

Bir il əvvəl binanı özəlləşdirən mülkiyyətçi obyekti sökmək istəyib. Binada hazırda kirayəçi olan "Salaam Cinema" mədəni fəaliyyət qurumunun söküntüyə etirazından sonra sonra məsələ ictimailəşib.

"Salaam Cinema" binanın taleyi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışdı. Bundan sonra məsələ Birinci vitse-prezidentin nəzarətinə götürülüb.

Bundan bir neçə gün sonra isə bina abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb.

Sənətşünaslar bu binanın 1913-cü ildə molokanların dua evi kimi tikildiyini söyləyirlər.

Həmçinin bax:

Video açılmırsa, YouTube-dan izləyin.

Əlaqəli mövzular

Bu barədə daha geniş