AZAL özünü təkzib edir: Boeing-dən imtina etməmişik

Boeing 737 Max-8 Fotonun müəllifi Boeing

Azərbaycan Hava Yolları "Boeing 737 Max-8" təyyarələrindən imtina etməyib, sadəcə olaraq, müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır, "Azərbaycan Hava Yolları" QSC bəyan edib.

Bu bəyanatdan bir neçə saat öncə isə AZAL-dan BBC News Azərbaycancaya bildirilmişdi ki, şirkət "Boeing 737 MAX-8 təyyarə modelini almaqdan imtina edib və bu haqda Boeing korporasiyasına məlumat verilib".

Şirkətin sözçüsü Paşa Kəsəmənski BBC News Azərbaycancanın sorğusuna cavab olaraq bildirib ki, müqavilənin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edir və ilkin ödəniş artıq həyata keçirilib.

"Müqavilə üzrə ilkin ödənişlər olunub. Bu ödənişlər 2024-cü ildə "Boeing" korporasiyası tərəfindən nəzərə alınacaq", - məlumatda qeyd olunur.

Cənab Kəsəmənski hələlik "Azərbaycan Hava Yolları" mövcud təyyarə parkından aktiv istifadə edəcəyini qeyd etsə də, əlavə edib ki, "hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün "Boeing" şirkəti ilə danışıqlar aparılır".

Paşa Kəsəmənski qeyd edib ki, eyni model təyyarənin alınıb-alınmaması ilə bağlı qərar 2024-cü ildə veriləcək, buna qədər isə şirkət Boeing korporasiyası ilə sıx əməkdaşlıq edəcək.

Azərbaycan Boeing şirkəti ilə imzaladığı müqavilə əsasında 10 ədəd 737 MAX-8 tipli təyyərə alıb.

AZAL əvvəl nə deyib?

Bazar ertəsi səhər AZAL BBC-ə məlumatında demişdi: "Boeing şirkətinə alış üzrə müqavilənin pozulması barədə məlumat verilib",

"Azərbaycan imtina barədə qərar verib, prosesin nə qədər çəkəcəyini isə bilmirik. Başqa təyyarələrin alışı ilə bağlı hazırda iş görülür", - cənab Kəsəmənski qeyd etmişdi.

Azərbaycan Boeing şirkəti ilə imzaladığı müqavilə əsasında 10 ədəd 737 MAX-8 tipli təyyərə alıb.

Martın 10-da Efiopiyada eyni model təyyarənin qəzaya düşməsindən bir neçə gün sonra AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdi ki, "il sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyarə gətiriləcək".

Cənab Əsgərov qeyd etmişdi ki, şirkət Boeing korporasiyasının mütəxəssisləri ilə "sıx əməkdaşlıq edir" və "yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq".

Boeing 737 Max

Boeing 737 Max təyyarələri şirkətin 737 seriyasının ən uğurlu təyyarələridir. Bu seriyaya Max 7, 8, 9 və 10 modelləri aiddir.

Yanvar ayının sonunda Boeing şirkəti sifariş olunmuş 5011 Max 8 model təyyarələrinin 350-ni artıq sifarişçilərə çatdırıb. Max 9 modelinin bir sıra təyyarəsi də artıq uçuşları yerinə yetirməkdədir.

Son bir neçə ayda iki qəza

2019-cu il martın 10-da Efiopiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə təyyarədə olan 149 sərnişin və 8 nəfər uçuş heyətinin üzvü ölüb.

Bundan sonra Çin, Cənubi Koreya, Malayziya bu model təyyarənin uçuşuna qadağa qoymuş, digər bir neçə ölkə isə istehsalçı şirkətdən təhlükəsizlik qaydalarına yenidən baxılmasını tələb etmişdi.

Sinqapur və Avstraliya da Boeing 737 Max təyyarəsinin öz ölkələrinə və ölkələrindən uçmasına müvəqqəti qadağa qoyub.

Britaniya mart ayında öz hava məkanında bu təyyarələrə qadağa qoyub.

Boeing 737 Max təyyarəsinin insan ölümünə səbəb olduğu son bir neçə ayda ikinci qəzasıdır.

2018-ci ilin oktyabr ayında İndoneziya hava şirkətinə məxsus bu təyyarə modelinin qəzaya uğraması nəticəsində 189 insan həlak olub.

Bu barədə daha geniş