Elina Hacıyeva işi: ekspertiza rəyi gecikirmi?

Elina Hacıyeva işi intihar

Bakıdakı 162 saylı məktəbdə intihar etmiş 14 yaşlı Elina Hacıyevanın ailəsi məktəblinin işi ilə bağlı ekspertizanın nəticələrinin açıqlanmamasından narahatdır.

Müstəqil ekspert Vüqar Məmmədov BBC News Azərbaycancaya bildirib ki, "Elina Hacıyeva işində ekspertiza rəyi gecikir və bu, qanun pozuntusudur".

İstintaqın ekspertiza rəyini əldə edib-etməməsi ilə bağlı sualı cavablandırmayan Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yalnız onu deyib ki, "zərurət yarandıqca ictimaiyyətə bu hadisə ilə bağlı açıqlama verilir".

Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, iki aydır ekspertizanın nəticələrinin açıqlanmamasının səbəbini bilmir.

"İş hələ davam edir. Mayın 31-də zəng etdim, dedilər ki, ekspertizanın nəticəsi iyunun 3-də bəlli olacaq, amma olmadı. Artıq iki ay keçib, hələ də bir xəbər yoxdur", - mərhum Elina Hacıyevanın anası Sevil Hüseynova bildirib.

Onun sözlərinə görə ki, prokurorluqdan ona "ekspertizanın cavabı çıxan kimi xəbər edəcəklərini" söyləyiblər.

Vəkillərin işə müstəqil ekspertin cəlbi təklifinə niyə"yox" deyilib?

Vəkil Emin İsayev BBC News Azərbaycancaya deyib ki, Elina Hacıyeva işinin obyektiv araşdırılması üçün o və digər vəkil həmkarları Azərbaycan Tibb Universitetinin professoru Vüqar Məmmədovun təhqiqatı aparan ekspert qrupuna müstəqil ekspert kimi daxil edilməsini istəyiblər:

"Lakin işi aparan müstəntiq vəsatətimizi təmin etmədi. O, imtinanı müstəqil ekspertin işə cəlbini zəruri hesab etməməsi ilə əlaqələndirdi", vəkil əlavə edib.

Müstəqil ekspert Vüqar Məmmədov qərarla bağlı işə "heç bir marağı olmadan" qoşulmaq istədiyini, lakin istintaq tərəfindən verilmiş "yox" qərarının onu "təəssüfləndirdiyini" söyləyib.

"Vəkillər məndən işlə bağlı komissiyaya müstəqil ekspert kimi daxil olmağımı istədilər. Mən də razılıq verdim. Heç bir marağım olmadan ölüm səbəbinin obyektiv araşdırılmasında və müəyyənləşdirilməsində mövcud olan hansısa qüsurların aşkarlanması və tibbi xidmətin göstərilməsi - müalicənin doğru aparılıb-aparılmaması ilə bağlı məsələlərdə ekspert kimi iştirak edib rəyimi verməyə hazıram".

Elina işində ekspertizanın nəticələrinin açıqlanması gecikə bilərmi - Qanun nə deyir?

"Meyit üzərində məhkəmə-tibbi ekspertiza aparıldıqda rəyin verilməsi bir ay müddətinə ləngiyə bilər, çünki nümunələr götürülüb laborator üsullarla müayinə aparıldıqda həmin müayinələrin müddəti bir aya qədər çəkə bilər", - Vüqar Məmmədov deyib.

Vüqar Məmmədov hesab edir ki, Elina Hacıyeva işində rəyi gecikdirəcək xüsusi bir səbəb görmür və onun qənaətincə, ekspertizanın qərarı "gecikir:" "Bu isə yenə də qanunvericiliyin pozulmasıdır".

Ədliyyə Nazirliyinin "Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat"da deyilir ki, "ekspertiza təyin edilməsi haqda qərar Mərkəzə daxil olduğu vaxtdan 1 (bir) aydan gec olmayaraq" iş haqqında hazırlanmış yazılı rəy ekspertizanı təyin etmiş orqana və ya şəxsə göndərilir.

İstintaqın ekspertiza rəyini əldə edib-etməməsi ilə bağlı sualı cavablandırmayan Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yalnız onu deyib ki, "zərurət yarandıqca ictimaiyyətə bu hadisə ilə bağlı açıqlama verilir".

"Biz bu yaxınlarda yaradılmış istintaq qrupu tərəfindən Elina Hacıyevanın vəfatı ilə əlaqədar intensiv istintaq tədbirləri davam etdirilməsi barədə üçüncü dəfə məlumat yaydıq. Zərurət yarandıqca da əlavə məlumat veririk. İstintaqın nəticəsi barədə də ictimaiyyətə açıqlama veriləcək", - Eldar Sultanov BBC News Azərbaycancaya bildirib.

Aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə inithar etmiş Elina Hacıyeva sonradan xəstəxanada vəfat edib. Onun intiharından sonra məktəb direktoru cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə daha geniş