Güzəştli mənzillər bu dəfə yalnız "öz vəsaiti hesabına" satılacaq

MİDA öz vəsaiti hesabına ödəniş üsulu ilə 253 mənzili satışa çıxarır Fotonun müəllifi MİDA.GOV.AZ
Image caption MİDA öz vəsaiti hesabına ödəniş üsulu ilə 253 mənzili satışa çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyi elan edib ki, Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyənlər bu dəfə mənzili "öz vəsaitlərinə ala" biləcəklər.

"Öz vəsaitlərinə almaq" o deməkdir ki, mənzil arzusunda olan vətəndaşlar bu dəfə ipotekadan istifadə edə bilməyəcəklər, Agentlikdən BBC News Azərbaycancaya bildiriblər.

Ötən ilin may ayından dövlət vəsaiti hesabına tikilən və bazar qiymətlərindən nisbətən ucuz təklif edilən və onlayn satılan mənzillər əvvəllər həm də ipoteka yolu ilə satılıb.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bildirir ki, indi mənzili vətəndaşlara yalnız öz vəsaitləri hesabına təklif etməsinin "xüsusi bir səbəbi" yoxdur.

"Sadəcə, MİDA-ya verilən yeni səlahiyyətlərə görə, qurum satış zamanı hər iki variantı (öz vəsaiti hesabına və ya ipoteka yolu ilə mənzilə sahib olma) ya əvvəllər olduğu kimi qarışıq, ya da ayrı-ayrılıqda tətbiq edə bilər", MİDA-dan BBC News Azərbaycancaya deyiblər.

Bu dəfə satışa Yasamal Yaşayış Kompleksində 253 mənzil çıxarılır.

Qurumun məlumatına görə mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar məbləğin 10 faizi həcmində endirim əldə edəcəklər.

Mənzilin öz vəsaiti hesabına ödəniş üsulu ilə (əlavə endirimdən sonra) satış qiyməti bir otaqlı üçün təxminən 27 min, iki otaqlı üçün 43 min, üç otaqlı üçün 59 min manatdır.

Satış iyulun 12-də saat 11:00-da başlayacaq və iyulun 17-nə saat 00:00-dək davam edəcək.

Mənzillərin öz vəsaiti hesabına gözləmə qaydasında seçimi isə iyulun 14-də saat 11:00-dan başlayaraq iyulun 17-nə saat 00:00-dək davam edəcək.

Mənzillərin gözləmə qaydasında seçimi bir mənzilin daha iki nəfər tərəfindən seçilməsini nəzərdə tutur və əgər mənzili ilk seçən səxs onu ala biləməsə növbədə olan digər gözləyən bu imkanı əldə etmiş olur.

İndiyə kimi MİDA güzəştli mənzillərin 3 dəfə satışını həyata keçirib.

Bu barədə daha geniş