Azərbaycandakı avropalı biznesmenlər nədən narazıdırlar?

Avropa İttifaqı-Azərbaycan Fotonun müəllifi Alman-Azərbaycan Xarici Ticarət Palatası
Image caption Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Johannes Hahn: "Çox nikbinəm ki, tez bir zamanda Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli saziş bağlanılacaq"

Azərbaycanda fəaliyyət göstərən avropalı iş adamları Azərbaycanda biznes mühitindən narazıdırlar: bürokratiya, korrupsiya, kadr çatışmazlığı, inflyasiya riski onları narahat edən məsələlərdir.

Bu, cümə axşamı günü Avropa İttifaqı -Azərbaycan Biznes Forumunda açıqlanan "Aİ və Azərbaycanda Biznes Mühiti-2019" hesabatında əks olunub.

Ötən ilki hesabatda da Azərbaycanda fəaliyyət göstərən avropalı iş adamları ölkədəki gözə görünən yeganə islahat kimi ASAN xidməti vurğulayır, gömrük, təhsil, hüquq sahəsindəki vəziyyətdən narazılıqlarını bildirmişdilər. Avropalı biznesmenlər hesab etmişdilər ki, "şəffaflıq yoxdur, kadr çatışmır, korrupsiya, bürokratiya var, qanunun aliliyi qorunmur".

"Aİ və Azərbaycanda Biznes Mühiti-2019" hesabatına əsasən, rəyi soruşulanların 68 faizi Azərbaycanda bazarın qeyri-müəyyən istiqamətdə inkişafını, 61 faizi bürokratiyanı, 57 faizi korrupsiyanı, 53 faizi ixtisaslı kadr çatışmazlığını, 46 faizi isə inflyasiyanı risk kimi göstəriblər.

Aİ şirkətlərinin 75 faizi yenidən Azərbaycana investisiya qoya biləcəklərini, 18 faizi buna əmin olmadığını, 7 faizi isə ölkəyə yenidən investisiya qoymayacağını qeyd edib.

Şirkətlərin 64 faizi bu il ölkənin iqtisadi perspektivlərin sabit qalacağını düşündüyünü bildirib.

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin 65 faizi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirib.

"Azərbaycan Avropa İttifaqı ölkələrinə 15 milyard dollar investisiya qoyub"

Avropalı iş adamlarının narahatlıqlarını şərh etməyən iqtisadiyyat naziri Şahin Mustafayev forumda hər iki tərəf arasında ticarət dövriyyəsinin 30 faiz artdığını deyib.

O bildirib ki, Azərbaycanda hazırda 1600-dan çox Avropa İttifaqı şirkəti fəaliyyət göstərir və indiyədək bu şirkətlər Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya qoyub, Azərbaycanın Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına qoyduğu investisiya isə 15 milyard dollar olub.

Şahin Mustafayev qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür, Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin payı isə 42 faizdir.

"Ötən il ticarət dövriyyəmiz 30 faiz artıb. Qeyri-neft sektorunda Avropa İttifaqı bazarının böyük potensialı var. Hazırda Azərbaycan Avropa İttifaqı ilə yeni saziş üzrə müzakirələr aparır. İnanırıq ki, bu saziş əməkdaşlığa yeni töhfə verəcək", - cənab Mustafayev qeyd edib.

Aİ komissarı: "Azərbaycan xüsusilə iqtisadi və ticari baxımından Avropa İttifaqının əsas tərəfdaşlarından biridir"

Azərbaycan, xüsusilə iqtisadi və ticari baxımından Avropa İttifaqının əsas tərəfdaşlarından biridir, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Johannes Hahn deyib.

"Çox nikbinəm ki, tez bir zamanda Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli saziş bağlanılacaq. Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək. Hesab edirəm ki, Azərbaycan bu baxımdan çox düzgün yol seçib. Biz mümkün olan bütün sahələrdə bu səyləri dəstəkləyəcəyik", - o söyləyib.

Cənab Hahn qeyd edib ki, Aİ və Azərbaycandan olan biznes nümayəndələrini dinləmək, onların çətinliklərini eşitmək və imkanları ilə tanış olmaq mühümdür.

"Əminəm ki, Avropa İttifaqı-Azərbaycan arasında yeni saziş ərsəyə gələn zaman bu, iqtisadi imkanların artmasına da yardım edəcək".

Forumda ticarət, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT və bir sıra başqa sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə daha geniş