Ramil Usubovun dəyişdirilməsi - daha sərt güc ehtiyacı, yoxsa daxili gərginlik?

İlham Əliyev, Ramil Usubov, Əli Nağıyev, Vilayət Eyvazov Fotonun müəllifi Baş prokurorluq, Azertag

Prezident İlham Əliyev bir neçə sərəncam imzalamaqla təhlükəsizlik orqanlarının bir neçəsinin rəhbərliyində dəyişiklər edib.

Yeni bölgüyə görə, 25 ildir Daxili İşlər naziri olan Ramil Usubov vəzifəsindən azad edilərək Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Onun boşalan nazir postuna isə uzun illərdir birinci müavin kimi çalışan Vilayət Eyvazov gətirilib.

Bununla yanaşı keçmiş Milli Təhlükəsizlik Nazirliyi ləğv olunduqdan və onun bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinə ilk rəis təyin olunmuş Mədət Quliyev vəzifəsindən kənarlaşdırılıb. Beş ay əvvəl Müdafiə Sənayesi nazirliyinin bazasında Azərsilah Açıq Səhmdar Cəmiyyəti yaradılmışdı və nazirlik dəyişdirilmək üzrə idi, amma Mədət Quliyev ora yeni nazir kimi təyin olunub.

Prezident başqa bir sərəncamla Baş prokuror yanında Korrupsiya ilə Mübarizə idarəsinin rəis müavini Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edib.

Prezidentin təhlükəsizlik orqanlarının rəhbərliyində apardığı dəyişikliyi siyasi şərhçilər fərqli dəyərləndiriblər.

Bəzi təhlilçilər hesab edir ki, bu dəyişikliklər ölkədə artan gərginlik fonunda güc orqanlarının təcrübəli şəxsi tərəfindən koordinasiya edilməsi üçün aparılıb.

Başqa bir siyasi şərhçiyə görə isə dəyişikliyə səbəb Ramiz Mehdiyevin səhhəti ilə bağlı vəziyyətdir və onun əvəz edilməsi üçün edilib.

Image caption Mehman Əliyev

"Hüquq-mühafizə orqanlarına daha ciddi koordinasiya lazımdır"

"Hakimiyyət üçün ölkədə vəziyyət kifayət qədər gərgindir. 2015-ci ildən ölkədə baş verən iqtisadi böhran, getdikcə artan sosial-ictimai narazılıq, ölkədəki informasiya azadlığı, internetdə informasiya sahəsindəki qarşıdurma bu dəyişikliklərə rəvac verib", Turan informasiya agentliyinn rəhbəri Mehman Əliyev belə hesab edir.

Onun sözlərinə görə, son aylarda sadə vətəndaşlar, çoxsaylı piketlər, etirazlar keçirib və burada heç bir siyasi partiyanın rolu olmayıb və yeni kadr dəyişikliyi " daxili gərginliyin" nəticəsidir.

Mehman Əliyev deyir ki, gərginliyə bir tərəfdən də xarici qüvvələr, ABŞ, Avropa Birliyinin Azərbaycan hökümətini öhdəliklərə əməl etməyə çağırmağı səbəb olur.

Şərhçi burada gələcək İran ABŞ qarşıdırmasının təsirlərinin də olduğunu bildirir.

"Gərginlik məsələsində Rusiya amili də var və o istəmir ki, Azərbaycan Qərblə yaxınlaşsın. Azərbaycan bundan balans saxlamaqla istifadə etməyə çalışır, amma vəziyyət elədir ki, qüvvənin biri sıxdıqda o birisi də sıxır, təhlükələr ciddiləşir",- Mehaman Əliyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən də "hakimiyyət düşünür ki, hüquq-mühafizə orqanlarına daha ciddi koordinasiya lazımdır".

"Mərkəzləşmiş idarəetmə ehtiyacı Ramil Usubovun təhlukəsizlik şurasına təyin olunmasına gətirib çıxardı. İndiyə kimi Təhlükəsizlik Şurasının katibi faktiki yox idi, onu formal olaraq Ramiz Mehdiyev idarə edirdi",- Mehman Əliyev bu qənaətə gəldiyini deyib.

Mehman Əliyev vurğulayır ki, rəhbərləri dəyişdirilmiş həmin güc strukturlarının işçilərinin maaşlarının bir neçə gün əvvəl 40% artırılması da bu planın tərkib hissəsi idi.

Cənab Əliyev hesab edir ki, "Ramil Usubovun ictimi-siyasi asayışı necə qoruyub saxlaması təcrübəsində olması məlumdur. Buradan o qənaətə gəlmək olar ki, onun təyinatında əsas məqsəd ictimai-siyasi asayişi qorumaq, saxlamaq, təhlükələrin qarşısını almağa yönəlib".

"Mən hesab etmirəm ki, vəzifəsi dəyişdirilməklə Ramil Usubovun səlahiyyətləri azaldılıb".

O hesab edir ki, Ramil Usubov güc strukturlarının koordinasiyasını təşkil etmək üçün, onların işini daha sıx qurmaq üçün TŞ-nın katibi vəzifəsinə təyin olunub və onu işə salacaq.

"Bu o deməkdir ki, Ramil Usubov bu işlərlə məşğul olacaq və göstərişlər verəcək. Qərargahın rəisi kimi Usubov daha yaxşı idarə edə bilər",- Mehman Əliyev deyib.

"DİN vəzifəsinə Vilayət Eyvazovun gətirilməsi polis sisteminin gücləndirilməsinə, səfərbər olunmasına hesablanıb", o deyir.

"Mədət Quliyevin Müdafiə Sənayesi naziri kimi orduya daha çox nəzarət imkanı yaranır"

Cənab Əliyev Mədət Quliyevin Müdafiə Sənayesi Naziri vəzifəsinə təyin olunmasını isə onun ordu üzərində daha yaxşı nəzarət həyata keçirmək məqsədi ilə edildiyini bildirib.

"Orduya alınan təchizat, silah-sursat MSN-nin nəzarətindən keçir. O deməkdir ki, artıq həmin məsələ nəzarətə götürülür ki, hərbiçilər bu məsələdən bəhrələnməsinlər, bizneslə məşğul olmasınlar. Texniki təchizatın vəziyyətini kontrol etmək, müdaxilə etmək üçün Mədət Quliyev bu vəzifəyə gətirilib",- Mehman Əliyev deyib.

Şərhçi buna misal kimi Mədət Quliyevin rəhbərliyi zamanı DTX-nin orduda baş verən "casus əməliyyatı"-nın günahkarlarının aşkar edilib həbs edilməsini və zərərçəkmişlərin bəzilərinə bəraət verilməsini göstərir.

"Məsələn Tərtər işində, qanunsuz olaraq casus kimi qətlə yetirilən hərbçilərin işinin üzərini Dövlət Təhlükəsizlik Xidməti açdı. Təcrübə göstərdi ki, ordu, hərbi prokurorluq və DTX-nin mövqeləri fərqli idi. Yəni, DTX orduda baş verən məsələlərə başqa cür yanaşır. Bu mənada Mədət Quliyevin orduya bu nazirliyin vasitəsi ilə daha çox nəzarət imkanı yaranır",- Mehman Əliyev deyib.

Cənab Əliyev DTX-ya rəis kimi Əli Nağiyevin gətirilməsini isə onun işləri daha yaxşı bilməsi və köhnə xüsusi xidmət orqanları məktəbinin bərpası kimi şərh edir.

"O əvvəllər Eldar Mahmudovla konflikti olduğu üçün oradan uzaqlaşdırılmışdı. Sonradan bu orqana polis orqanlarından rəhbər təyinatlarının orada problemlər yaratdığını biz görmüşük", - Mehman Əliyev deyib.

"Vilayət Eyvazovun təpik-yumruq stilini hamı bilir"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə hesab edir ki, Ramil Usubovun "yaşı çatıb" və o hörmətli şəkildə daha az enerji tələb olunan işə keçirilib.

"Prezident heç bir nazirə ömrünün axırına kimi vəzifədə olacağı ilə bağlı söz verməyib. Azərbaycanda xeyli nazir vardı ki, 20-25 ildən çoxdur ki, vəzifədədir. Bu, anormal vəziyyətdir. Ramil Usubov 25 ildir vəzifədədir, bu biyabırçılıqdır, bir adam bu qədər müddət vəzifədə qalmamalıdır",- Zərdüş Əlizadə deyib.

Cənab Əlizadə bildirib ki, "İnkişaf etmiş ölkələrdə bir nazir beş ildən çox vəzifədə qala bilmir. Ramil Usubovun da yaşı artıb və bütün polis sistemi də onun adamlarıdır".

Onun sözlərinə görə, prezidentin cənab Usubovu DİN rəhbərliyindən çıxarması ona inamsızlıq deyil, çünki onları "ortaq mənafe birləşdirir".

"Bu dəyişikliklə onun səlahiyyətləri azaldılıb. Biri var Azərbaycanda ən çoxsaylı güc strukturuna əmr verən orqan, biri də var məşvərət statuslu vəzifədə oturan, prezidentin yanına girib sənədi qarşısına qoyan orqan",- Zərdüşt Əlizadə prezidentin son fərmanlarını belə şərh edib.

"Mədəq Quliyevin təyinatı prezidentin ona yaxın bir şəxsin vəzifəyə təyin edilməsidir. Bu o demək deyil ki, prezident Mədət Quliyevə inanmır, amma Əli Nağıyevə daha çox inanır",- cənab Əlizadə deyib.

Vilayət Eyvazovun DİN postuna gətirilməsi ilə isə DİN-nin funksiyalarının dəyişmədiyini deyən Zərdüşt Əlizadə ciddi dəyişiklik olmayacağına inanır.

"Ramil Usubov gedib Eyvazov gələndən sonra heç nə dəyişmir, stildə dəyişiklik ola bilər. Hər bir adamın öz üslubu var, o dəyişə bilər. Vilayət Eyvazovun təpik-yumruq stilini hamı bilir. Ramil Usubov isə özü səxsən heç kəsi döyməyib, vurmayıb onun idarə üsulları bilvasitədir. Vilayət Eyvazovun üsulları bilavasitədir",- Zərdüşt Əlizadə fikirlərini yekunlaşdırıb.

Image caption Alya Yaqublu

"Vilayət Eyvazov gətirilməsi gözlənilən idi"

"Uzun müddətdir Ramiz Mehdiyevin səhhəti yaxşı deyil ona görə onu dəyişmək lazım oldu. Onun yerinə də bir başqası deyil elə İlham Əliyevin atasından bu yana ən etibarlı kadrı Ramil Usubov uyğundur",-siyasi şərhçi Alya Yaqublu bildirib.

"Bu sərəncamı nə islahat kimi, nə İlham Əliyevin siyasətində yeni bir çalar kimi, nə hakimiyyət daxili grup mübarizəsi kimi qiymətləndirməzdim", o deyir.

"Bu dəyişikliyi Ramil Usubov üçün səlahiyyətlərin azaldılması hesab etmək olmaz. O indiyədək uzun illər Ramiz Mehdiyevin icra etdiyi vəzifəyə gətirilib. Böyük ehtimal onun dəyişdirilməsi lazım olub, amma biz daxildə nələr baş verdiyini hazırda bilmirik. Belə olur ki, kiminsə səhhətində nəsə problem olur biz bunu ancaq şaiyələrlə eşidirik",- Alya Yaqublu bildirib.

Alya Yaqublu Daxili İşlər naziri vəzifəsinə Ramil Usubovun "ən etibarlı kadrı" Vilayət Eyvazov gətirilməsinin gözlənilən olduğunu deyib.

"Mədət Quliyevin vəzifəsindən uzaqlaşdırılması bir az müəmmalıdır, daha çox şəxsi münasibətlərin çərçivəsində ola bilər. Bunu birmənalı olaraq onun səlahiyyətlərinin azaldılması kimi dəyərləndirmək olar. Onu heç kimə lazım olmayan bir nazirliyin başına gətirmək səlahiyyətlərin azaldılmasıdır. Bu nazirliyin lazım olmadığını da hakimiyyət özü nazirliyin ləğvi ilə bəyan etmişdi",- Alya Yaqublu Mədət Quliyevin DTX-nın rəisi vəzifəsindən çıxarılmasını belə şərh edib.

"Məşvərətçi qurumlar ənənəsi"

Siyasi şərhçi Rəşad Şirin deyir ki, "bu dəyişiklik prezidentin daxili komandasının təcrübəsinə güvəndiyi və loyallığına güvəndiyi insanlarla işləməyə davam etməsinin göstəricisidir".

"Ramil Usubovun vəzifəsinin dəyişdirilməsinə səbəb kimi inamsızlıq və ya güvənsizlik olduğunu düşünmürəm. Sadəcə olaraq uzun müddət o postda çalışdığından artıq onu əvəz etmək ehtiyacı var. Ramil Usubov sistemdə ən çox çalışmış və təcrübəsi olan insanlardandır. İndi təyin olunduğu vəzifə daha çox məşvərət vəzifəsi xarekteri daşıyır",- Rəşad Şirin deyib.

Rəşad Şirin deyib ki, Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi təyin olunması yeni bir ənənənin davamı kimi də şərh oluna bilər.

"Ola bilər ki, o vəzifədən uzaqlaşdırılıb və az fəaliyyəti olan bir qurumda işinə davam edəcək. Azərbaycanda belə bir ənənə var əslində. Keçmiş Bakı meri və digər vəzifələrdə çalışan insanlar olub ki, Nazirlər kabinetində və başqa qurumlarda işlərini davam etdiriblər. Düşünürəm ki, onları daha məşvərətçi qurumlara keçirmək ənənəsi formalaşır",- Rəşad Şirin belə hesab edir.

Şərhçi bildirib ki, "dəyişikliyin Rusiyanın təsiri ilə olması haqqında fikirlər səsləndirilir, amma bunların söykənəcəyi faktlar və məlumatlar olmadığı üçün bunlar elə spekulyasiya şəklində qalır".

Bu barədə daha geniş