İyulun 1-dən hansı depozitlər sığortalı sayılır? 3 suala cavabda

manat dollar Fotonun müəllifi REUTERS

Bu aydan banka qoyulan milli və xarici valyutadakı depozitlərdə sığortalanan faizin yuxarı həddi dəyişib. Bununla bağlı Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qərar verib.

İyulun 1-dən hansı depozitlər sığortalı sayılır?

İyulun 1-dən etibarən, banklarda milli valyutada illik 10 faizə qədər depozitə qoyulan əmanətlər sığortalanmış sayılır. Xarici valyutada isə 2,5 faizə qədər depozitə qoyulan əmanətlər sığortalanır.

Əvvəlki hədd milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz idi.

Məsələn, fiziki şəxs 10 min manatını iyulun 1-dən illik 11 faizlə depozitə qoyarsa, bank müflis olduğu təqdirdə, Əmanətlərin Sığortalanması Fondu bu əmanət üzrə kompensasiya verməyəcək.

Əmanətin sığortalanması üçün məbləğ və hesab məhdudiyyəti varmı?

Əmanətlərin Sığortalanması Fondundan BBC News Azərbaycancaya bildirilib ki, məbləğ üçün hər hansı məhdudiyyət tətbiq edilmir.

Yəni, istənilən fiziki şəxs istənilən məbləğdə pul vəsaitini illik 10 faizə qədər depozitə qoyarsa, bank müflis olduğu təqdirdə, o, öz əmanətini tam məbləğdə geri ala biləcək. Çünki bu ilin fevralında qanunvericlik yolu ilə əmanətlərin tam həcmdə sığortalanması bir il müddətinə uzadılıb.

O cümlədən, müştəri eyni bankda ayrı-ayrı depozit hesabı açarsa və iyulun 1-dən etibarən bu məbləğ milli valyutada 10 faizi, xarici valyutada 2,5 faizi keçməzsə, onun bütün depozitləri sığortalanmış sayıılacaq.

Əmanətçilər nəyə diqqət etməlidirlər?

Bu il iyulun 1-dək banklarda illik 15 faizə qədər qoyulan depozitlər müqavilə müddəti bitənə qədər qüvvədədir.

Adətən, müqavilə müddəti bitərkən müştəri depozitini geri çəkməsə, müqavilə eyni şərtlərlə avtomatik uzanır.

Əgər illik faizi 10-dan yuxarı olan depozit müqaviləsinin müddətinin uzanması 2019-cu il iyulun 1-dən sonrakı dövrə düşərsə, onun əmanəti artıq sığortalanmış sayılmayacaq.

Məsələn, ötən ilin avqust ayında illik 14 faizlə depozit qoyulmuş əmanətin müqavilə müddəti 1 illikdir və müddət başa çatdıqda əmanətçi depozitini geri götürmür və ya müqaviləni yeniləmirsə, bu zaman həmin müqavilə növbəti bir il üçün 14 faizlə uzadılır. Bu isə o deməkdir ki, artıq həmin əmanət sığortalanmış sayılmır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Bu barədə daha geniş