Azərbaycan məhkəmələri Avropa standartlarına uyğunlaşacaqmı?

Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin, keyfiyyətinin artırılmasına üçün layihənin təqdimatı
Image caption Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin, keyfiyyətinin artırılmasına üçün birgə layihənin təqdimatı

Azərbaycanda hakim korpusunun yaxşılaşdırılması üçün xeyli işlər görülür, xeyli cəzalandırılanlar və sistemdən uzaqlaşdırılanlar var. Ədliyyə nazirinin müavini Azər Cəfərov BBC News Azərbaycancaya bildirib.

Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin, keyfiyyətinin artırılması üçün birgə layihənin icrasına başlayıb. Layihənin məqsədi Azərbaycanın məhkəmə sistemini Avropa standartlarına uyğunlaşdırmaqdır.

Vəkil Əsabəli Mustafayev hesab edir ki, indiyə kimi məhkəmə sistemində müsbət dəyişiklər daha çox texniki sahədə, işçi personalının sayında baş verib, "nəinki müstəqil və ədalətli qərarların sayında".

Image caption Ədliyyə nazirinin müavini Azər Cəfərov

"İşlər daha yaxşı araşdırılmadığı üçün Avropa Məhkəməsinə çox şikayət gedir"

Ədliyyə nazirinin müavini Azər Cəfərov BBC News Azərbaycancaya açıqlamasında bildirib ki, müstəqil və qərəzsiz məhkəmə sisteminin qurulması dövlətin prioritetlərindən biridir.

Onun fikrincə, Azərbaycan məhkəmələrindən Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayı "nisbətlə götürüləndə çox deyil".

"Hakim korpusu yaxşılaşdırılır"

Ədliyyə nazirinin müavini hesab edir ki, Avropa məhkəməsinə şikayətlər daha çox məhkəmə araşdırılmasının kifayət qədər aparılmaması ilə bağlı olur.

O düşünür ki, ölkədə məhkəmə sistemi elektronlaşdırıldıqca, şəffaflıq artacaq:

"Elektron məhkəmə sisteminə daxil olub şəffaf şəkildə məlumatlar almaq olar. Bu, hakimi işinə daha məsuliyyətlə yanaşmağa vadar edəcək. Artıq məhkəmə binaları, müasir binalar inzibati və ictimai zonalara bölünür. Hakimlə ictimaiyyətin əlaqəsi yalnız məhkəmə zalında baş tutur. Bu da onunla əlaqədardır ki, hər hansı qeyri-prosessual əlaqələr baş verməsin".

Azər Cəfərov əlavə edib ki, bütövlükdə hakim korpusunun yaxşılaşdırlması üçün xeyli işlər görülür, xeyli cəzalandırlanlar və sistemdən uzaqlaşdırılanlar var. "Azərbaycanda hakim seçimində ən mütərəqqi qaydalar tətbiq olunur və hazırkı hakimlərin 60-70 faizi yeni qaydalarla seçilmiş hakimlərdir", o deyib.

Avropa Şurasının Azərbaycan məhkəmə sisteminin keyfiyyətinin yaxşılaşdırılmasına hesablanmış layihənin təqdimetmə mərasimində qurumun Ədliyyə və Hüquqi Əməkdaşlıq Departamentinin rəhbəri Hanne Yunker deyib ki, onların məqsədi Azərbaycanın məhkəmə sistemini Avropa standartlarına uyğunlaşdırmaqdır.

"İşlərə müstəqil baxılmasında elə də böyük nəticə görmürəm"

Vəkil Əsabəli Mustafayev beynəlxalq təşkilatlar tərəfindən hüquqi müstəvidə belə layihələrin icrasının tərəfdarıdır.

"Vəkil kimi isə praktiki olaraq nəticələri görmək imkanına malikik. On il əvvəllə müqayisədə məhkəmə sistemində dəyişiklik var, bu kimi layihələr icra olunub. Ancaq bu dəyişikliklər hamısı texniki cəhətdəndir. Maddi-texniki baza, resurslar möhkəmləndirilir, işçi personalı artır. Təəssüf ki, mahiyyət etibarı ilə işlərə müstəqil baxılmasında mən elə böyük nəticələr görmürəm", Əsabəli Mustafayev deyib.

Onun sözlərinə görə, vəkil kimi iştirak etdiyi işlərdə kütləvi gizli korrupsiya hallarına, sifarişli hökmlərə rast gəlib.

"Məsələn, əgər beş il əvvəllə müqayisədə indi Azərbaycanda bəraət hökmləri faiz etibarilə artardısa və ya birinci instansiya məhkəməsinin qərarlarından 80-90 faiz şikayət verilirdi, amma indi bu rəqəm 60 faiz olardısa, onda deyə bilərdik ki, müsbət nəticə var".

Amma o yenə də belə layihələrin məhkəmənin şəffaflığına təsiri olacağına ümid edir.

Bu barədə daha geniş