Sübhan Məmmədli saat barədə "danışmaq istəmir"

Rəşad Abdullayev 1 milyon saat Fotonun müəllifi Richard Baker
Image caption Oğurlanmış Richard Mille/McLaren saatının dəyəri 1.2 milyon avrodur.

İspaniyanın İbiza şəhərində bir turistdən 1.2 milyon avro - 2 milyon manatdan çox dəyəri olan saat oğurlanıb.

Bu turistin azərbaycanlı nazirin oğlu olması barədə yayımış məlumatlar bu gün Azərbaycanda sosial medianı çalxalayıb.

Beynəlxalq mediada yayılmış iddialara görə, bu şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədovun oğlu, 22 yaşlı Sübhan Məmmədlidir.

Ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BBC-ə deyir ki, "oğurlandığı deyilən satin sahibi Sübhan Məmmədli deyil. O heç vaxt İbizada olmayıb".

Mediadakı iddialarda Sübhan Məmmədlinin London universitetlərindən birində oxuduğu yazılsa da, Anar Nəcəfli bu məlumatların da yanlış olduğunu deyib.

O, Sübhan Məmmədlinin Londonda nə işlə məşğul olması barədə suala cavab verə bilməyəcəyini deyib.

Sübhan Məmmədli nə deyir?

Londonda yerləşən Splento Ltd adlı şirkətin direktoru Sübhan Məmmədlinin də 22 yaşı var - o, 1997-ci ildə doğulub, şirkətin saytında yerləşdirilmiş məlumatda belə deyilir.

Bəs Sübhan Məmmədlinin saatının İbizada oğurlanması xəbərləri doğrudurmu?

"O bu barədə danışmaq istəmir", Splento Ltd şirkətinin Kseniya adlı əməkdaşı BBC News Azərbaycancaya telefon danışığı zamanı deyib.

Redaksiyamıza Splento Ltd-dən göndərilən emailda isə "Bu səhv məlumatdır" mənasını verən "It is a fault information" cümləsi yazılıb.

"Sübhan Məmmədli müsahibə vermək istəmir", şirkətin əməkdaşı deyib.

Anar Nəcəfli isə Sübhan Məmmədlinin hazırda Bakıda olduğunu bildirib.

Oğurlanmış saat Richard Mille və McLarenin birgə istehsalıdır, dünyanın ən bahalı saatlarındandır və Formula 1 oyunlarından ilhamlanaraq yaradılıb.

Splento Ltd

Splento Ltd Londonun mərkəzində yerləşən və saytda yazıldığına görə, "Fotoqraf xidmətləri göstərən" şirkətdir.

Saytdakı məlumatlarda Sübhan Məmmədlinin şirkətə 2018-ci ilin dekabr ayında direktor təyin olunduğu bildirilir. Britaniya hökumətinin şirkətlərə dair kataloqunda isə, onun 2019-cu ilin fevral ayında direktor kimi Londondakı fərqli ünvanda qeydiyyatdan keçdiyi bildirilir.

Məlumatda onun milliyyətcə azərbaycanlı olduğu yazılıb.

Şirkətin səhmlərinin 50 faizdən çoxu Roman Grigoryev adlı şəxsə məxsusdur, saytda yazılıb.

Bu ilin mart ayının sonuna olan məlumata görə, şirkətin kapitalı 1 milyon funt sterlinqdən çoxdur.

İspaniya

Xəbərlərə görə, azərbaycanlı turist İbizada dəniz kənarında dostu ilə yeriyirmiş və birdən oğru ona hücum edib. Hadisə zamanı o, əlindən və qolundan yara alıb.

Azərbaycanın İspaniyadakı səfirliyinin 3-cü katibi Namiq Ramazanov deyib ki, azərbaycanlının bahalı saatının oğurlanması məsələsini mətbuatdan öyrəniblər, amma onlara heç bir azərbaycan vətəndaşı bu məsələ ilə bağlı şikayət etməyib.

Səfirliyin rəsmisi deyib ki, onlar İspaniya rəsmi qurumlarına bu məsələ ilə bağlı sorğu veriblər, ancaq hələ ki, heç bir cavab almayıblar.

Namiq Ramazanov bildirib ki, mətbuatda gedən məqalədə "ad, soyad, ünvan olmadığından" onlar geniş araşdırma edə bilmirlər.

Bu barədə daha geniş