Baş Prokurorluq: "Aydın Qurbanova işgəncə verilməyib"

Gəncə şəhər icra hakimiyyətinin binası
Image caption Gəncə şəhər icra hakimiyyətinin binası

"Aydın Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülmüş və orada intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat etmişdir".

Bu, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə məlumatında deyilir.

Gəncə hadisələri ilə bağlı həbs olunmuş Aydın Qurbanovun vəkili Aqil Layic BBC News Azərbaycancaya bildirib ki, Aydın Qurbanov onkoloji xəstəlikdən əziyyət çəkib.

Ötən il iyulun 10-da Gəncədə iğtişaş baş vermiş, iki polis zabiti öldürülmüşdü. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Rəşad Böyükkişiyev əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən öldürülmüşdü.

Bundan sonra Gəncə hadisələri ilə bağlı onlarla adam həbs olunmuş və bəziləri sonradan sərbəst buraxılmışdı.

Vəkili Aqil Layic deyir ki, Aydın Qurbanov qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma maddəsi ilə ittiham edilirdi.

"Onun istintaqı hələ başa çatmamışdı. Barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı keçirilən məhkəmə proseslərində vəkilləri dəfələrlə vəsatət qaldırmışdı ki, səhhətinə görə Aydın Qurbanov sərbəst buraxılsın", vəkil əlavə edib.

Aqil Layicə görə, həbsxana şəraiti Aydın Qurbanovun xəstəliyini şiddətləndirib, son günlərində isə o, Penitensiar Xidmətin Tibb Mərkəzində müalicə alıb.

Aydın Qurbanovun ailəsi BBC News Azərbaycancaya bildirib ki, hazırda Bakıdadırlar və onun nəşini götürüb Gəncəyə qayıdacaqlar.

"Dəfn Gəncədə olacaq", Qurbanovun ailəsi bildirib.

Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti Qurbanova həbsxanada işgəncə verilməsi iddialarını təkzib edib.

Məlumatda deyilir ki, Aydın Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar bu il mayın 31-də məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib.

"İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmamış, eləcə də müalicə aldığı dövrlərdə müayinə zamanı və vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir", qurumların bəyanatında deyilir.

Keçən il iyulun 10-da Gəncə hadisələrinin baş verməsindən bir həftə qabaq, iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd baş vermiş, hakimiyyət bunu və 10 iyul hadisələrini bir qrup şəxsin ölkədə "terror törətmə cəhdi" kimi qiymətləndirmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş